Keçid linkləri

2024, 07 Sentyabr, şənbə, Bakı vaxtı 22:31

Le Pendən Rusiya bankından aldığı milyonları qaytarmaq tələb olunur


Marine Le Pen (solda) və Vladimir Putin
Marine Le Pen (solda) və Vladimir Putin

Rusiyanın aviasiya ehtiyat hissələrinin ticarəti ilə məşğul olan “Aviazapçast” şirkəti Marine Le Penin ifrat sağçı və populist “Milli Birlik” partiyasından 9 milyon avroluq borcun qaytarılmasını tələb edib.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu barədə məlumatı “Açıq media” qrupu arbitraj məhkəmələrinin kartotekasından əldə edib.

Söhbət sözü gedən partiyanın, ABŞ və Avropa İttifaqı banklarından rədd cavabı aldıqdan sonra,2014-cü ildə PÇRB Çexiya-Rusiya müştərək bankından götürdüyü kreditin ödənməsi tələbindən gedir.

Əldən ələ keçən borc

2016-cı ildə Rusiya Mərkəzi Bankı PÇRB-ni lisenziyasından məhrum etdikdən sonra Le Pendən kredit ödənişinin tələb edilməsi hüququ “Conti” şirkətinə keçib.

Bu şirkət Moskvada qeydiyyatdan keçib və avtomobillərin icarəyə verilməsi biznesi ilə məşğuldur.

“Conti” öz növbəsində borc hüququnu “Aviazapçast” şirkətinə ötürüb.

Sovet zamanında mövcud olmuş “Aviazagranpostavka” müəssisəsinin əsasında yaradılmış “Aviazapçast” Asiya və Afrikadakı Rusiya aviatexnikası üçün avadanlığın təchizatı ilə məşğuldur.

Bu şirkət biznesmen Valery Zakharkov-a məxsusdur.

Rusiyalı biznesmen, irland general, desantçı...

“Açıq media” yazır ki, Zakharkov vaxtilə BMT-nin Liviyadakı sülhyaradıcı missiyasına başçılıq etmiş irland general Ted O'Neill ilə şərikli biznesə malik olub.

Bu da xəbər verilir ki, Zakharkov-un adı “qanusnuz silah alveri ilə bağlı cinayət işində keçir”.

“Aviazapçast” şirkətində baş direktorun müavini postunu uzun illər məşhur kəşfiyyatçı, Rusiya qəhrəmanı Yevgeny Barmyantsev tutub.

O 1999-cu ildə Rusiya batalyonunun Kosovoya desant çıxarılması planının müəllifi kimi tanınır.

Bu şirkətdə digər müavinlərdən biri də “Rosgranstroy” dövlət şirkətinin keçmiş direktor müavini Aleksey Shestopalov olub.

İlk Çexiya-Rusiya bankı (PÇRB) 1996-cı ildə Rusiya və Çexiyanın xarici mal dövriyyəsinə, habelə bu iki ölkənin investisiya layihələrinə xidmət göstərmək üçün yaradılıb.

Bankın sahibi “Stroytransgaz” şirkətinin keçmiş rəhbəri Roman Popovdur. Popovun Praqada həm də Avropa-Rusiya adlı bankı var. Çexiyanın Milli Bankı maliyyə problemlərinə görə bu bankın kredit vermək hüquqlarını məhdudlaşdırıb.

Bu da xəbər verilir ki, lisenziyadan məhrum edilmiş PÇRB-də Çexiyanın Rusiyadakı səfirliyinin, habelə Çexiya Hava Yolları şirkətinin vəsaitləri də ilişib qalıb.

Putinin doğrulmayan ümidləri

O vaxtlar Milli Cəbhə adlanan partiyanın Rusiya bankından kredit götürməsi Le Penin Rusiyaya işləməsinə dair iddialara yol açmışdı. Partiya bu ittihamı rədd edirdi.

Le Pen israr edirdi ki, onun partiyasına başqa heç bir bank kredit vermirdi.

Le Pen 2018-ci ildə keçirilmiş Fransa prezidenti seçkisində ikinci olmuşdu.

Bundan əvvəl Vladimir Putin onun bu seçkidə qalib gələcəyinə ümid edirdi.

Seçkinin qalibi Emmanuel Macron Moskvanı onun ölkəsinin seçkisinə müdaxilədə ittiham etmişdi.

Milli Birlik partiyası Fransada hələ də ən populyar siyasi təşkilatlardan biri sayılır.

XS
SM
MD
LG