Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:09

‘Milli isveç küftəsi’ türk küftəsi çıxdı...


Çexiyanın Brno şəhərində Ikea-nın küftə reklamı
Çexiyanın Brno şəhərində Ikea-nın küftə reklamı

Guardian yazır ki, türklər İsveçin, ölkənin ən məşhur milli yeməyinin – küftənin əslində isveçlilərə deyil, türklərə aid olmasını rəsmən etiraf etməsini sevinclə qarşılayıblar.

Türkiyənin TRT World telekanalının Twitter hesabından yazılmış postda deyilir: “İsveç hökuməti Ikea mağazasında satılan məşhur İsveç küftəsinin əslində türk küftəsi olduğunu etiraf edib”.

İngilisdilli Hürriyet Daily belə bir başlıq yazıb: “İsveç hökuməti deyir ki, isveç küftəsi mənşəcə türk yeməyidir”.

Bundan əvvəl İsveçin rəsmi Twitter hesabında belə bir məlumat verilmişdi:

“İsveç küftəsi əslində 18-ci əsrdə kral XII Karlın Türkiyədən gətirdiyi resept əsasında hazırlanır. Gəlin faktları qəbul edək”.

Türkiyənin Anadolu agentliyi isə fürsətdən istifadə edərək Uppsala Universitetinin Ədəbiyyat fakültəsinin professoru Annie Mattson-la danışıb. O təsdiq edib ki, Karl 1709-cu ildə Rusiyaya qarşı müharibəni uduzduqdan sonra ordusunun qalıqları ilə o zamanlar Osmanlı imperiyasının bir bölgəsi olan Moldovaya sığınıb.

Əvvəlki hərbi zəfərlərinə görə “Şimal şiri” və “İsveç meteoru” adlarını qazanmış Karl taxta 1697-ci ildə, 15 yaşı olanda çıxmışdı.

Guardian yazır ki, “Rusiya ilə müharibə etməklə Karl uda biləcəyindən daha böyük tikəni ağzına qoymuşdu və ömrünün qalan 6 ilini sürgündə, müasir Türkiyənin ərazisində keçirmək məcburiyyətində qalmışdı”.

XII Karl və Ivan Mazepa Poltava döyüşündən sonra
XII Karl və Ivan Mazepa Poltava döyüşündən sonra

Lakin sürgün tamamilə hədər gedən vaxt deyildi. Kral yerli mətbəxi çox bəyənmişdi və vətəninə qayıdarkən özü ilə isveçcə “köttbullar” adlanan küftədən başqa, həm də bu gün İsveçdə çox populyar olan və isveçcə “kåldolmar” kimi tanınan kələm dolmasının reseptini gətirmişdi.

Amma “su çanağı suda sınar” deyiblər və Karl 1718-ci ildə Danimarkanın işğalı altında olan Norveçə hücum edərkən başından aldığı güllə yarasından öldü.

O həm də İsveçdə türklərin qəhvə içmək adətini populyarlaşdıran şəxs sayılır.

Bu adət 18-ci əsrdə İsveçdə o qədər geniş yayılmışdı ki, kral III Qustav onu bir müddət qadağan etmişdi.

Guardian yazır ki, Türkiyədə küftənin paytaxtı sayılan İnegöldə yerli aşpaz İbrahim Veysəl Doğan agentliyinə deyib: “Küftə məsələsi onu göstərir ki, bizim mətbəx dünya boyunca müxtəlif mətbəxlərə nümunə olmalıdır”.

Lakin Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbəri Serdar Çam daha sərt danışıb. O deyib ki, İsveç Ikea mağazalarında hər gün 2 milyon küftənin isveç küftəsi adı ilə satılmasına yol verməməli idi.

Örjan adlı bir isveçli isə bütün baş verənlərdən kədərlənib. O hazırda ölkə turizminin Twitter hesabına kuratorluq edir. O öz tvitində belə yazır: “Mənim bütün həyatım yalan üzərində qurulubmuş”.

Lakin Ümit adlı bir istifadəçi isveçililəri ümidlərini itirməməyə çağırır:

“Elektriki serb kəşf edib, amma heç kəs bunun üstünü vurmur. Ziyalı adamlar bilirlər ki, hər bir insan millətçi və ya antimillətçi olmadan da başqa bir insandan nəsə öyrənə bilər. Bəlkə türklər də bunu kimdənsə öyrəniblər. Türk dilindəki küftə sözü fars dilindən alınıb”.

Küftənin fars sözü olmasına dair iddianı, azərbaycanlılar da daxil bir çoxları qəbul etməyə də bilər. Artıq dolmanın şəhadətnaməsini UNESCO-dan almış Azərbaycan Mədəniyyət Nazirliyi küftəni də diqqətdən kənarda buraxmır. Nazirliyin Facebook səhifəsində Azərbaycan küftəsinə həsr olunmuş böyük bir məqalə dərc edilib:

Belə başa düşmək olar ki, İsveçin rəsmi etirafı küftə barədə mübahisələrin sonu yox, başlanğıcı ola bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG