Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 22:22

Nazirlik sözçüsü: 'Luca Volonte adda adam bizə məsləhət verməyib'


 Luka Volonte, , 2 oktyabr 2012

Luka Volonte, , 2 oktyabr 2012

“Luca Volonte adda adam bizə məsləhət verməyib. Bizdə belə məlumat yoxdur”. Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzadlıqRadiosuna belə deyir.

Söhbət adı “kürü diplomatiyası” qalmaqalında hallanan, Azərbaycan hökumətindən rüşvət aldığı iddia edilən Luca Volonte-dən gedir.

“The Observer” yazır ki, italyalı deputat Luca Volontè 2,39 milyon avronu “Azərbaycana kənd təsərrüfatı sahəsində verdiyi məsləhətlərə görə alıb”.

Buna da bax: "Kürü Diplomatiyası: Nə qədər almısız?

“Bizdə belə məlumat yoxdur”

Nazirlikdən onlarda bu barədə məlumatın olmadığını deyirlər. AzadlıqRadiosu sualı bir daha dəqiqləşdirib:

“Luca Volonte italiyalı deputatdır, onun Azərbaycan hökumətindən rüşvət aldığı deyilir. İndi xarici mətbuat yazır ki, Azərbaycan hökumətinə kənd təsərrüfatı sahəsində verdiyi məsləhətə görə pul alıb”. Cavab dəyişməz qalır.

AzadlıqRadiosu bu dəfə aqrar məsləhətləşmənin aparıla biləcəyi başqa ünvanı - parlamenti yada salaraq soruşub: İtaliyalı deputat Azərbaycandakı həmkarlarına hər hansı məsləhət veribmi?

Eldar Ibrahimov

Eldar Ibrahimov

“Eşitməmişəm. Bilmirəm”

Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov “Mənim xəbərim yoxdur heç nədən. Eşitməmişəm. Bilmirəm” deyə cavab verir. O, ümumiyyətlə, Luca Volonte-ni tanımadığnı, hətta adını da eşitmədiyini söyləyir.

Buna da bax: 'The Economist': 'Artıq kürü də adama toxuna bilər'

Avropa Sabitlik Təşəbbüsü təşkilatı (ingiliscə qısa adı – ESI) «Kürü diplomatiyası» adlı araşdırmasında Azərbaycan hakimiyyətinin avropalı deputatlara rüşvət verdiyini, bununla da Azərbaycan əleyhinə qətnamə və sənəd qəbulunun önləndiyini bildirir. Bu işdə Avropa Şurası Parlament Assambleyası-nın haqqında cinayət işi açılan italiyalı deputatı Luca Volontè-nin vasitəçilik etdiyi deyilir. O, istintaqa söyləyib ki, bu məqsədlə 3 milyon avro alıb və həmkarlarına verib. Sənəddə istər Azərbaycandan, istərsə Avropadan olan ayrı-ayrı deputatların adları hallanır.

Sözügedən sənəddə iddia edilir ki, Azərbaycandan olan deputatlar rüşvət verərək Avropa Şurasında ölkə əleyhinə qətnamələrin qəbul edilməməsinə nail olublar. Siyasi məhbuslar üzrə məruzəçi Christoph Strässer-in hazırladığı hesabat da eyni aqibətlə üzləşib.

Səməd Seyidov, Avropa Şurası Parlament Assambleyası, yanvar 2013

Səməd Seyidov, Avropa Şurası Parlament Assambleyası, yanvar 2013

“Hələ heç kim ittiham olunmayıb”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna müsahibəsində sənəddə deyilənləri “ölkəni sevməyən qüvvələrin işi” kimi qələmə verərək, sözünü belə bitirib:

“Mən bilən, istintaq hələ bitməyib, hələ heç kim ittiham olunmayıb. Hakim qərarını vermədən, kimisə necə ittiham etmək olar? Birincisi, istintaqın bitməsini gözləmək lazımdır. İkincisi, bu istintaqdan siyasi dividendlər əldə etmək istəyən insanları da ciddi təhlil etmək lazımdır”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG