Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Laçın dəhlizində növbəli aksiya


Laçın-Xankəndi yolunda Rusiya qoşunu
Laçın-Xankəndi yolunda Rusiya qoşunu

Azərbaycan BQXK-nın müraciətinə müsbət cavab verib

Dekabrın 19-da Beynəlxalq Qırmız Xaç Komitəsinin (BQXK) bir nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət etdiyi bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.

Xəbərdə vurğulandığına görə, aksiya iştirakçıları "Qırmızı Xaç"a məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.

+++

AzadlıqRadiosunun erməni xidməti – Azatutyun yazır ki, hazırda Qarabağın 1100 sakini, o cümlədən 270 azyaşlı evinə qayıtmaq imkanından məhrumdur.

Bu həftə Qarabağda təhsil ocaqlarında tədrisin bərpa olunduğu deyilir. Ancaq yolun bağlanması səbəbindən Ermənistanda qalanlar müvəqqəti olaraq Sünikdə oxuyacaqlar.

Baş nazir Nikol Paşinyan Twitter-də Laçın dəhlizinin artıq 8-ci gündür Azərbaycan tərəfindən bağlandığını yazıb.

“Dağlıq Qarabağ sakinləri isə şaxtada yolda qalıblar, ailələri blokadanın müxtəlif tərəfindədir. Ciddi sağlıq problemləri olan insanlar dərman və tibbi xidmətlərdən məhrumdur”, – o qeyd edib.

Azərbaycan XİN yolu etiraz keçirən fəalların deyil, Rusiya sülhməramlılarının bağladığını bildirib.

Dövlət Departamentindən çağırış

ABŞ Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel deyib ki, ABŞ Laçın ilə sərbəst hərəkətin tezliklə bərpa olunmasına çağırır. Onun sözlərinə görə, bunun yolu danışıqlardan keçir.

Patel qeyd edib ki, Laçın dəhlizinin bağlanmasının ciddi humanitar nəticələri ola, sülh prosesini dayandıra bilər.

"Dağlıq Qarabağa qaz verilməsinin bərpa olunmasına şadıq. Enerji infrastrukturunda dayanmalar humanitar böhrana səbəb ola bilər", – Patel vurğulayıb.

Qarabağdakı separatçı rejim ötən həftə Azərbaycanı regiona qaz təchizatını kəsməkdə ittiham etsə də, "Azəriqaz" regiona qazın Ermənistandan verildiyini bildirib.

Qarabağdakı separatçı rejimin "dövlət naziri" Ruben Vardanyan ötən həftə Azərbaycanın Qarabağa qaz təchizatının "heç bir şərtsiz" bərpa etdiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağdakı Rusiya Sülhməramlı Kontingenti Xankəndi-Gorus magistralında nəqliyyatın hərəkətinin bərpası üçün Ermənistan və Azərbaycan tərəfi ilə danışıqları davam etdirir.

Aksiya davam edir

Azərbaycan vətəndaşlarının Laçın-Xankəndi yolunda hələ də aksiya keçirdikləri bildirilir. Təşkilatçıların deməsinə görə, aksiya növbəlilik qaydası ilə keçirilir. Hətta yolda dekabrın 18-də, axşam saatlarında onların Qətərdə keçirilən dünya çempionatının finalını - Argentina- Fransa matçını izləmələri üçün böyük monitor da quraşdırılıb.

Təşkilatçılar habelə iddia edirlər ki, yolda humanitar yüklərə hər hansı maneə yaradılmayıb.

Dekabrın 12-si səhər saatlarında bir qrup Azərbaycan vətəndaşı Laçın-Xankəndi yoluna toplaşıb. Onlar Qarabağda Rusiya Sülhməramli Kontingentinin yerləşdiyi ərazilərdə faydalı qazıntıların qanunsuz istismarına etiraz etdiklərini söyləyirlər.

Qarabağdakı separatçı qurum isə dekabrın 12-də səhər 10:30-dan mülki geyimli şəxslərin ekoloji səbəbləri əsas gətirərək Xankəndi-Gorus yolunu bağladığını bildiriblər.

Rusiya Sülhməramlıları Kontingenti də Azərbaycan vətəndaşlarının aksiya ilə yolu bağladıqlarını açıqlamışdı.

Ancaq Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev daha sonra bildirmişdi ki, "Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb".

Xankəndidə benzin növbələri yaranıb
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Qarabağ separatçılarının "dövlət naziri" Ruben Vardanyan isə dekabrın 14-də AzadlıqRadiosunun erməni xidməti – Azatutyun-a söyləyib ki, ermənilər Laçın dəhlizinin açılması üçün Rusiya sülhməramlıları və Azərbaycan nümayəndələri arasında keçirildiyi deyilən danışıqlarda iştirak etmirlər. O əlavə edib ki, "bu, ekoloji yox, siyasi məsələdir".

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG