Qarabağa səfər etdiyinə görə Azərbaycanda həbsxana cəzasına məhkum edilmiş bloger Aleksandr Lapshin AzadlıqRadiosunun Erməni xidmətinə deyib ki, Ermənistana bu səfərində Qarabağa baş çəkməyəcək.
Lapshin bildirib ki, o Qarabağa səfəri təhlükəli hesab etmir, amma dediyinə görə, bu səfəri ilə Azərbaycan hakimiyyətinə daxili auditoriyanın fikrini ölkə içində baş verən hadisələrdən yayındırmaq imkanı vermək istəmir.
Rusiya və İsrail vətəndaşlığı olan Lapshin bunu da bildirib ki, azadlıqdan qanunsuz məhrum edildiyinə və həbsxanada onun həyatına qəsd cəhdi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə ərizə verib.
“Strasburqda artıq Azərbaycan tərəfi ilə kommunikasiya başlanıb. AİHM mənim məlumatımı icraata götürüb. Bu olduqca mühümdür, çünki Azərbaycan müxtəlif siyasi və korrupsiya addımları ilə bunun qarşısını almağa çalışırdı. Məhkəmə qətlə qəsdə dair qərar çıxaranda, bu onlara güclü zərbə vuracaq. Buna baxmayaraq məhkəmə ərizəni qəbul edib, çünki Azərbaycan müxtəlif qalmaqallar və avropalı deputatların satın alınması ilə bağlı öz imicini çox korlayıb. Bu mənada mənim başıma gətirilənlər yerinə düşüb. Yəni indi Azərbaycan zəif düşüb. Bütün sənədlər onlara göndərilib və indi onların mənim müraciətimdən şikayət vermək üçün üç ayları var. Biz indi bu mərhələdəyik”.
Bloger Qarabağa Azərbaycan hakimiyyət orqanlarının icazəsi olmadan səfər etdiyinə görə 2016-cı ildə Belarusda saxlanıb. Bundan sonra onu dövlət təhlükəsizliyi orqanlarının müşayiəti ilə xüsusi reyslə Minskdən Bakıya göndəriblər.
Lapshin Bakıda sərhədin qanunsuz keçilməsi ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilmişdi. 2017-ci ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyev Lapshin-i əvf edib.
Azərbaycandakı etiraz aksiyalarından danışan Lapshin deyib ki, azərbaycanlılar Əliyevlər klanının hakimiyyətindən yorulublar:
“Azərbaycan cəmiyyəti sülhə hazırdır, sülhə Azərbaycanın rəhbərliyi hazır deyil. Çünki Ermənistanla sülh Əliyev rejiminin yıxılmasına gətirib çıxaracaq. Onlar bunu çox yaxşı başa düşürlər və münaqişəni mümkün qədər uzun müddətdə donmuş vəziyyətdə saxlamağa çalışırlar.Onlara hakimiyyəti nəyin bahasına olursa olsun saxlamaq üçün düşmən obrazı lazımdır. Azərbaycanda adamlar diktatura şəraitində yaşasalar da, orada çox sayda ziyalı və düşüncəli insanlar var. Onlar azad ölkədə yaşamaq istəyirlər. Onlar ötən ilin aprelində Ermənistanda nəyin baş verdiyini gördülər və zənnimcə istəyirlər ki, bu, onlarda da baş versin”.
AzadlıqRadiosunun Erməni xidməti yazır ki, Lapshin Ermənistana sırf turist qismində səfərlər edir.
Bu da xəbər verilir ki, Lapshin Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarına baş çəkmək üçün Ermənistanın Müdafiə Nazirliyindən icazə istəyib.
Bloger bildirir ki, o Azərbaycan tərəfindən atəşə tutulan kəndlərdə yaşayan insanların həyatı barədə reportaj hazırlamaq istəyir.