Kollektiv Təhlükəsilzlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası təşkilatın baş katibi Stanislav Zasın başçılığı ilə sentyabrın 20-də Ermənistana gəlib.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, missiyaya habelə KTMT-yə üzv ölkələrin nümayəndələri və işçi qrupların rəhbərləri daxildirlər.
Xəbər verilir ki, missiyadan məqsəd Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyətin qiymətləndirilməsi, KTMT-yə üzv dövlətlərin başçıları üçün hesabatın hazırlanması və gərginliyin deeskalasiyası üçün konkret təkliflərin verilməsidir.
Missiyanın sərhəd bölgələrinə baş çəkəcəyi və yerli sakinlərlərlə görüşlər keçirəcəyi gözlənilir.
KTMT nümayəndə heyətinin səfəri sentyabrın 20-dən 25-dək davam edəcək.
Azatutyun xəbər verir ki, KTMT-nin öncül qrupu artıq bölgədəki işini bu yaxınlarda başa çatdırıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin demişdi ki, KTMT xətti ilə Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasıl üçün tədbirlər görülür.
Ötən həftənin əvvəllərində Ermənistan-Azərbaycan sərhədində intensiv hərbi əməliyyatların başlanması ilə bağlı Yerevan rəsmən KTMT-yə, BMT-nin Təhlükəsizlik Şurasına və Rusiya Federasiyasına müraciət etmişdi.
Ermənistanın üzv olduğu KTMT bu müraciətə cavab olaraq Ermənistana monitorinq qrupu göndərmişdi.
Qrup Ermənistan-Azərbaycan sərhədinin bəzi sektorlarında müşahidələr aparmışdı.