Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:10

Krımda lampaya heykəl qoyulub


Heykəl
Heykəl

Krımda «blackout»a, yəni yarımadanın ötən ilin sonlarında qaranlıqda, elektriksiz qalmasına görə metaldan lampaya abidə qoyulub.

Currenttime.tv-nin əməkdaşı bu abidəni belə təsvir edir: art-obyekt metaldan hazırlanmış iki lampadan ibarətdir, onlar sutkanın qaranlıq saatlarında işıq saçırlar.

Krımda belə bir heykəl qoymağa nə hacət vardı? Onun müəllifləri kimdir? Bununla hansı mesajı vermək istəyirlər?

«VƏZİYYƏTDƏN LƏYAQƏTLƏ ÇIXMAĞIN RƏMZİ»

Yalta administrasiyasının başçısı Andrey Rostenko-nun sözlərinə görə, bu, işığın kəsilməsinin rəmzidir, həmçinin «bizim bu vəziyyətdən ləyaqətlə çıxmağımızın simvoludur».

Yaltadakı Kalinin bağında «blackout abidə»sinin rəsmi açılışı da keçirilib. Açılışda işıqlar söndürülüb.

Yada salaq ki, Rusiyanın ilhaq etdiyi yarımadada ötən ilin noyabrında elektrik kəsilmişdi və bu durum təxminən beş ay davam etmişdi.

NAMƏLUM MÜƏLLİFLƏR

Abidənin ideyası «təşəbbüskarlar qrupu»na məxsusdur, ancaq onlar adlarının naməlum qalmasını istəyiblər. Üstəlik də, abidəni öz vəsaitləri hesabına ərsəyə gətiriblər. Ancaq «lampa»nı ideyadan gerçəyə çevirən rəssam Dmitry Golderbayn-dır.

Bir qədər əvvəl yazdığımız kimi, art-obyekt iki lampadan ibarətdir, onların biri böyük, digəri kiçikdir. Lampalar metaldandır və qaranlıqda yanır. Onlar paslanmayan poladdan düzəldilib, buna görə də əlverişsiz hava şəraiti belə onların işıq saçmasına – yanmasına mane olmayacaq. Hər halda, şəhər hakimiyyəti belə iddia edir.

«ELEKTRİK TƏCHİZATINDA SONUNCU NÖQTƏ»

«Yalta Krım blackout-u zamanı ən çox itkilərə məruz qalan bölgələrdən biridir, çünki biz elektrik enerjisi təchizatında sonuncu nöqtədə yerləşmişik. Amma bununla belə, biz vəziyyətdən ləyaqətlə çıxdıq. Yeni art-obyekt hər şeyə rəğmən, bizim bütün əngəlləri aşmamızın bir simvoldur»,- abidənin açılışında Yalta administrasiyasının rəhbəri olan Andrey Rostenko belə deyib.

UKRAYNADAKI ƏLEYHDARLARIN TƏXRİBATI

Ötən il noyabrın 20-də Krımda güclü blackout baş verib, bunun da nəticəsində Ukraynanın Herson vilayətindən elektrik enerjisi alan ilhaq edilmiş yarımada tamam işıqsız qalmışdı. Buna səbəb «enerji blokadası» idi. Ukraynada Krımın ilhaqının əleyhdarları olan bir qrup şəxs elektrik ötürücüsünün dirəyini partlatmışdılar.

Nəticədə yarımadada fövqəladə vəziyyət elan olunmuşdu, insanlar yarıqaranlıqda yaşamağa məcbur qalmışdılar. Bir çox evlərə təxminən bir ay istilik verilməsi dayandırılmış, orta məktəblər və başqa təhsil müəssisələri, teatrlar və kinoteatrlar bağlanmışdı. İnternet, mobil telefon əlaqəsi məhdudlaşdırılmış, küçələrin işıqlandırılması dayandırılmış, su fasilələrlə verilmişdi.

RUSİYANIN YERALTI XƏTLƏRİ

İlk blackout-dan dərhal sonra Rusiya Çin enerji şirkətinə Kerç boğazından keçməklə Krasnodar diyarından sualtı kabelin çəkməsini sifariş etmişdi. Beləliklə, Rusiyadan Krıma hər birinin uzunluğu 13.5 km olan, 8-18 metr dərinlikdə yerləşdirilən 4 kabel xətti çəkildi.

Sonuncu – dördüncü kabel xətti bu ilin mayında təntənəli şəkildə işə salınıb.

İndi Krım hakimiyyəti turistləri bölgəyə cəlb etməkdən ötrü əmin edirlər ki, bu ilin yayında, kurort mövsümü zamanı elektrik kəsilməyəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG