Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 13:25

Kosovo-Serbiya torpaq dəyiş-düyüşü niyə Putinə sərf edərdi?


Avropa İttifaqının Bosniya-Herseqovinadakı keçmiş səfiri Paddy Ashdown

Avropa İttifaqının Bosniya-Herseqovinadakı keçmiş səfiri Paddy Ashdown deyib ki, Serbiya və Kosovo arasında təklif olunan torpaq dəyiş-düyüşü təhlükəlidir və başqa sərhədlərin də dəyişdirilməsinə təkan verərək etnik gərginliyi alovlandıra bilər. O bildirib ki, belə bir hala yol verilərsə Rusiya Ukraynaya qarşı təcavüzünə haqq qazandırmaq imkanı əldə edəcək.

Bu xəbərdarlıqdan əvvəl yayılan məlumatlardan bəlli olurdu ki, Belqrad və Priştina ərazi dəyişdirilməsi məsələsinə ciddi şəkildə baxmaq istəyirlər. Ərazi dəyişdirilməsi yerli etnik serb və kosovoluların probelminə son qoymalıdır. ABŞ rəsmiləri bildiriblər ki, əgər Serbiya və Kosovo bu barədə razılığa gəlsələr, Vaşinqton buna qarşı çıxmayacaq.

2002-2006-cı illərdə Avropa İttifaqının Sarayevodakı səfiri olmuş Ashdown avqustun 30-da AzadlıqRadiosuna deyib ki, sərhədlərin etnik hüdudlar boyunca dəyişdirilməsi təhlükəli yoldur və Balkanlarda əldə edilmiş bütün kövrək razılaşmaları silkələyə bilər.

Bundan bir gün əvvəl Ashdown, onun keçmiş həmkarları Carl Bildt və Christian Schwarz-Schilling Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini-yə açıq məktub yazaraq onu belə bir ərazi dəyiş-düyüşünü dəstəkləməməyə çağırıblar.

Avqustun 29-da yazılmış məktubda deyilir ki, sərhədlərin bu sayaq dəyişdirilməsi fikir ixtilaflarını həll etməyəcək, əksinə millətçi siyasətçiləri gələcəkdə də sərhədlərin toxunulmazlığının pozulmasına həvəsləndirəcək və dünyanın başqa regionları üçün pis nümunə olacaq.

Serbiya prezidenti Aleksandar Vucic bu plan barədə təklifdən avqustun əvvəllərində söz açmışdı. Plana görə şimali Kosovodakı serb çoxluqlu ərazilər Serbiyaya, Presevo vadisində əsasən albanların yaşadığı ərazi isə Kosovoya verilməlidir.

Kosova prezidenti Hashim Thaci avqustun 14-də demişdi ki, “sərhədlərə düzəliş vermək məsələsini” sentyabr ayında Brüsseldə prezident Vucic-lə müzakirə edəcək.

Belqrad 2008-ci ildə elan edilmiş Kosovo müstəqilliyini tanımayıb. Kosovonun müstəqilliyi 115 ölkə tərəfindən tanınıb.

Həm Serbiya, həm də Kosovo Avropa İttifaqına üzv olmaq istəyirlər, lakin Belqrad “münasibətlərin normallaşmasını” üzvlük üçün ön şərt kimi irəli sürüb.

Ashdown AzadlıqRadisouna deyib ki, Vucic və Thaci arasında sərhədin dəyişdirilməsi barədə razılıq əldə edilərsə, bu, başqa regionlarda da buna bənzər istəklərə səbəb olacaq.

O əlavə edib ki, dəyişdirilən ərazilərin azlıqları miqrantlara çevriləcək.

Belə görünür ki, Ashdown “başqa regionlar” deyəndə Republika Srpskanı nəzərdə tutub. Bosniyanın tərkibinə daxil bu ərazinin prezidenti Milorad Dodik işarə edib ki, onun bölgəsi Bosniyadan qopmağı planlaşdırır.

Ashdown deyib: “Onda gərək Makedoniyanın da sərhədləri dəyişdirilsin ki, bu ölkənin şimalındakı alban azlığı Kosovoya qonşu olsun? Və yaxud Macarıstan-Serbiya sərhədi dəyişdirilməlidir ki, Voyevodadakı macar etnik azlığının problemi həll olunsun? Yaxud əhalisi müsəlman olan və Serbiya ilə Makedoniya arasında bölünmüş Sancak Bosniyaya verilməlidir? Əgər fikriniz Balkanlarda monoetnik bölgələr yaratmaqdırsa, onda gərək çox sərhədlər dəyişdirilsin. Bundan sonra etnik baxımdan təmiz dövlətlər yaranacaq”.

Ashdown bildirib ki, bu presedent Balkanlardan uzaqlara keçəcək.

"Bu təklifə iki əlini ovuşduranlardan biri də prezident Vladimir Putindir. Çünki o Ukraynada məhz belə bir şeyin baş verməsini istəyir. Daha doğrusu Ukraynanın problemini Ukrayna torpağının bir hissəsini qoparıb Rusiyaya verməklə həll etmək arzusundadır…”

Ashdown qeyd edib ki, Rusiya indiyədək Kosovo-Serbiya torpaq dəyişməsinə münasibət bildirməyib.

"Çünki onlar gözəl başa düşürlər ki, müdaxilə edərək bu təklifi bəyəndiklərini desələr, bu dəyiş-düyüş baş tutmayacaq. Amma onlar bunun baş verməsindən məmnun olardılar”.

XS
SM
MD
LG