Sahibkarın iddiasına görə, icra hakimiyyətinin işçiləri onun mağazasındakı meyvə-tərəvəzi daşıyıb aparıblar. Sonra da apardıqlarını uşaq bağçalarına payladıqlarını deyiblər.
«PORTRETLƏRİ DƏ AYAQ ALTINA ATDILAR»
«4 aydır ki, icra hakimiyyətinin işçiləri mağaza sahiblərinə vurduqları zərəri ödəmirlər. Birinin ərzağını daşıyıblar, o birinin mağazasının qarşısından satdığı qapını, dəmir barmaqlığı aparıblar».
Bunu deyən Elmir Ağalarovun Mehdiabadda meyvə-tərəvəz dükanı var. Hər səhərin alatoranlığında bazara gedir, alıb gətirdiyi meyvə-tərəvəzin üstünə qəpik-quruş qoyub gün ərzində satmaqla dolanırmış. Bu il aprelin 4-də aldığı meyvə-tərəvəzi yerbəyer edərkən dükanın qarşısında qəflətən «QAZEL» peyda olub:
«Əvvəl dükanın çölünü yığışdırıb daşıdılar maşına, sonra da keçdilər içərisinə, nə meyvə-tərəvəz vardı, yığdılar. Mən etirazımı bildirəndə dükanın altını-üstünə çevirdilər. Özüm rəssamam, ulu öndərimizin, Mehriban xanımın, Zərifə Əliyevanın portretlərini çəkib dükandan asmışdım, onları da ayaq altına atdılar. Beləcə, dükandakı meyvə-tərəvəzi silib-süpürüb özləri ilə apardılar».
«ZİBİLLİYƏ GEDƏCƏKDİ, UŞAQLAR YESİN»
Sonra o, qonşuluqdakı bir neçə mağazaya da «hücum» olduğunu öyrənib. İnşaat materialları mağazalarının qarşısındakı mallar, meyvə-tərəvəz dükanlarındakı meyvələr yığışdırılaraq aparılıb:
«Əvvəl elə bilirdim ki, icra hakimiyyətinin işçiləri bunu özbaşına edib. Bu yaxınlarda başçının sahibkarlarla görüşü keçirildi, mən də oradaydım. Başıma gələnləri danışanda dedi, «mənim tapşırığım olub. Küçə ticarəti ilə məşğul olmaq qadağandır». Ona başa salmağa çalışdım ki, «sənin işçilərin təkcə mağazanın qarşısını yox, içərisini də qarət ediblər». İkincisi də, yeşikləri dükanın divarına söykəyib meyvə satmaq nə vaxtdan küçə ticarəti hesab olunub?».
E.Ağalarov Abşeron rayon İcra Hakimiyyətinin Mehdiabad üzrə icra nümayəndəliyindən dükandan daşınan məhsulların yerini də öyrənə bilib. Ona deyilib ki, meyvə-tərəvəzlər uşaq bağçalarına paylanıb, bildirilib ki, «onsuz da çürüntü olub zibilliyə gedəcəkdi, uşaqların yeməyi savabdır».
«DÜZ DANIŞMIR»
Abşeron rayon İcra Hakimiyyətindən AzadlıqRadiosunun «Qaynar xətt»inə bildiriblər ki, məsələ heç də Elmir Ağalarovun dediyi kimi baş verməyib. Sahibkara və mağaza işçisinə bir neçə dəfə xəbərdarlıq olunub ki, məhsulu mağazanın içərisinə yığsınlar:
«Düz danışmır. Polisə də müraciət edib, araşdırılıb, hamısı yalandır. İcra hakimiyyətinin işçiləri reket deyil ki, gəlib kimin nəyi var, yığıb maşına yükləyib aparsın. Sadəcə, xəbərdarlıq olunub, vəssalam».
Sahibkarınsa iddiasına görə, icra hakimiyyətinin işçilərinin «basqını» nəticəsində ona azı min manat zərər dəyib. Üstəlik, mağazanı da qapadıb. O, hətta Prezident Administrasiyasının şöbə rəisi Zeynal Nağdəliyevlə də görüşüb. Ona başına gələnlərə görə polisə müraciət etməsi tövsiyə olunub. Sahibkarın polisə şikayətinəsə, deməsinə görə, baxılmır.
Abşeron rayon Polis İdarəsindən «Qaynar xətt»ə bildiriblər ki, E.Ağalarovun şikayəti ilə bağlı araşdırma davam etdiyindən məlumat verə bilməzlər.