Rusiya ordusu mayın 27-də bildirib ki, hava hücumundan müdafiə sistemləri son sutka ərzində üç "Storm Shadow" raketini vurub.
Kiyev bu məlumatları şərh etməyib, xəbərləri müstəqil şəkildə təsdiqləmək isə mümkün olmayıb.
Rusiya rəsmiləri Voronej, Tuapse və Taqanroq şəhərləri daxil olmaqla, ölkə daxilində dron və raket hücumları barədə məlumat veriblər.
Cənubdakı Taqanroq liman şəhərində Rusiya hava hücumundan müdafiə sistemləri raketi vurduqdan sonra iki nəfər yaralanıb. Bunu şəhərin meri Svetlana Kambulova Telegram-da yazıb.
"ASTRA" rusdilli Telegram kanalının məlumatına görə, hücum nəticəsində Taqanroqdakı 325-ci Aviasiya Təmir Zavodunda yanğın baş verib. Zavodun özünün zərər görüb-görmədiyi hələlik bəlli deyil.
Rusiyanın Krasnodar vilayətinin hakimiyyət orqanları bildiriblər ki, Tuapse liman terminalına dron qalıqları düşüb və nəticədə baş vermiş yanğın tez bir zamanda söndürülüb.
"ASTRA"nın məlumatına görə, Tuapsedəki partlayışlardan biri ehtimal ki, neft emalı zavodunun yaxınlığında baş verib. Bu isə son aylarda həmin neft obyektinə edilən azı beşinci hücum sayılır.
AzadlıqRadiosu bu məlumatı dərhal təsdiqləyə bilməyib.
Ukraynaya hücumlar
Ukrayna hakimiyyəti isə Rusiyanın ötən gecə ölkə ərazisinə 163 zərbə dronu ilə hücum etdiyini bildirib.
Şimaldakı Çerniqov şəhərində yerli hərbi administrasiya rəsmisi bildirib ki, şəhər genişmiqyaslı hücuma məruz qalıb. Təxminən 15 partlayış qeydə alınıb, hələlik ölən və ya yaralananların olduğu təsdiqlənməyib.
Donetsk vilayətinin qubernatoru Vadim Filaşkin mayın 27-də bildirib ki, Rusiyanın vilayətə endirdiyi zərbə nəticəsində beş nəfər həlak olub, daha iki nəfər yaralanıb.
Ukraynanın Sevastopola 'Storm Shadow' raketləri atdığı bildirilir
Rusiya işğalı altında olan Krım vilayətindəki Sevastopol limanında hava hücumundan müdafiə bölmələri mayın 27-də səhər 20-dən çox Ukrayna dronunu vurub. Şəhərin rəhbəri Mixail Razvojayev Ukraynanın hücumda "Storm Shadow" raketlərindən də istifadə etdiyini bildirib.
Razvojayev ilkin məlumatlara əsasən xəsarət alan olmadığını deyib. Onun sözlərinə görə, hücum nəticəsində Mərkəzi Bankın regional idarəsi və səkkizmərtəbəli yaşayış binası daxil olmaqla, bir neçə bina zədələnib.
"Storm Shadow" raketləri Fransa-Britaniya konsorsiumu tərəfindən istehsal olunur. Rusiya daha əvvəl Ukraynanın bu silahlardan istifadəsinə etiraz olaraq Britaniya və Fransa səfirlərini çağırmışdı.
Moskva Krımı 2014-cü ildə Ukraynadan ilhaq edib.
Rusiyanın Ukrayna ilə sərhədin şərqində yerləşən Taqanroq liman şəhərində vurulan raketin qalıqlarından isə iki nəfərin yaralandığı bildirilir.
"İnterfaks" agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verib ki, Rusiya ümumilikdə ötən gecə 140 pilotsuz uçuş aparatını vurub.
Ukraynanın Dnepropetrovsk və Zaporojye vilayətlərinə Rusiyanın zərbələri nəticəsində isə 21 nəfər yaralanıb. Yerli hakimiyyət orqanları "Telegram"da bu barədə məlumat yayıb.