Latviyada yaşayan, amma latış dilindən imtahan verməyən və müvəqqəti yaşayış müddətinin uzadılması üçün müraciət etməyən 1167 rusiyalı ölkədən deportasiya edilə bilər.
Bu barədə Latviyanın vətəndaşlıq və miqrasiya məsələləri idarəsinə istinadla LETA agentliyi xəbər verir.
Bundan əvvəl bildirlmişdi ki, Latviyanın miqrasiya qanunvericiliyinin tələblərini yerinə yetirməyən 1213 rusiyalı deportasiya təhlükəsi ilə üzləşib. Bunlardan 789 nəfəri yaşı 60-ı ötənlərdir.
LETA agentliyinin son məlumatına görə 46 Rusiya vətəndaşı artıq Latviyanı tərk edib..
Agentlik habelə xəbər verir ki, Latviyada yaşayan 1344 rusiyalı müvəqqəti yaşayış müddətini uzatmaq üçün müraciət edib.
Latviyanın miqrasiya orqanları bu ilin fevralınadək müvəqqəti yaşayış müddətinin uzadılmasına ərizə verməyən rusiyalıların məsələsinə baxacaq.
Müvəqqəti yaşayış müddətinə dair sənəd almayan və ya sənədin müddətini uzatmayan rusiyalılar deportasiya qərarından 30 gün müddətində Litvadan çıxmasalar, məcburi deportasiya ilə üzləşəcəklər.
Dil imtahanı
Ötən sentyabrda Latviya Seymi müvəqqəti yaşayış hüququ istəyən Rusiya vətəndaşlarının latış dilindən imtahan vermələri üçün müddəti iki il artıran qanun qəbul etmişdi.
Bu da qeyd olunur ki, burada söhbət Rusiya vətəndaşlığını 2003-cü ilin mayından sonra alanlardan gedir. Bunlar dil imtahanı versələr də kafi qiymət almayanlardır.
Latviya parlamentinin vətəndaşlıq, miqrasiya və cəmiyyətin inteqrasiyası komissiyasının sədri İnqmars Lidak 2023-cü ilin avqustunda demişdi ki, Latviyada yaşayan 6 minədək Rusiya vətəndaşına ölkəni tərk etmələri üçün rəsmi məktublar göndəriləcək.
Lidak izah etmişdi ki, söhbət Latviyada müvəqqəti yaşayış üçün ərizə verməyənlərdən və latış dilindən imtahan üçün qeydiyyatdan keçməyənlərdən gedir.
Ukraynaya qarşı təcavüz qaydaları sərtləşdirib
Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlanandan bəri Latviyada ölkədə yaşayan Rusiya vətəndaşları, o cümlədən hətta daimi yaşayış hüququ olanlar üçün qaydalar sərtləşdirilib.
Bu adamların çoxu Latviyada onilliklərdir ki, yaşayır. Bunlar adətən Baltikada hələ sovet zamanlarından yaşayan, amma Rusiya vətəndaşı olaraq qalmaq istəyən pensiya yaşlı şəxslərdir.
Buna bənzər tədbirləri Estoniya və Litva hökumətləri də həyata keçirir.
Bu qaydalara görə sözü gedən ölkələrdə daimi və ya müvəqqəti yaşayış haqqı almaq istəyənlər milli dilləri bilməli, habelə Rusiyanın Ukrayanaya qarşı təcavüzünü rəsmən pisləməlidirlər.
Bununla belə Estoniya ölkədəki Rusiya və Belarus vətəndaşlarını deportasiya etməyi planlaşdırmır.