Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:03

Trump deyir ki, Kim Jong Un-la 12 iyun sammiti yenidən gündəlikdədir


Donald Trump (solda) və Kim Jong Un
Donald Trump (solda) və Kim Jong Un

ABŞ prezidenti Donald Trump deyir ki, Şimali Koreya lideri Kim Jong Un-la iyunun 12-ə təyin edilmiş sammit yenidən gündəlikdədir.

Bu, Şimali Koreyanın vəzifəli diplomatlarının Vaşinqtona səfərindən sonra məlum olub. Onlar özləri ilə Trump-a Kimin məktubunu gətirməli idilər.

Trump iyunun 1-də bəyan edib ki, Sinqapurda keçirilməsi nəzərdə tutulmuş görüş lap əvvəldən planlaşdırıldığı kimi iyunun 12-də olacaq.

Bu bəyanatdan əvvəl Kim Jong Un-un sağ əli sayılan Kim Yong Chol Ağ Evdə prezident Trump-la, habelə dövlət katibi Mike Pompeo və prezidentin milli təhlükəsizlik müşaviri John Bolton-la görüşmüşdü.

Kim Yong Chol son 20 ildə ABŞ-a səfər edən ən yüksək vəzifəli Şimali Koreya rəsmisidir.

Mayın 31-də Trump bu sammitdə Koreya yarımadasının tez bir zamanda nüvəsizləşdirilməsi barədə qərarın dərhal qəbul edilə bilməyəcəyinə işarə edib:

“Bu məsələnin bir, iki və üç görüşdə həllini tapması üçün yaxşı imkan var. Amma bu məsələ müəyyən bir məqamda həll olunacaq”.

Trump bundan əvvəl 12 iyun sammitini ləğv etmişdi, lakin o zamandan bəri hər iki tərəf bu görüşün baş tutması istiqamətində cəhdlər göstərirdi.

Kim ‘mərhələli nüvəsizləşdirməyə’ hazırdır

Şimali Koreya lideri Kim Jong Un Rusiyanın xarici işlər naziri Sergei Lavrov-a deyib ki, Koreya yarımadasının nüvəsizləşdirilməsinə sadiqliyi “dəyişməz, daimi olaraq” qalır. Xəbəri iyunun 1-də rəsmi KCNA agentliyi yayıb.

Mayın 31-də Pxenyanda Lavrovla görüşən Kim deyib ki, yarımadanın nüvəsizləşdirilməsi və ilə ABŞ-Şimali Koreya mübahisəsinin “mərhələli əsasda” həll olunacağına ümid edir.

Kim-lə Lavrov Şimali Koreyayla Rusiya arasında mübadilə və əməkdaşlığın gücləndirilməsinə də razılaşıblar.

Bu arada ABŞ dövlət katibi Mike Pompeo isə Nyu Yorkda Şimali Koreya rəsmisi ilə danışıqlar aparıb. İyunun 12-də Sinqapurda Kim-lə ABŞ prezidenti Donald Trump-ın tarixi sammiti planlaşdırılır.

***

ABŞ prezidenti Donald Trump deyib ki, Şimali koreyalılar və ABŞ rəsmiləri arasında Nyu Yorkda keçirilən danışıqlar “çox yaxşı gedib” və Pxenyan nümayəndə heyətinin Vaşinqtona səfəri iyunun 1-də gözlənilir. Trump-ın sözlərinə görə bu nümayəndə heyəti ona Şimali Koreya lideri Kim Jong Un-dan məktub gətirməlidir.

Trump mayın 31-də Nyu Yorkda ABŞ dövlət katibi Mike Pompeo ilə Şimali Koreya liderinin sağ əli sayılan general Kim Yong Chol-la görüşündən sonra bəyanat verib.

Pompeo və Kim iyunun 12-i üçün Sinqapurda keçirilməsi planlaşdırılan ABŞ-Şimali Koreya sammitini müzakirə ediblər.

Son 20 ildə ABŞ-a səfər edən ən vəzifəli rəsmi Kim Yong Chol mayın 30-da Pompeo ilə şam yeməyində olub və mayın 31-də onlar daha bir görüş keçirməlidirlər.

Pompeo bu barədə tvitində yazıb: "Bu gecə Kim Yong Chol-la Nyu Yorkda yaxşı bir şam etdik. Menyuda bifşteks, qarğıdalı dəni və pendir vardı”.

Trump bundan əvvəl Sinqapur sammitini ləğv etmişdi, lakin indi hər iki tərəf onun baş tutması üçün cəhdlər edir.

Vaşinqton Koreya yarımadasının nüvəsizləşdirilməsi müqabilində Pxenyana iqtisadi və təhlükəsizlik mənfəətləri vəd edir.

***

Bundan əvvəl xəbər verilirdi ki, Rusiyanın xarici işlər naziri Sergei Lavrov Şimali Koreyanın aparıcı rəsmiləri ilə danışıqlar aparmağa Pxenyana gedib. İyunun 12-də isə ABŞ prezidenti Donald Trump ilə Şimali Koreya lideri Kim Jong Un-un görüşü planlaşdırılır.

Lavrov-un səfəri Pxenyanın Birləşmiş Ştatlar və Cənubi Koreyayla diplomatik açılımında Moskvanın da öz səsini eşitdirmək cəhdi kimi dəyərləndirilir.

“Şimali və Cənubi Koreya, eləcə də Şimali Koreyayla Birləşmiş Ştatlar arasında kontaktları alqışlayırıq”, – Lavrov mayın 31-də Şimali Koreyanın xarici işlər naziri Ri Yong Ho ilə görüşdən sonra deyib.

Rusiyalı nazir “bütün tərəfləri belə bir vacib, lakin kövrək prosesin iflasının önlənməsində məsuliyyətini tam dərk etməyə” çağırıb.

Lavrov-un deməsinə görə, Moskva Pxenyan və Seulla birgə iqtisadi layihələrin icrasında maraqlıdır.

Bu arada Trump-la Kim-in gözlənən sammitinə qızğın hazırlıq gedir. Mayın 30-da ABŞ dövlət katibi Mike Pompeo Nyu Yorkda Kim-in sağ əli, general Kim Yong Chol-la görüşüb.

Trump daha öncə Sinqapurda iyunun 12-nə planlaşdırılan sammitin ertələndiyini elan etdi. Ancaq sonradan tərəflər görüşün keçirilməsi yönündə işləri davam etdirdilər.

Vaşinqton Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsini istəyir, əvəzində Pxenyana iqtisadi və təhlükəsizlik təminatı vəd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG