Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Qaradərili detektiv irqçilərlə necə 'oynadı'


Ku-kluks-klan fəalı
Ku-kluks-klan fəalı

1978-ci ildə Ron Stallworth Kolorado Sprinqs polis departamentində detektiv kimi çalışırdı. Bir gün o, insanları Ku-kluks-klan (KKK) haqda məlumat almağa dəvət edən elana rast gəlir… və ona cavab verir. İki həftə sonra polis departamentinin gizli nömrəsinə zəng gəlir. Zəng vuran KKK-in təşkilatçısı idi. O, Stallworth-un Klan-a nə üçün qoşulmaq istədiyini soruşurdu.

«Mən dedim ki, təmiz ari irqindən olduğuma görə qoşulmaq istəyirəm. Dedim ki, ağ irqin qaralar və digər azlıqlar tərəfindən təhqir olunmasından yorulmuş ağdərili kişiyəm», - Stallworth xatırlayır.

«Ağılları olsaydı...»

Ancaq hazırda çoxlarının tanıdığı Stallworth əslində qaradərilidir. O, özünün «Qara klançı» (Black Klansman) adlı memuar kitabında Ku-kluks-klana kələk gələrək özünü onlardan biri kimi qələmə verməsindən yazır:

«Kəşfiyyat zabiti, detektiv kimi mənim işim Kolorado Sprinqsdə hər hansı neqativ təsirə səbəb ola biləcək dağıdıcı fəaliyyəti izləmək idi. Gəlin etiraf edək ki, Ku-kluks-klan tarixən dağıdıcı qrup olub. Mən də qəzetdə elanı görəndə əlbəttə ki, bu məni ayıltdı və məsələni araşdırmağa sövq etdi.

Siz yetkin yaşa çatmısınızsa və həyatı boyu sizə dəfələrlə «zənci» deyilibsə, irqi mənsubiyyətinizə görə sizinlə pis davranılıbsa, bu məsələnin üstünə getmək çətin deyil.

Aydın məsələdir ki, mən Afrika mənşəli qaradəriliyəm və özümü KKK üzvü kimi göstərərək ağ supremasistlə görüşə bilmərəm. Ona görə də bir ağdərili zabitdən xahiş etməli idim ki, özünü Ron Stallworth kimi qələmə versin. Beləliklə, gizli narkotik detektivi olan dostum özünü mənim adımla təqdim etməyə başladı. Kitabda onun adı Chuck kimi verilib, ancaq bu, onun əsl adı deyil. İlk görüşdə mən ona bütün sənədlərimi verdim, təkcə fotomdan başqa. Onlar onun həqiqətən də mən olduğum haqda suallar verəndə o mənim sənədlərimi göstərib onları inandıra bilərdi. Və bu işə yaradı. Biz bunu 7 ay yarım davam etdik.

İlk dəfə zəngləşdiyim yerli təşkilatçının adı Ken O'dell idi. Çox da ağıllı deyildi. Onların heç biri yüksək zəkalı deyildilər. Ağılları olsaydı, telefonda və üzbəüz iki fərqli insanla danışdıqlarını anlayardılar. Çünki mənim və Chuck-ın səslərimiz bir-birinə heç oxşamır. Ancaq yeddi ay yarım ərzində onlar bundan şübhələnmədilər.

Cangüdən təyin olunur

KKK rəhbəri David Duke şəhərimizə gəlmişdi. Bir neçə radiostansiyaya və bir TV kanalında tarixçi professorla debata çıxmalı idi. Ona ölüm hədələri göndərilirdi. Onun Kolorado Sprinqsə gəlməsinin səhəri günü şefim mənə zəng vurub məni David Duke-un cangüdəni təyin etdiyini dedi.

Mən David Duke-la görüşüb adımı demədən özümü təqdim etdim. Sadəcə dedim ki, «Mən Kolorado Sprinqs polis departamentinin detektiviyəm. Sizin fəlsəfənizə və siyasi ideologiyanıza inanmıram, ancaq bir peşəkar kimi mənim şəhərimdə olduğunuz müddətdə təhlükəsizliyiniz üçün əlimdən gələni edəcəyəm».

O çox səmimi idi. Klan tərzində əlimi sıxdı. O bilmirdi ki, mən bunun Klan əl sıxması olduğunu bilirəm.

David Duke irqlər haqda danışmayanda çox xoş həmsöhbət idi. İrq, yəhudilər və etnik mənşə haqda danışmayanda adi adam təsiri bağışlayırdı. O mövzular başlayanda isə o, monstra çevrilirdi.

Mən KKK haqda bunu öyrəndim ki, onlar öz məqsədlərində çox ciddidirlər. Onlar həqiqətən də inanırlar ki, ağdərili olduqlarına görə qaralar, yəhudilər və digərlərindən üstündürlər. David Duke-un məqsədlərindən biri Klanı cəmiyyətin gözündə irqçi təşkilatdan hörmətli və qəbul olunan quruma çevirmək idi. Təəssüf ki, indi Ağ evdə oturan centlmenin sayəsində buna qismən nail olunub».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG