Avstriya doğumlu Hedy Lamarr 1940-1950-ci illərdə Hollivudun, hətta bəzən dünyanın ən gözəl aktrisası sayılırdı.
Guardian yazır ki, film sənayesinin zirvəsində olan bu qadını Hollivudda ənənəvi olaraq seks simvolu kimi görürdülər və əlbəttə onun elmi intellekti və bilikləri ətrafındakılar üçün o qədər də maraqlı deyildi. Halbuki bu biliklər Bluetooth və Wi-Fi kimi müasir kommunikasiya metodlarına yol açacaqdı.
Bu heyrətamiz aktrisanın həyatına həsr edilmiş sənədli filmin premyerası noyabrın 15-də Londonda açılan Yəhudi Kino Festivalı çərçivəsində keçirilib. Filmin həmprodüserlərindən biri məşhur aktrisa Susan Sarandondur.
Əslində Hedy Lamarın həyatı filmini çəkmək üçün elə onun…həyatını çəkmək kifayət idi: Hedwig Kiesler-in müharibə ərəfəsindəki Vyanada keçən uşaqlığı, qulluqçu qiyafəsinə girərək varlı ərindən qaçması, 6 evlilikdə uşaq doğması (filmdə onun övladları ilə müsahibələr də var), əvvəlcə Londona, oradansa Los Ancelesə gedərək ulduza çevrilməsi…
Lakin debütant rejissor Alexandra Dean-in çəkidiyi filmdə aktrisanın ən az tanınmış rolu – ixtiraçı rolu mərkəzi yer tutur.
Bu filmdə Lamarrın 1990-cı ildə Forbes jurnalına verdiyi müsahibənin lent yazısı səslənir. Onda aktrisanın vəfatına 10 il qalırdı, özünü ətraf aləmdən tamamilə təcrid etmişdi.
Lamarrın səhnə həyatı Berlində rejissor Max Reinhardtın məşhur aktyorluq məktəbini bitirdikdən sonra Avstriyada başlanmışdı.
Texnologiyalara vurğun bank direktorunun qızı şəhərin incəsənətlə bağlı yəhudi məhəlləsində böyümüşdü. Artıq 19 yaşında qismətinə ona məşhurluq gətirəcək kino rolu düşmüşdü.
1933-ci ilin Çexiya istehsalı olan “Ekstaz” filmində o ekranda çılpaq görünmüşdü və gur seks səhnəsini çox təbii oynamışdı. O qədər təbii oynamışdı ki, Roma papası onu lənətləmişdi.
İkinci Dünya Müharibəsinin başlanğıcında Lamarr bəstəkar George Antheil birlikdə Müttəfiqlərin torpedoları üçün radiotuşlama sistemini inkişaf etdirmişdi.
Bu sistem spektrin genişləndirilməsi və tezliyin qaydasız dəyişdirilməsi metodundan istifadə edirdi. Bu metodla hərəkət edən torpedolar almanların dalğaboğanlarından yan keçə bilirdilər.
Bu ixtirada bəstəkarın iştirakı təsadüfi deyildi. Cihaz pianolanın və ya sintezatorun dilləri şəklində qurulmuşdu. Adi piano dilləri ilə dalğaları 88 tezlik arasında aramsız dəyişmək mümkün olurdu.
ABŞ donanması patentə “tamamilə məxfi” qrifi vurmuşdu.
Müharibədən sonra, 1957-ci ildə Sylvania Electronic Systems şirkəti cihazın real istehsalına başlamışdı.
ABŞ Donanması bu texnologiyanı 1960-cı illərədək qəbul etməsə də, elm aləmində inanılır ki bu metod Bluetooth texnologiyasına daxil edilib və Wi-Fi sistemində ondan istifadə olunub.
Bəstəkar Atheli sonralar xatırlayırdı: “Biz müharibə haqqında danışırdıq. 1940-cı il yayın sonlarında vəziyyət son dərəcə ümidsiz idi. Hedy dedi ki, özünü o qədər də rahat hiss etmir, çünki burada Hollivudda çoxlu pul qazanır, amma dünyada vəziyyət bu qədər pisdir. O deyirdi ki, silahlar, gizli silahlar haqqında dərin biliklərə malikdir. O doğrudan da MGM-i tərk etmək, Vaşinqtona gedib biliklərini yenicə açılmış İxtiraçılar Şurası ilə bölüşmək istəyirdi”.
Onların hərbi texnologiya sahəsindəki ixtiralarının patenti 1942-ci ilin 11 avqustunda qeydə alınmışdı. Bu patent sənədində aktrisanın ərinin familiyası yazılmışdı: Hedy Kiesler Markey.
Amma ovaxtkı texniki vasitələr ixtiranın tətbiqinə imkan vermirdi. Bu ixtiradan yalnız 1962-ci ildə Kuba böhranı zamanı istifadə olunmuşdu. Həmin vaxtdan sualtı qayıqları bu cihazlarla təchiz etməyə başlamışdılar.
Sarandon və filmdə çəkilmiş alman aktrisa Diane Kruger inanırlar ki, onların sənədli filmi Lamarrın elmi töhfəsinin nəhayət lazımınca qiymətləndirilməsinə yol açacaq.
Lamarrın bədii filmlərdəki yaradıcılığına gəlincə isə tənqidçilər bu qənaətdə idilər ki, rejissorlar daha çox onun oyununu yox, qadın gözəlliyini istismar ediblər.
Lamarrın ixtirasına qiymət yalnız 1998-ci ildə, ixtiradan 50 il sonra verilib. Bəstəkar və aktrisa həmin ildə Electronic Frontier Fondunun mükafatına layiq görülüblər
Aktrisa bir dəfə öz gözəlliyi barədə danışarkən sifətini “heç vaxt çıxara bilmədiyi bədbəxtçilik maskasına” bənzətmişdi.
Roma papası 11-ci Piusun lənətlədiyi “Ekstaz” filmindən sonra Lamarr “Əlcəzair”, “Gəlhagəl şəhəri”, “Mənim sevimli casusum” və “Samson və Delila” kimi filmlərdə çəkilib.