Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

'Büllur gecə' - sınan şüşələrin əks-sədası


1938-ci il noyabrın 10-u. Maqdeburqda dağıdılmış yəhudi mağazaları
1938-ci il noyabrın 10-u. Maqdeburqda dağıdılmış yəhudi mağazaları

Almaniya kansleri Angela Merkel öz ölkəsində 1938-ci ildə baş vermiş Kristallnacht – “Büllur gecə” hadisəsinin 80-ci ildönümündə Almaniyada yüksəlişdə olan antisemitizm barədə xəbərdarlıq edib.

Telegraph yazır ki, Almaniya kanslerinin bu çıxışından əvvəl Fransa bəyan etmişdi ki, bu ölkədə bu ilin 9 ayı ərzində antisemit aktların sayı birdən-birə 69 faiz artıb.

1938-ci ildə noyabrın 9-dan 10-a keçən gecə nasist Almaniyasında baş verniş “Büllur gecə” və ya “Sındırılmış şüşələr gecəsi” adını qazanmış hadisə nəticəsində çox sayda yəhudi öldürülmüş, ölkədəki bütün sinaqoqlar dağıdılmış, yəhudi mağazaları talan edilmişdi.

Bir çox tarixçilər bu hadisəni Holokostun başlanğıcı hesab edirlər.

Berlində keçirilən xatirə mərasimində xanım Merkel deyib: “Biz bunu yalnız yadetmə günündə yox, hər gün xatırlamalıyıq. Gəlin hər gün elə çalışaq ki, 80 il əvvəl baş vermiş hadisə bir daha təkrar olunmasın”.

1938-ci ilin yəhudi poqromunu “bəşəriyyətin çöküşünə” bənzədən kansler əlavə edib ki, o vaxt Almaniyada bu hadisə baş verəndə də antisemitizm yüksəlişdə idi:

“Mən əminəm ki, biz əgər 1938-ci il poqromunu həmin prosesin bir hissəsi kimi qəbul edə bilsək, baş vermiş hadisədən dərs ala bilərik”.

Almaniya Yəhudiləri Mərkəzi Şurasının prezidenti Josef Schuster bu ildönümündən istifadə edərək millətçi Almaniya üçün Alternativ (AfD) partiyasını kəskin tənqid edib.

“Onlar Holokost qurbanlarını və bu faciədən sağ çıxanları məsxərəyə qoymaqla…bizim yaddaş mədəniyyətimizi dağıdırlar”.

Ötən cümə günü bu partiyanın üzvü Andreas Wild-ın yaxasına mavi güləvər çiçəyi taxaraq “Büllur gecə”ni yadetmə mərasiminə qatılması böyük hiddət doğurub. Mavi güləvər çiçəyindən 1930-cu illərdə Avstriyada qadağan edilmiş nasist partiyasının məxfi rəmzi kimi istifadə edirdilər.

Mavi güləvər 1930-cu illərdə Avstriya nasistlərinin məxfi rəmzi idi
Mavi güləvər 1930-cu illərdə Avstriya nasistlərinin məxfi rəmzi idi

Cənab Wild sonradan bu simvolika barədə heç nə bilmədiyində israr edib.

Almaniyada ifrat sağçıların yüksəlişindən narahatlıqla danışan Merkel deyib: “İş o yerə çatıb ki, biz hər bir yəhudi təsisatını polislə mühafizə etməli oluruq”.

Bu arada Fransanın baş naziri Edouard Philippe deyib ki, 2018-ci ilin əvvəllərindən bəri ölkədə antisemit hücumların sayı son iki ilin ən yüksək həddinə çatıb. Philippe Facebook səhifəsində yazıb ki, “vətəndaşımızın üzərinə hər bir hücum sanki sınan şüşələrin əks-sədasını verir”.

"Nə üçün biz belə ağrılı hadisəni 2018-də yada salırıq. Çünki biz antisemitimzlə haqq-hesabı çəkib qurtarmaqdan hələ çox uzağıq”.

1938-ci il, Almaniya
1938-ci il, Almaniya

Daha sonra baş nazir Nobel mükafatlı yazıçı Elie Wiesel-in sözlərini yada salır: “Ən böyük təhlükə, oğlum, biganəlikdir”.

Fransa hökuməti artıq gələn ildən internetdə nifrətin qızışdırılmasına qarşı qaydaları sərtləşdirməyə başlayacaq. Sosial media şirkətlərindən öz platformalarını irqçlik və antisemitizmdən mühafizə etmək tələb ediləcək.

Cənab Philippe deyib ki, internet ekstremizminə qarşı mübarizənin gücləndirilməsi üçün müstəntiqlər və hakimlərə xüsusi kurslar keçiləcək.

Noyabrın ortalarından məktəblərdə antisemitizmə hədəf olan müəllimlərin müdafiəsi üçün konkret işlər görüləcək.

Antisemitizmlə bağlı rəqəmlər Fransa siyasətçiləri, tarixçiləri və yəhudi icması arasında ciddi narahatlıq yaradıb.

Sağ təmayüllü müxalifət siyasətçisi Jean-François Copé baş verənləri “qırmızı həyəcan” adlandırıb:

“Antisemitizmin belə güclü yüksəlişi cəmiyyətdə zorakılığın, qanunsuzluğun geniş yayıldığını göstərir və bunlara dərhal son qoyulmalıdır”.

Lakin Fransanın ifrat sağçı Milli Hərəkat Partiyasının lideri Marine Le Pen, baş naziri antisemitizmin artmasının köklərini göstərməməkdə ittiham edib.

Partiyası daha çox antisemitizminə görə tanınan Le Pen deyib ki, indi Fransa cəmiyyəti üçün ən böyük təhlükə islamçılıqdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG