Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 06:35

Rəsmən 180, faktiki 7-8 min manat maaş alan həkimlər...


Leyla Şıxlinskayanın rəhbərlik etdiyi, onun adını daşıyan klinika

Xalq artisti Leyla Şıxlinskayanın rəhbərlik etdiyi, onun adını daşıyan klinikanın göz həkimi Namiq Mustafayev rəsmi sənədlərə görə, klinikadan 180 manat, faktiki isə 7-8 min manat maaş alırmış.

Bunu N.Mustafayev özü yanvarın 19-da məhkəmədə təsdiqləyib. O, Leyla Şıxlinskaya klinikasının 7 nəfər keçmiş işçisinin məhkəməsində ifadə verib. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Şəhla Abbasova (baş mühasib), Polad Əliyev (baş mühasibin müavini), Səkinə Qasımova (mühasib), Aytən Hüseynova (kassir), Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayeva CM-nin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə təqsirləndirilir. Keçmiş işçilərini klinikaya daxil olan vəsaitləri mənimsəməkdə suçlayan Şıxlinskaya onların cinayət məsuliyyətinə cəlb olunması ilə kifayətlənmir, 804 min 343 manat da pul tələb edir. Xalq artistinin nümayəndəsi məhkəmədə bu məbləğdə mülki iddia qaldırıb.

Buna da bax: Xalq artisti keçmiş işçilərindən 804 min pul tələb edir

Məhkəmədə şahid kimi ifadə verən Namiq Mustafayev Mərkəzi Neftçilər Xəstəxanasında da çalışır. Dediyinə görə, əsas iş yeri də elə oradır, Leyla Şıxlinskaya klinikası ilə əməkdaşlıq edib.

N.Mustafayev söyləyir ki, özəl klinikada göz əməliyyatları edib. Hər əməliyyata görə pulu isə bir həftə sonra klinikanın kassasından alıb.

“Hər əməliyyatın öz qiyməti var. Yəni qiymətlər standart deyildi. Məndə əməkhaqqı kartı olmayıb. Amma ayda 7-8 min manat pul almışam”, – göz həkimi ifadəsində belə deyib.

“Əməkhaqqı kartlarında maaş az göstərilirdi”

Təqsirləndirilən şəxslərdən keçmiş baş mühasib Şəhla Abbasova bu şahidlə bağlı məsələyə aydınlıq gətirib. Bildirib ki, həqiqətən ona dediyi məbləğdə əməkhaqqı verilirdi. Amma rəsmi sənədlərdə onun maaşı 180 manat göstərilmişdi. Çünki klinikanın rəhbərinin göstərişi belə olub: “Bizdən kart sisteminə keçməyi tələb etmişdilər. Biz də bütün işçilərin adına əməkhaqqı kartı açmışdıq. Amma orada maaş az göstərilirdi”.

Buna da bax: 'Leyla Şıxlinskaya'nın işçiləri məhkəmə qarşısında - 700 min manatlıq suçlama

Uşaq cərrahı Pərviz Səmədov, ginekoloq Nuriyyə Qədirova da bənzər ifadələr veriblər. Bildiriblər ki, hər əməliyyatın qiyməti, aylar üzrə aldıqları əməkhaqqılar fərqli olub. Onlar aldıqları əməkhaqqının məbləği haqda konkret rəqəm söyləməyiblər. Amma deyiblər ki, onlara vəd edilən məbləği vaxtında alıblar.

O da məlum olub ki, adları çəkilən həkimlərin adına əməkhaqqı kartları çıxarılıb. Amma həmin kartlar özlərinə verilməyib. Onların da rəsmi maaşı 180-200 manat civarında olub.

“Şıxlinskaya açarı verib dedi ki, o otağa daxil olum...”

Buna da bax: Keçmiş baş həkim: ‘Elə xəstələr var, əməliyyatdan sonra 20 min borcu qalıb’

Klinikanın mühafizə xidmətinin rəhbəri olmuş İlqar Həsənov, IT mütəxəssisi Nuru Nuriyev L.Şıxlinskayanın göstərişi ilə baş mühasibin otağına gizli daxilolmadan, onun kompüterinə müdaxilədən danışıblar.

İ.Həsənov deyib ki, klinikada kompüter sistemilə bağlı işlərə baxan N.Nuriyev günlərin birində işdən sonra gəlib və mühasibin otağına gedib. Onlar da bundan xəbər tutan kimi məsələdən hazırda məhkəmə qarşısında olan mühasibi xəbərdar ediblər. Elə bu xəbərdarlıqdan da iki gün sonra klinika rəhbərliyi İ.Həsənovu mühafizə xidmətinin rəisi vəzifəsindən çıxarıb: “Məni adi mühafizəçi təyin etmək istədilər, razılaşmadım, ərizəmi yazıb işdən çıxdım”.

N.Nuriyev də ifadəsində mühasibin otağına getdiyini təsdiqləyib: “Məndən Leyla xanım xahiş etmişdi ki, sənədləri “kopyalayım”. Həmin vaxt audit yoxlama gəlmişdi. Mən də onun dediyini eləmişəm. Otağın açarını da mənə Leyla xanım vermişdi. Mən məlumatları aparıb ona verdim və bu haqda heç kimə heç nə demədim”.

Buna da bax: 'Elə həkimlər var, 30 min maaş alırdı, rəsmi sənəddə az göstərilirdi'

Təqsirləndirilən mühasib Şəhla Abbasova əlavə edib ki, onun otağına və kompüterinə gizli müdaxilə klinikadakı kameralara düşüb. Sonradan N.Nuriyev həmin görüntüləri silib.

Məhkəmədə zərərçəkmişin təmsilçisi qismində Leyla Şıxlinskayanın nümayəndəsi iştirak edir. O, xalq artistinin ünvanına səslənən ittihamlara heç bir cavab verməyib.

İşi araşdıran hakim Əfqan Hacıyev məlumat verib ki, iş materiallarında Ş.Abbasovanın kompüterinə müdaxilə barədə ekspert rəyi var, növbəti məhkəmə iclasında elan olunacaq. Şahid N.Nuriyevə də xəbərdarlıq edib ki, bu məsələ araşdırılanda bir daha məhkəməyə gəlməlidir.

Bu iş üzrə növbəti məhkəmə iclası isə yanvarın 30-na təyin olunub.

Xatırlatma

Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi aparıb. İstintaq və məhkəmə dövrü üçün təqsirləndirilən şəxslərin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş üzrə zərərçəkmiş qismində tanınan L.Şıxslinskayanın vəkili isə onların məhkəmə dövründə həbsdə saxlanması haqda vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.

Təqsirləndirilən şəxslər özlərini günahkar saymır və L.Şıxlinskaya ilə münasibətləri pisləşdiyinə və işdən çıxmaq istədiklərinə görə klinika rəhbərinin onları şərlədiyini bildirirlər.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində klinikanın keçmiş işçiləri ilə bağlı araşdırma aparılarkən vergidən yayınma halları aşkarlanıb. Bununla əlaqədar cinayət işi ayrılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Vergidən yayındırıldığı iddia olunan məbləğin isə bir neçə milyon manat olduğu bildirilir.

L.Şıxlinskaya da rəhbərlik etdiyi klinikaya qarşı vergidən yayınma ittihamı ilə cinayət işi başlandığını mediaya təsdiqləyib:

“Mənim günahım varsa, cavab verməli olacam. Klinikada maliyyə məsələlərinə cavabdeh deyiləm. İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq, maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza ata bilər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG