Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 20:08

Fevralın 23-ü səhər Lerik rayonunun Orand kəndində Əhliman Mustafayevə məxsus ev qar uçqunu altında qalıb.

Nəticədə ailənin 4 üzvü həlak olub. Onlar ailənin xanımı Şövkət, gəlini İlahə, nəvələri Zəhra və Uğur Mustafayev olub.

Uçqun altından qalan biryaşlı Elxan Mustafayevi isə xilas etmək mümkün olub. Həmin uşağın indi xəstəxanada olduğu bildirilir.

Uçqun baş verərkən ailənin başçısı Vüqar Mustafayev və oğlu mal tövləsində olublar.

Əhliman Mustafayevin bacısı oğlu Vüqar Mustafayev hadisəni belə nəql edir: «Qar uçub, ev qarın altında qalıb. Başqa səbəb yoxdur».

«AİLƏNİ KÖÇÜRSƏYDİLƏR, HEÇ KİM ÖLMƏZDİ»

Ancaq Lerik rayonunun Veri kənd sakini Azər Kazımzadənin deməsinə görə, həmin ev qəzalı vəziyyətdə olub: «Ev qəzalı vəziyyətdə olub, bu barədə rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikova dəfələrlə deyilib. Onlar oradan köçməli idilər, çünki orda ailə yaşaya bilməzdi. Kasıb adamdır, ev tikə bilməyib. Bu kənd 10 gündür qarın əhatəsindədir. Yol işləməyib. Bizim kənd dünənə kimi qarın mühasirəsində idi. Bir ay idi ki yol bağlı idi. Lerik rayonunda qəzalı vəziyyətdə olan yüzlərlə ev var. Bizim kənddə 15 belə ev var. Ailəni köçürsəydilər, bu gün orda heç kim ölməzdi».

Lerik rayon İcra Hakimiyyətinin müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov da deyir ki, faciə qar uçqunu səbəbindən baş verib: «Qar uçqunudur, ev qarın altında qalıb».

İCRA HAKİMİYYƏTİ NƏ DEYİR?

Habil Məlikov daha sonra deyib: «Yardımlara rayon icra hakimiyyəti baxmır. Bu məsələlərə Fövqəladə Hallar Nazirliyi baxır. İcra hakimiyyəti dəfni təşkil edib. Dünən çadır qura bilmədik, mümkün olmadı. Qarlı havadır, çovğundur. Ailəni yerləşdirdik yaxınların yanında. Ölənlər bu gün dəfn olunub».

Habil Məlikovun deməsinə görə, ev köhnə olmayıb: «Min illərdir bu kəndə yaşayırlar, belə hadisə olmayıb. Tarixi kəndir. Orada tarixi abidələr var. Kəndin 2 minə yaxın əhalisi var. Mərkəzdən 16 kilometr aralıdır. Yolu çox çətinliklə keçdik. Yolu təmizləmişdik. Gecə külək əsib, yolu yenidən bağlayıb. Saat 12-də çıxdıq, saat 4-də kəndə çatdıq. Qayıdanda yenə yolun bağlı olduğunu gördük. Yolu açıq saxlamaq mümkün deyil. Ev 1989-cu ildə tikilib. Dağılan hissəsi isə 2014-2015-ci illərdə inşa edilib. Ev təzə idi, köhnə deyildi. Evin arxasında 150 metr hündürlükdə dağ var. Yuxarıdan gələn qar evin üstünə tökülüb».

XS
SM
MD
LG