Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:54

Kuba dissidentlərə xarici səfər icazəsi verib


2013-cü ildə Kubanın tanınmış blogeri Yoani Sanchez-ə ölkədən çıxmaq icazəsi verilmişdi (Foto arxivdəndir)
2013-cü ildə Kubanın tanınmış blogeri Yoani Sanchez-ə ölkədən çıxmaq icazəsi verilmişdi (Foto arxivdəndir)

Barack Obamanın Kubaya səfəri ərəfəsinə təsadüf edən bu icazə hökumətin “öz seçimi” ilə verilir.

Kuba ölkənin bir neçə dissidentinə xaricə səfər etmək icazəsi verib.

Fərqli düşüncə sahiblərinin üzərinə “Qara bahar” hücumu zamanı məhbus edilmiş dissidentlərin hər birinə hələlik ölkəni bir dəfə tərk etmək icazəsi verilib.

Xəbər verilir ki, Barack Obamanın Kubaya səfəri ərəfəsinə təsadüf edən bu icazə hökumətin “öz seçimi” ilə verilir.

Prezident Obama deyib ki, onun Kubaya səfərindən əsas məqsəd hökumətin insanların vəziyyətini yaxşılaşdırmasına nail olmaqdır.

Bir sıra opponentləri Obamanı öz vətəndaşlarına azad seçki, sərbəst toplaşma imkanı yaratmayan Kuba hökumətinə güzəştlərə görə tənqid edirlər.

“Yaxşı davranışa görə”

2003-cü ildə Kuba tarixinə “Qara bahar” kimi düşmüş təqiblər zamanı 11 dissident məhbus edilmişdi.
İndi onların 7 nəfərinə xaricə səfər etmək hüququ tanınıb.

Lakin hökumət bundan əvvəl onların “davranışına” diqqət yetirildiyini bildirib.

Qrupun siyasi baxımdan daha fəal dörd üzvü hələ də ölkədən çıxa bilməyəcək.

Britaniya mətbuatı yazır ki, fəallardan Marta Beatriz Roque onlara bazar günü Kuba miqrasiya idarəsindən zəng edildiyini söyləyib.

Onlara bildirilib ki, icazə bir səfər üçün verilir və onlar sonra ölkəyə qayıtmalıdırlar.

Roque deyib ki, o, Birləşmiş Ştatlara səfər etmək və qohumlarını görmək istəyir.

O Kuba hökumətinin bu addımının Barack Obamanın səfəri ilə bağlı olduğunu deyib, lakin icazənin bir dəfə üçün olmasından, həm də qalan 4 dissidentə şamil olunmamasından gileylənib.

Dövlət televiziyasının keçmiş redaktorlarından dissident Jorge Olivera deyib ki, ABŞ-da bir illik aspirantura təhsili almaq istərdi.

“Hökumət bizə deyib ki, icazəni özümüzü yaxşı apardığımız üçün veriblər”- deyib dissident.

XS
SM
MD
LG