Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Leyla Şıxlinskayanın işçisi: ‘O qadının qısqanclığı bizi bu duruma saldı’


Leyla Şıxlinskaya klinikada maliyyə məsələlərinə cavabdeh olmadığını deyib
Leyla Şıxlinskaya klinikada maliyyə məsələlərinə cavabdeh olmadığını deyib

“Bu, Leyla Şıxlinskaya ilə onun kassiri Nadejda Kaysının oyunu idi. Bu cinayət işi qadın qısqanclığının nəticəsidir. O qadının (Leyla Şıxlinskayanı nəzərdə tutur-red.) qısqanclığı bizi bu səviyyəyə gətirib çıxardı...” - Polad Əliyevin məhkəmədə dedikləridir.

O, “Leyla Şıxlinskaya Klinikası”nda baş mühasibin müavini olub. 1 il 3 aydır ki, daha altı nəfər iş yoldaşı ilə məhkəmə qarşısındadır. Məhkəmədən öncə də 5 il 5 ay istintaq gedib. Onlar klinikanın rəhbəri, xalq artisti Leyla Şıxlinskayanın şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar, klinikanın 804 min manat vəsaitini mənimsəməkdə ittiham olunurlar.

Amma heç biri özlərini təqsirli bilmir. Fevralın 19-da məhkəmədə son sözlərində də deyiblər ki, günahları yoxdur, Leyla Şıxlinskaya onları şərləyib.

Öncə təqsirləndirilən şəxslərin vəkili çıxış edib. O deyib ki, təqsirləndirilən şəxslərin klinikaya 804 min ziyan vurduğu iddia olunur, bunun da 768 mini “qara mühasibatlıq” əsasında, qeyri-rəsmi sənədlərlə hesablanıb. Ortada cəmi 35 min 617 manatlıq rəsmi sənədlər var.

“Şəhla Abbasova və Polad Əliyev 35 min 617 manatı kartdan çıxarıb gətirib kassir Nadejda Kaysına verib. O da həkimlərə zərflərdə verirdi. Kaysın deyir ki, istintaqa həmin zərfləri təqdim edib, amma iş materiallarında yoxdur. Hanı zərflər?”– vəkil çıxışında deyib.

Müdafiəçi bildirib ki, klinikanın keçmiş baş mühasibi, təqsirləndirilən Şəhla Abbasova dəfələrlə işdən çıxmaq istəyib, amma Leyla Şıxlinskaya imkan verməyib, onun ərizəsini alıb cırıb: “Axırıncı dəfə də deyib ki, getmək istəyirsənsə, biz sənin üçün yol taparıq, birbaşa türməyə...”

Leyla Şıxlinskayanın məhkəmədə nümayəndəsi Günay Sultanova Xalq artistinin 804 min manatlıq mülki iddiasının təmin olunmasını, bu vəsaitin təqsirləndirilən şəxslərdən alınıb ona ödənilməsini istəyib. Nümayəndə “qısqanclıq” iddialarına münasibət bildirməyib.

Ardınca klinikanın keçmiş işçiləri son sözlərini deyiblər.

“Bircə bunu deyə bilərəm ki, mən heç bir cinayət törətməmişəm. Sizdən də xahiş edirəm, bəraət hökmü çıxarasınız”, - sabiq baş mühasib Şəhla Abbasova belə deyib.

Onun müavini Polad Əliyev də günahsız olduqlarını vurğulayıb: “Biz o arvadın bir manatını da mənimsəməmişik. Hamısı şər-böhtandır. Əgər biz o pulu yemişiksə, o zaman kassir Nadejda Kaysın da bizimlə burada olmalıydı. Amma yoxdur. Çünki bu, Leyla Şıxlinskaya ilə Kaysının ikisinin birlikdə hazırladığı oyundur”.

Digər təqsirləndirilən şəxslər də məhkəmədən ədalətli hökm çıxarılmasını, onlara bəraət verilməsini xahiş ediblər.

Təqsirləndirilən şəxslərin son sözündən sonra Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib.

Xatırlatma

Klinikanın keçmiş əməkdaşlarına CM-nin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib.

Şıxlinskaya keçmiş işçilərini klinikaya daxil olan vəsaitləri az göstərməkdə, gəlirləri mənimsəməkdə ittiham edir.

Təqsirləndirilən əməkdaşlar isə deyirlər ki, Leyla Şıxlinskaya özü gəlirlərin az göstərilməsi, işçilərin maaşının rəsmi sənədlərdə faktiki verildiyindən dəfələrlə aşağı yazılması haqda göstəriş vermişdi. Məqsəd isə verginin məbləğinin aşağı olması idi.

Təqsirləndirilən şəxslər həbsdə deyil. Prokuror çıxışında onların məhkəmə zalından həbs olunmasını, Şəhla Abbasova və Polad Əliyevin hər birinin 9 il, Yelena Abdullayevanın 2 il, qalan 4 nəfər – mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Mədinə Hüsüyeva və Nigar Rzaquliyevanın isə 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Bu iş üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedəndə klinikanın vergidən yayınması ilə bağlı yeni hallar aşkarlanıb. Bununla əlaqədar daha bir cinayət işi ayrılaraq, araşdırılması üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Orada söhbət milyonlarla manatlıq vergi yayınmasından gedir.

Leyla Şıxlinskaya isə rəhbərlik etdiyi klinikada maliyyə məsələlərinə cavabdeh olmadığını deyib: “İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq, maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza ata bilər”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG