Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 17:02

Latviya öz ‘qeyri-vətəndaşlarına’ vətəndaşlıq verəcək


Latviyada qeyri-vətəndaş statusuna malik sakinlərin yenicə doğulmuş övladlarına vətəndaşlıq verilməsini nəzərdə tutan qanun qüvvəyə minib.

Latviya, ölkə 1940-cı ildə SSRİ tərəfindən işğal edildikdən sonra bu respublikaya gələnləri və müstəqillik bərpa olunduqdan sonra oturaqlıq prosesindıən keçməyənləri “qeyri-vətəndaş” hesab edir.

Əhalisi 2 milyon nəfər olan Latviyada 200 min “qeyri-vətəndaş” yaşayır.

Ölkənin qanunlarına görə vətəndaşlıq almaq istəyənlər dövlət dili olan latış dilindən, Konstitusiya və tarixdən imtahan verməlidirlər.

Yeni qanun Latviyada 2020-ci il, yanvarın 1-dən sonra doğulanlara qeyri-vətəndaş statusunun verilməsini qadağan edir. Lakin bir şərtlə ki, uşağın valideynləri onun üçün hər hansı başqa ölkənin vətəndaşlığını istəməməlidirlər.

Bu qanun layihəsinin təşəbbüskarı ölkənin keçmiş prezidenti Raymond Vayonisdir.

Digər sabiq prezident Valdis Zatlers LR-4 kanalına müsahibəsində bu barədə belə deyib:

"Əgər ixtiyar sahibi olsaydım, azad Latviyada doğulmuş bütün qeyri-vətəndaşlara vətəndaşlıq verərdim. Bu, adamlara və dövlətin özünə ehtiram olardı. Qeyri-vətəndaşlar sovet işğalının nəticəsidir. Belə çıxır ki, biz özümüz sovet işğalının nəticələrini yaradırıq”.

Ehtimal edilir ki, yeni vətəndaşlıq qaydaları çox az adamlara şamil olunacaq.

Latviyada 2016-cı ildə doğulmuş 47 körpəyə qeyri-vətəndaş statusu verilib. 2017-ci ildə belələrinin sayı 51, 2018-ci ildə isə 33 nəfər olub.

XS
SM
MD
LG