Latviya Milli Arxivi Latviya Sovet Sosialist Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) kartotekasının fotosurətini internetdə dərc edib.
Xəbər verilir ki, dekabr ayı ərzində dərc olunmuş agentura kartotekasına daxil 10 min 612 kartda keçmiş DTK agentlərinin adları var.
Dərc olunan materiallara habelə SSRİ xaricinə getmək istəyənlərə dair DTK birinci şöbəsinin (kəşfiyyatın) sənədləri daxildir.
Bundan başqa dərc olunan sənədlər DTK-nın ştatdankənar əməkdaşlarının, bu orqana “ictimai əsaslarla” və əks-kəşfiyyata kömək məqsədilə nəqliyyat və sənaye obyektlərində çalışan şəxslərin adlarını, telefon nömrələrini əks etdirir.
Latviyada keçmiş sovet xüsusi xidmətlərinin arxivlərinin açılmasını nəzərdə tutan “DTK haqqında qanun” bu ilin oktyabrında qəbul olunub və qüvvəyə minib.
Xəbər verilir ki, 2019-cu ilin mayından etibarən Latviya DTK-sının fəaliyyəti ilə bağlı başqa sənədlər də dərc ediləcək.
PDF formatında dərc olunan sənədlərin əksəriyyərti əllə və rusca yazılıb.
Sənədlərlə kgb.arhivi.lv ünvanlı internet saytında tanış olmaq mümkün olacaq. Materiallar bu saytın Aktualitātes və ya Virtuālās izstādes un digitālie resursi adlı bölümlərində yerləşdiriləcək.
Sənədlərə giriş üçün istifadəçi qeydiyyatından keçmək lazım gələcək. Bunun üçün istifadəçi adını, soyadını, identifikasiya və ya şəxsi kodunu, elektron ünvanını təqdim etməli, habelə materiallarla niyə tanış olmaq istəməsinin səbəbini göstərməlidir.
Rəsmi saytda qeyd olunur ki, bu ay dərc edilmiş kartoteka başqa əməliyyat sənədləri olmadan çox məhdud analitik məlumat verir. Əməliyyat və başqa xarakterli sənədlər isə gələn ilin mayında dərc olunacaq.
Bu da bildirilir ki, açıqlama nəticəsində adlar məlum olsa da, bu şəxslərin DTK ilə real əməkdaşlığının və onların necə ələ alınmalarının təfərrüatları olmayacaq.
Rəsmilər bildirirlər ki, bu materiallardan kiminsə qanunsuz istifadəsi zamanı şəxsi həyatlarının toxunulmazlığının pozulduğunu hesab edənlər məhkəmə orqanlarına müraciət edə bilərlər.
Lakin qanun dərc olunan arxiv materiallarının internetdən silinməsini və ya çıxarılmasını qadağan edir.