Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:14

Yağışdan sonra Şilavarda ya ayaqyalın, ya da uzunboğazda gəzirlər


Yağış yağanda Şilavarda problemlər üzə çıxır
Yağış yağanda Şilavarda problemlər üzə çıxır

Bakı-Astara yolunun sağ tərəfində Lənkəran şəhəri, sol tərəfində Şilavar kəndi yerləşir.

Yağış yağanda Şilavarda problemlər üzə çıxır. Kəndin ara yollarını su tutur, evləri su basır. Son günlər yağan yağış da eyni mənzərə yaradıb.

Kənd sakini Əfqan Əliyevin sözlərinə görə, onun yaşadığı məhəllə bərbad vəziyyətdədir. Artıq 3-4 gündür, bu ağır vəziyyət davam edir:

«İki gündür övladlarım məktəbə gedə bilmir»

«İki gündür övladlarım məktəbə gedə bilmir. Maşın yox. Dizdən yuxarı sudur. Kanallar hamısı tutulub»

Əfqan Əliyev bildirir ki, uzunboğaz çəkmə ilə çətinliklə yolu keçə bilirlər:

Buna da bax:​ Yağışdan sonra Sabunçu vağzalı bu vəziyyətdədir

Yağış yağanda sonra Şilvər kəndi
Yağış yağanda sonra Şilvər kəndi

«Transformator qırılmışdı»

«O tərəfdə evlər var. Mənim evim də o tərəfdədir, suyun içindədir. Burdan siz keçə bilmərsiniz. «Niva» markalı maşın keçir. Transformator qırılmışdı. «UAZ» maşın gətizdirdik, hadisə yerinə getdik».

«Mən danışsam nə olacaq?»

Biz yola davam edirik. Nə maşın keçə bilir, nə də biz. Bazarlıqdan qayıdan bir qadın ayaqyalın su ilə hərəkət edirdi. Onu danışmağa dəvət etdik. «Mən danışsam nə olacaq? 2-3 gündür evimə gedə bilmirəm. Uşağım məktəbə gedə bilmir. 5 ildir belədir», - deyə o qeyd edir.

Adının çəkilməsini istəməyən digər bir sakin deyir ki, qarşıdan qış gəlir. Vəziyyət daha pis olacaq: «İşimiz necə olacaq? Desəm bu kənd ucqar yerdə yerləşir, xəbərləri yoxdur, belə deyil axı. Kəndin icra nümayəndəliyi, bələdiyyəsi var. Heç kimin vecinə deyil. Lənkəran şəhərinə bitişik yaşayırıq».

Buna da bax:​ Bakının sudan keçilməz yolları

Çəkməlilərin şəhəri

Lakin Lənkəran şəhəri də sudan əziyyət çəkir. Şəhərin Kələntərlilər, Ü. Hacıbəyov, «20 Yanvar» küçələrində olduq. Həmin küçələrdən su axır. Burda hərəkət edənlərin hamısı çəkmə geyinib. Sakinlər deyir ki, hələ su bir qədər çəkilib. Yağış bir qədər güclənəndə küçələrlə də hərəkət etmək mümkün olmur. Evlərin darvazalarının yarıya qədər suyun altında qaldığını gördük.

Nə Şilavar kəndində, nə də Lənkəran şəhərin su basmış ərazisində təmizlənmə işi aparılırdı. Sakinlər deyir ki, bu hala öyrəşiblər. Bir az da su qalxsa qayıqla hərəkət etməli olacaqlar.

Lənkəran şəhərində 50 mindən yuxarı, Şilavarda isə 5,5 minə yaxın əhali yaşayır.

Buna da bax:​ Şamaxıda da sel fəsadlar törədib

«İndi ərazidən gəlirəm, su çəkilib»

Geri qayıtdıqdan sonra telefonla Şilavar bələdiyyəsinin sədri Malik Fərzəliyev ilə əlaqə saxlayırıq. O, isə narahatlığa əsas görmür.

Malik Fərzəliyevin dediyinə görə, kəndə olan kanalların su ötürmə qabiliyyəti zəif olduğuna görə təmizlənib: «İndi ərazidən gəlirəm, su çəkilib».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG