Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:17

Kürdəmir İH: 'Bu, pay torpaqları yox, bələdiyyə torpaqlarıdır'


Aksiya. Foto arxiv
Aksiya. Foto arxiv

«Kürdəmir rayon Karrar qəsəbəsinin bir neçə ağsaqqalı fevralın 22-də rayon Polis Şöbəsində qəbul ediliblər».

Bu barədə görüş iştirakçılarından biri bildirib.

Görüş iştirakçıları deyib ki, söhbət, əsasən, qəsəbə sakinlərinin mal-heyvanlarından ötrü örüş yeri olan 120 ha sahənin kənar şəxslərin istifadəyə verilməsi cəhdləri və bunun yolverilməzliyi ətrafında gedib: «Amma görüşün nəticəsinin necə olacağını yaxın 3-4 gündə biləcəyik. Qəsəbə sakinləri isə bundan çox narazıdır ki, mal-heyvan üçün ayrılan otlaq yerləri kimlərsə ələ keçirmək istəyir. Bir daha bunu bildiririk ki, bu, sakinlərin pay torpaqlarına aiddir. Mal-heyvan üçün otlaq olsun deyə, sakinlər hərəsi torpaqlarından ayırıb».

Kürdəmir Rayon İcra Hakimiyyəti (İH) başçısının birinci müavini Tacəddin Novruzov isə bildirib ki, haqqında söhbət gedən sahə pay torpaqları yox, bələdiyyə torpaqlarıdır. Müavinin deməsinə görə, həmin torpaqlar qəsəbə sakinlərinə müvəqqəti icarəçiliyə verilib:

«Həmin torpaqlar 127 hektardır, bunun 44 hektarı pambıq əkilməsi üçün istifadə ediləcək. Çünki Kürdəmir rayonunda pambıq becərilməsi üçün 5 min 30 hektar sahə əkilməlidir».

T.Novruzov qəsəbə sakinlərinin həmin torpaqların pay torpaqları olması ilə bağlı dediklərini yanlış informasiya adlandırıb.

Karrar qəsəbə sakinləri etiraz edir

Fevralın 22-də Kürdəmir rayon Karrar qəsəbəsinin bir qrup sakinin etiraz aksiyası keçirdiyi bildirilir. Yerli sakinlərin deməsinə görə, aksiya rayon mərkəzində keçirilib.

Aksiyaya qatılanların bildirməsinə görə, narazılıqlarına səbəb onlara aid pay torpaqlarını başqa kəndin zəbt etməsidir:

«Bu torpaqlar islahat zamanı qəsbə sakinlərinə ayrılan pay torpaqlarıdır. Hər sakin torpağından ayırıb ki, mal-heyvan üçün örüş yeri kimi birgə istifadə edilsin. 2000-ci ildən 120 ha torpaq sahəsi qəsəbə sakinlərinin mal-heyvanları üçün otlaq yeri kimi istifadə edilir. İndi bir aydır ki, bu torpaqlardan istifadə olunmamasını əsas gətirərək əlimizdən almaq istəyirlər».

Hadisə yerində olan şəxslərin bildirməsinə görə, həmin torpaqları zəbt etmək istəyənlər əvvəlcə orada pambıq əkəcəklərini deyiblər. Amma sonra orada kartof əkilib, su çəkilib:

«Biz də şikayət etdik. Rayon prokurorluğundan dedilər ki, gedin kartof əkməyə qoymayın, biz də qoymadıq, su borularını sökdük. Buna görə indi rayon polisi bizi çağırıb soruşur ki, niyə bunu etmişik?».

Başqa bir aksiya iştirakçısı isə deyib ki, bu özbaşınalıq ilə bağlı artıq Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

«Bu işin arxasında... kimsə durur»

Aksiya iştirakçılarının deməsinə görə, bu işin arxasında rayon icra hakimiyyətindən kiminsə durduğunu güman edirlər:

«Biz buna əminik ki, bu işin arxasında rayon icra hakimiyyətindən kimsə durur. Yoxsa qarşı tərəf bu özbaşınalığı edə bilməzdi. Amma biz də kiməsə güzəştə getmək fikrində deyilik, bu torpaqlara sahibliyimizi bərpa edəcəyik».

Aksiya iştirakçılarının iddiasına hələlik Kürdəmir Rayon Prokurorluğundan münasibət almaq mümkün olmayıb.

Kürdəmir Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, məsələyə yaxın saatlarda münasibət bildiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG