Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın cənubunda yerləşən, XVI əsrə aid Xan Sarayının restavrasiyası üçün yerli hökumət tarixi binaların bərpası işində heç bir təcrübəsi olmayan şirkəti dəvət edib. Əsrlərlə tarixi olan palıd sütunları qoparılaraq, yerinə beton tökülüb. Qiymətli divar örtüyü (kafel) sökülüb. Divar rəsmləri isə yüksəktəzyiqli su şırnağının təsiri nəticəsində, demək olar, tamamilə silinib.
Qara dəniz sahilindəki liman şəhəri olan Sevastopolun 50 kilometr cənub-qərbində yerləşən Baxçasaraydakı Xan Sarayı 2013-cü ildə UNESCO tərəfindən Dünya İrsi Siyahısına potensial əlavə kimi daxil edilib.
Kiyev UNESCO-ya çağırış edib
«Sarayın tarixi əhəmiyyətini itirməsi təhlükəsi var. İşçilər artıq köhnə sütunları kəsib, binanın bəzi hissələrində betondan istifadə ediblər. Onlar əsl vandaldırlar. Restavrasiya işi belə görülmür», – Krım etnik qruplararası münasibətlər və deportasiya edilmiş xalqlar komitəsinin keçmiş sədri Edem Dudakov deyir.
Məsələ ilə bağlı narazılıq o qədər böyükdür ki, Kiyev UNESCO-nu Moskvanın beynəlxalq normalara tabe olmasına nail olmağa, tarixi abidəyə daha artıq ziyan vurulmasını önləmək üçün əlindən gələni etməyə çağırıb.
UNESCO isə məsələ ilə bağlı heç bir hərəkət etmir. «Bu mərhələdə biz heç bir münasibət bildirə bilərik. Ancaq onu deyə bilərik ki, bu il bu tarixi abidənin Dünya İrsi Siyahısına namizədliyi verilməyəcək», – UNESCO sözçüsü Laetitia Kaci AzadlıqRadiosuna deyib.
Baxçasaraydakı Xan Sarayı Krım xanlarının iqamətgahı olub. Krım xanlığı 1478 - 1774-cü illər arasında mövcud olmuş, Osmanlı imperiyasının vassalı olan türk dövlətidir. O həm də Qızıl Ordadan qalan türk xanlıqlarının ən uzunömürlüsüdür. Saraya məscid, hərəmxana, məzarlıq, yaşayış hissəsi və bağçalar daxildir.
«Mədəni irsə əsassız hücum»
Krım tatarlarının çoxu Rusiya işğalına etiraz ediblər. Təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatı bildirib ki, uzun zamandan bəri davam edən etnik ayrıseçkilik «institutlaşdırılmış təqib»ə çevrilib.
«Human Rights Watch» insan haqları qrupu isə 2017-ci ilin noyabrında bildirib ki, həmin təzyiq «yarımadada hər hansı narazılığı tamamilə susdurmaq məqsədilə, müxtəlif bəhanələrlə gücləndirilib». İndi Krım tatarları Xan Sarayının bərpası işinə həmin prizmadan baxırlar.
Krım tatarlarının haqları üzrə vəkil Emil Kurbedinov ərazidəki bərpa işini «Krım tatarlarının tarixi irsinə, mədəni irsə əsassız hücum» kimi dəyərləndirib.
Moskvada yerləşən «Atta» Memarlıq və Planlaşdırma Holdinqi işin əsas podratçısıdır. Onun yerli subkontraktoru isə bilavasitə işi görən «Kiramet» şirkətidir.
Bu şirkətlərin necə seçildiyini heç kim bilmir, çünki seçim gizli aparılıb. «Atta Group»un saytına baxanda şirkətin daha çox göydələnlər, hava limanı terminalları və idman stadionları tikmək üzrə ixtisaslaşdığı görünür.
Bərpa prosesinin özü də seçim kimi gizli gerçəkləşdirilir. Xan Sarayında baş verənləri yalnız gizli çəkilmiş fotolardan görmək olur.
Nazirlik detalları açıqlayıb
Noyabrda Ukraynanın Mədəniyyət Nazirliyi vurulmuş ziyan haqda bəzi detalları ortaya qoyub.
«Böyük Xan Məscidinin (Biyük Xan Camii) divarlarındakı kirəmiti sökən zaman XVIII əsrə aid divar rəsmləri zədələnib. Bundan başqa, yüksəktəzyiqli su şırnağının təsiri nəticəsində binanın fasadı çat verib, malası tökülüb. Məşhur Baxçasaray Fontanını yumaq üçün də eyni üsuldan istifadə olunub. Nəticədə o da zədələnib», – nazirliyin noyabrın 6-da dərc edilmiş hesabatında deyilir.
Baxçasaray tarix, mədəniyyət və arxeologiya muzeyinin keçmiş rəhbəri Elmira Ablyalimova baş verənləri əks etdirən fotoları gördükdən sonra şok yaşadığını bildirib. O, XVI əsrə aid məscid divarlarının sındırılmasını, bu divarlara aid daşların lazımsız tullantı kimi ortalıqda səpələnməsini gördükdən sonra baş verənləri «cinayət» adlandırıb.
«Biz artıq itirdiyimizi itirmişik. Ancaq qədim kirəmiti qoruyub saxlamalıyıq. Onlar sökülərək harasa göndərilib. Mühafizəçilər də heç kimi əraziyə buraxmırlar. Kirəmit yerinə qaytarılmasa, Xan Sarayı artıq UNESCO siyahısına daxil olmayacaq. Hesab edirəm ki, Ukrayna bu məsələni yerli səviyyədən dövlət səviyyəyə qaldırmalıdır. Yalnız bu halda beynəlxalq ictimaiyyətin bu məsələyə daha çox diqqətini cəlb etmək olar», – E.Dudakov deyir.