Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:33

Lerikin 50-dən çox kəndində elektrik kəsilib


Əkin sahələri su altında qalıb
Əkin sahələri su altında qalıb

Lerik və Yardımlı ərazilərində yağan qar fəsadlar törədib. Lerik şəhərində qarın qalınlığı 70-80 santimetr, kəndlərdə isə bir metri keçdiyi bildirilir.

"Yollarda problem var"

Rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikovun verdiyi məlumata görə, Lerik-Lənkəran yolu açıq olsa da, kəndlərə gedən bəzi yollar bağlıdır: "İki gündür qar yağır. Kəndlərə gedən yollarda problem var. Dünən, martın 20-də yolları acdıq, gecə yenə qar yağdı. Haradasa 50-dən çox kənddə elektrik enerjisi kəsilib. Elektrik xətləri 60-cı illərdən qalan xətlərdir. Meyvəçiliyə ziyanı ola bilər. Ziyanı dəqiqləşdiririk. Səhərdən qüvvələri səfərbər etmişik. İş ondadır ki, qar davamlı şəkildə yağır, imkan vermir".

Yardımlı rayonunun Dəlləkli kənd sakini, ictimai fəal Zabit Cəlilovun verdiyi məlumata görə də, yağan qarın nəticəsində yollar bağlanıb, elektrik enerjisi bəzi yerlərdə kəsilib. Amma bu rayonun rəsmiləri ilə, hələlik, danışmaq mümkün olmayıb.

Çaylar daşıb...

Masallı, Cəlilabad, Lənkəran rayonlarında isə sel sularının fərdi ev və əkin sahələrinə ziyan vurduğu deyilir. Sakinlərin vurğulamasına görə, Masallı rayonunda Alvadıçayın daşıması nəticəsində əkin sahələri və evləri su basıb. 10-dan çox ailənin təxliyə olunduğu qeyd edilir. Təzə Alvadı kənd icra nümayəndəsi Fəxrəddin Məmmədov əlavə texnikaya ehtiyac olduğunu deyir.

Cəlilabad sakinləri isə kartof və çiyələk sahələrinin su altında qaldığını bildirirlər. Cəlilabad ərazisindən keçən Mişarçayın daşdığı qeyd edilir. Nəticədə Masallı rayonunun Təklə kəndinin əkin sahələrini su basdığı söylənir. Kənd sakini Səmədağa Həmidov deyir ki, əllərindən heç nə gəlmir: "Cəlilabad rayonundan gələn Mişarçay bizdən də keçir. Çay daşıb. Əkin sahələrimiz əldən getdi".

Yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün Fövqəladə Hallar Nazirliyin (FHN) əməkdaşları yerlərdə işləyirlər. Baş verənlərlə bağlı nazirlik də ayrıca açıqlama yayıb.

Nazirlikdən açıqlama

FHN-dən martın 21-də bildirib ki, Masallı rayonunun Boradigah kəndində, Cəlilabad şəhəri, rayonun Göytəpə şəhəri, Təzəkənd kəndində, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində təxliyə və suçəkmə tədbirləri həyata keçirilib: "Masallı, Cəlilabad rayonlarının su basmış ərazilərindən 25 nəfər, qarlı-şaxtalı havada Cəbrayıl şəhərində bir və Cəlilabad rayonunun Kövüzbulaq kəndində beş köməksiz vəziyyətdə qalmış avtomobil içərisindəki vətəndaşlarla birlikdə təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər".

Nazirlik bundan əvvəl də rayonlarda təxliyə işləri görmələrinə dair açıqlama yaymışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG