Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 11:12

Lavrov: 'Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma mümkün olmayacaq'


Sergey Lavrov Yerevanda
Sergey Lavrov Yerevanda

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib ki, Dağlıq Qarabağ tənzimləməsi bu regionun əhalisinin razılığı olmadan həyata keçirilə bilməz.

Rusiya və Ermənistan mediası, o cümlədən AzadlıqRadiosunun Erməni xidməti bildirib ki, o bu bəyanatı noyabrın 11-də Yerevanda Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla danışıqlardan sonra verib.

Qarabağın tənzimləmə prosesinə tamhüquqlu tərəf kimi daxil edilməsinə Rusiyanın münasibəti barədə suala cavab verərkən Lavrov deyib ki, danışıq iştirakçılarını tərəflər razılaşdırmalı və müəyyən etməlidirlər:

O bildirib ki, ilkin mərhələdə Dağlıq Qarabağ danışıqların tərəfi kimi qəbul olunurdu:

"Dağlıq Qarabağ tənzimləməsinə dair məsləhətləşmələrin erkən mərhələsində və sonrakı danışıqlarda, döyüş əməliyyatları dayandırılanda Dağlıq Qarabağ müvafiq razılaşmaların və atəşin kəsilməsindən sonra başlanan müvafiq danışıqların tərəfi idi.Hansısa mərhələdə Ermənistan rəhbərliyi, keçmiş prezidentlərdən biri qərar qəbul etdi ki, Dağlıq Qarabağın maraqlarını Yerevan təmsil edəcək”.

Sergey Lavrov əlavə edib:

“Biz həmsdərlər qrupu kimi bu prosesi davam etdirməklə yalnız ona nail ola bilərik ki, proses ümumi razılıq axarında getsin. Hamıya aydındır ki, Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma tərtib etmək mümkün olmayacaq. Ermənistan bunu sadəcə olaraq dəstəkləməyəcək”.

Lavrovun sözlərinə görə Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin müxtəlif formatlardakı tənzimlənməsində fəal rol oynamağa hazırdır:

"Rusiya istər ATƏT-in Minsk qrupu çərçivəsində, istərsə də Rusiya Federasiyası-Ermənistan-Azərbaycan üçlü formatında vasitəçilik səylərini ən fəal şəkildə davam etdirməyə bundan sonra da hazır olacaq”.

Rusiyanın xarici işlər naziri vurğulayıb ki, danışıqlar prosesinin danışıq tərəflərinin özləri tərəfindən fəal və konstruktiv şəkildə irəlilədilməsi mühümdür.

O habelə münaqişə bölgəsində gərginliyin azaldılması istiqəmətində addımların atılmasının vacib olduğu deyib.

Lavrov əlavə edib ki, danışıqlar prosesində bu ilin aprelində Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Minsk qrupunun həmsdərləri ilə görüşündə razılaşdırılmış məsələlər nəzərə alınmalıdır.

Azərbaycan XİN Lavrovun fikirlərinə münasibət bildirib

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevanda keçirilən mətbuat konfransı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualı cavablandırarkən səsləndirdiyi fikirlərə münasibət bildirib.

Leyla Abdullayeva bununla bağlı açıqlamasında deyib:

“Əlbəttə ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir. Yalnız bu bölgədən didərgin salınmış azərbaycanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması münaqişənin Azərbaycan sərhədləri daxilində bölgənin hər iki - azərbaycanlı və erməni icmalarının sülh, təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. Bunun üçün isə ilk növbədə, münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır”.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı bölmələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb.

1994-cü ildə qüvvəyə minən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG