Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:25

Küdürlüdə fındıq tingi qan qaraldır


Küdürlüdə İbrahimovların hasarladığı ərazilərdən biri.
Küdürlüdə İbrahimovların hasarladığı ərazilərdən biri.

«Vəzifəsi var, istifadə edir, kəndi çapıb talayır. Kənd yollarını mənimsəyib, daraldıb, çay yatağına çıxışları məhdudlaşdırıb... Yoldan istifadəyə mane olan yerlərdə fındıq kolları əkib».

«İBRAHİMOV BARƏDƏ HEÇ BİR TƏDBİR GÖRÜLMÜR»

Şəkinin Küdürlü kənd sakini Cavid Əliyev AzadlıqRadiosuna Şəki Kənd Təsərrüfatı İdarəsi müdirinin müavini Nurəddin İbrahimovdan və onun kənd icra nümayəndəsinin müavini işləyən oğlu Xəyyam İbrahimovdan şikayətçidir. Cavid Əliyevin sözlərinə görə, eyni kənddə yaşayan İbrahimovlardan, az qala, bütün kənd yuxarı qurumlara şikayət edib: «Təəssüf ki, yazdığımız şikayətlərin məmur özbaşınalığının qarşısının alınmasına faydası dəymir. Nurəddin İbrahimov barədə heç bir tədbir görülmür. Zəbt olunmuş, daraldılmış yollar, çay yatağının hasarlanması, insanların istifadə etdikləri yolda gediş-gəlişə mane olacaq şəkildə əkilmiş fındıq kolları yerində qalır».

«BAXIŞ KEÇİRİLDİ... YENƏ NƏTİCƏSİ OLMADI»

Cavid Əliyev yazdığı şikayət məktublarına görə Şəki şəhər İcra Hakimiyyətinə dəvət olunduğunu, burada kənd sakinlərinin, icra nümayəndəsinin və bələdiyyə sədrinin kənddəki durumla bağlı müzakirə apardığını deyir: «Qeyd etdiyim yerlərə baxış keçirildi, dediklərimi faktlarla sübut etdim. Yenə nəticəsi olmadı. Bunun da bir səbəbi var: Nurəddin İbrahimov da, oğlu da vəzifədədir, özünəarxayınlıq özbaşınalıqlarına şərait yaradır. Ötən ilin dekabrındazəhər töküb 19 toyuğumuzu öldürdülər. Toyuqlara baxış keçirən həkim də onların zəhərlənmədən öldüyünü təsdiqlədi. İbrahimovlar laboratoriya sənədi alınması üçün Qaxa göndərilən ölmüş toyuğa zəhərlənmə əvəzinə başqa diaqnoz qoyulmasını xahiş etdilər. Toyuqların leşlərini tullamadığımı, dondurucuda xarab olmayacaq şəkildə saxladığımı biləndə isə mənə 170 manat təklif etdilər. Daha sonra söz verdilər ki, pul yox, toyuq alıb verəcək. Onu da etmədilər».

«QONŞUM NURƏDDİN İBRAHİMOV...»

Cavid Əliyev deyir, bu iş təkcə onun başına gəlməyib. Kənddə İbrahimovdan kim narazı qalıb səsini çıxarırsa, oxşar zərərlərlə qarşılaşır.

Alışan Norzalov da kənd sakinidir. Dediyinə görə, 30 ildir qanuni istifadəsində olan həyətyanı sahəyə yaxın düşə bilmir: «Qonşum Nurəddin İbrahimov yolun baş və orta hissəsinə iki dəmir darvaza qoyaraq giriş-çıxışımı qadağan edib. Mal-qarasını torpaq sahəmə salıb, çəpəri dağıdıb, mənə məxsus iki maşın qumu və 4 maşın daşımın bir hissəsini evinin tikintisində istifadə edib, qalan hissəsini də yola səpələməklə mənə zərər vurub. Polisə məlumat vermişəm, icra hakimiyyəti başçısının qəbuluna getmişəm. Bu adama «gözün üstə qaşın var» deyən yoxdur. Bu, tək mənim başıma gəlməyib, kənddə bir neçə ailə də var ki, İbrahimovun əlindən qan ağlayır».

NOYABRIN 11-DƏ...

Noyabrın 11-də yerli icra hakimiyyətinin əməkdaşları sakinlərin tələbi ilə vəziyyəti araşdırmaq üçün yenə kəndə gəliblər. Cavid Əliyevin sözlərinə görə, Nurəddin İbrahimov və oğlu Xəyyam İbrahimov onu elə qurum işçilərinin gözü önündə təhqir ediblər və üstünə hücum çəkərək boğmağa çalışıblar. Cavid Əliyev ərizəylə polisə müraciət edib.

«BİRCƏ ONU DEMƏK İSTƏYİRƏM Kİ...»

Küdürlü kənd icra nümayəndəsinin müavini Xəyyam İbrahimov deyilənləri yalan sayır:

- Hamısı qərəzlidir. Araşdırma getdiyindən, ətraflı danışmaq istəmirəm. Bircə onu demək istəyirəm ki, deyilənlərin hamısı həqiqətdən uzaqdır. Araşdırırlar, əgər məlum olsa ki, adamların istifadə etdiyi yola, çay yatağına çıxışa mane oluruq, yəqin ki, bir tədbir görərlər. Biz, sadəcə, öz pay torpağımızda fındıq tingləri basdırmışıq və yol tərəfdən sahəni tinglərlə hasara almışıq. Dava bunun davasıdır.

- Cavid Əliyev polisə üz tutub. Deyir ki, noyabrın 11-də onu boğmaq istəmisiniz...

- Elə olmayıb. Həyətə girmişdilər, səs-küy saldılar. Atamı əsəbiləşdirdilər, mən də onları həyətdən çıxardım. Gedib polisə ərizə verib ki, guya onu boğmağa cəhd etmişik.

- Alışan Norzalov iddia edir ki, torpağını zəbt etmisiniz...

- Araşdırsınlar, onun torpağına girmişiksə, çıxaq. Bu da yalandır.

«MÜNASİBƏTLƏRİ MƏHKƏMƏDƏ AYDINLAŞDIRSINLAR»

Şəki şəhər İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, şikayətçi sakinlərlə İbrahimovlar ailəsi arasındakı münaqişələr şəxsi zəmindədir: «Tərəflərə dəfələrlə izah olunub ki, münasibətləri məhkəmədə aydınlaşdırsınlar. Torpağını zəbt edib, məhkəməyə ver. Yolu zəbt edib, yenə də məhkəmə var. Deyir, üstünə hücum çəkilib, bunun üçün də polis var. Ümumiyyətlə, icra hakimiyyətini bu məsələlərə niyə qatırlar, anlaşılan deyil».

«ŞİKAYƏT ARAŞDIRILIR»

Şəki polisi Küdürlü sakininin şikayətinin araşdırıldığını bildirir.

XS
SM
MD
LG