Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 08:40

Özünü polis şöbəsinin 3-cü mərtəbəsindən atıb [yenilənib]


Yaqut Əliyeva. Foto: virtualaz.org

Lənkəran rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün Yaqut Əliyevanın rayonun polis idarəsində işgəncələrə məruz qaldığı bildirilir.

Virtualaz.org-un xəbərinə görə, qadın polisdə döyüldüyünü bildirib. Qadın polis idarəsində namusuna toxunacaqlarından ehtiyat edərək, özünü 3 mərtəbədən atdığını iddia edib.

Y.Əliyevanın hazırda 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirildiyi, sağlıq durumunun ağır olduğu söylənir.

Buna da bax:​ 'Həkim təcrübəlidir, bizə dedi ki, adam yıxılmaqla belə xəsarət almaz'

Zərərçəkmiş döyülməsinin səbəbini 4 il əvvəl qonşuluqda baş verən ölüm hadisəsinin onun boynuna qoyulması ilə izah edib. Y.Əliyevanın deməsinə görə, bir müddət öncə qonşuluqda yaşayan iki bacıya 900 manat borc pul verib. Lakin borcunu geri istədikdə, bacılar onu hədələyiblər, polisə 2013-cü ildə yanaraq ölən qonşuları Fəxriyyə Hüseynovanı onun öldürdüyünü söyləyəcəklərini bildiriblər.

«Dedi, toka qoşun»

Zərərçəkmişin sözlərinə görə, dekabrın 28-də axşam vaxtı namaz qılmağa hazırlaşarkən, mülki geyimdə olan 5 polis əməkdaşı qəfil evinə daxil olub və onu polis idarəsinə aparıblar. «Məni bir gecə orada saxladılar. Ertəsi gün Lənkəran Polis Şöbəsinin rəis müavininin otağına apardılar. O, polislərə dedi ki, aparın bunu «toka» qoşun. Orada rəis müavinin gözünün qarşısında kötək ilə döydülər. Başıma, bədənimə, hara gəldi təpikləyirdilər. O qədər döydülər ki, huşumu itirdim. Deyirdilər ki, Fəxriyyəni öldürdüyümü boynuma alım. Hətta zorla mənə hansısa kağıza imza da atdırdılar», - deyə Y.Əliyeva bildirib.

Buna da bax: Qaz idarəsinin şöbə rəisinin düyünə düşmüş ölüm işi

Yaqut Əliyeva. Foto: virtualaz.org
Yaqut Əliyeva. Foto: virtualaz.org

Zərərçəkmişin bildirməsinə görə, polis idarəsində döyüləndən sonra onu Lənkəran Rayon Prokurorluğuna aparıblar. Qadın orada başına gətirilən işgəncələri danışaraq, qonşunun ölümünün zorla boynuna qoyulduğunu bildirib. Prokurorluqda ifadəsi alınaraq buraxılsa da, qapıdan çıxarkən polis əməkdaşları ondan əl çəkməyiblər. Qollarından tutub yenidən bölməyə gətiriblər. Y.Əliyevanın deməsinə görə, bu dəfə daha möhkəm döyülüb və ondan prokurorluqda verdiyi ifadəni dəyişdirməsini istəyiblər.

Hazırda xəstəxanaya yerləşdirilən Y.Əliyevaya onurğanın bel nahiyəsinin qapalı travması, hər iki dirsək sümüklərinin oynaqdaxili sınıqları, baldır oynağın, qamış sümüyünün sınıq-çıxığı, topuğun, daban sümüklərinin və şaxələrinin sınıqları diaqnozu qoyulub.

İddialara Lənkəran Rayon Polis Şöbəsindən də münasibət almaq mümkün olmayıb.

Buna da bax:​ 'Polisdə qohumun varsa, adam bıçaqlaya bilərsən'

DİN-in məlumatı

DİN-in dekabrın 31-də yaydığı məlumatlardan birində Yaqut Əliyevanın adı keçirdi.

DİN-in həmin məlumatında qeyd edilirdi ki, 2013-cü il mayın 15-də Lənkəran rayonunun Şürük kəndində yaşayan Zəngilan rayon sakini Fəxriyyə Hüseynovanın qətlini törədənlər tutulub.

«Lənkəran şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə qeyd edilən tarixdə F.Hüseynovanın evinə qarət məqsədilə gəlmiş qonşuları Elgün Həşimov, Yaqut Əliyeva və Xanım Həsənovanın onu elektrik sobasının üstünə itələyib yıxaraq, oradan 9100 manat pul, qızıl əşyalar aparmaları müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə E.Həşimov, Y.Əliyeva və X.Həsənova saxlanılıblar», - məlumatda deyilirdi.

Buna da bax: 'Təkadamlıq kameraya salıb səhərəcən döydülər' [yenilənib]

Ehsan Zahidov: “Heç bir işgəncə, döymə olayı olmayıb”

DİN-nin mətbuat xidmətindən Ehsan Zahidov “Turan” Agentliyinə işgəncə xəbərlərini təkzib edib. O, Y.Əliyevanın ötən ilin son günlərində qətldə şübhəli qismində saxlandığını deyib.

“Daxili İşlər Nazirliyi dekabrın sonunda Y.Əliyevanın saxlanılması haqqında məlumat yaymışdı. O və daha iki nəfər 2013-cü il mayın 15-də Lənkəran rayonunun Şürük kəndində yaşayan Zəngilan rayon sakini Fəxriyyə Hüseynovanın qətlinə görə saxlanılıblar. Yaqut Əliyeva Lənkəran r Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Fəxriyyə Hüseynovanın evinə qarət məqsədilə gəlmiş qonşuları ilə birgə saxlanılıb. Həmin şəxslərin F.Hüseynovanın elektrik sobasının üstünə itələyib yıxaraq, oradan 9100 manat pul, qızıl əşyalar aparmaları müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə E.Həşimov, Y.Əliyeva və X.Həsənova saxlanılaraq polis idarəsinə gətiriliblər. Polisdə onların ifadələri alınıb və cinayəti törətdiklərini etiraf ediblər”, deyən DİN rəsmisinin sözlərinə görə, polisdə olarkən Y.Əliyeva ayaqyoluna getmək bəhanəsi ilə dindirildiyi otağı tərk edib. Daha sonra özünü idarənin binasının 3-cü mərtəbəsindən aşağı atıb.

“Görünür, ifşa edildiklərini, cəza çəkməli olduğunu anladığından belə addım atıb. Onlara qarşı heç bir döymə, işgəncə baş verməyib”, E.Zahidov bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG