Mayın 30-da Avropa İttifaqının (Aİ) xarici işlər komissarı Cozep Borrel (Josep Borrell) Kosovo hakimiyyətini və etnik serb etirazçıları Kosovonun şimalındakı gərginliyi “dərhal azaltmağa” çağırıb.
KFOR sabitləşdirici qüvvələrinin müdaxiləsi ilə nəticələnən etirazda əsgərlər və etirazçılardan onlarla insan yaralanıb.
Bu arada Kosovo polisi mayın 30-u səhər saatlarında etnik serblərin çoxluq təşkil etdiyi Zvecan, Leposaviq və Zubin Potok şəhərlərində vəziyyətin sakit olduğunu bildirsə də, yerli etnik serblər etirazların davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
“Biz heç bir insident qeydə almamışıq. Polis öz öhdəliklərinə uyğun olaraq vəzifələrini yerinə yetirir”, – Kosovo polisindən Veton Elşani AzadlıqRadiosuna bildirib.
“Aİ Kosovo hakimiyyətini və etirazçıları gərginliyi dərhal, qeyd-şərtsiz azaltmağa çağırır. Biz tərəflərdən məsuliyyətli davranmalarını və dialoq vasitəsilə dərhal siyasi həll tapmalarını gözləyirik”, – Borrel Tvitter-də yazıb.
Mayın 29-da NATO-nun rəhbərlik etdiyi KFOR qüvvələri Zvecan bələdiyyə mərkəzindən uzaqlaşmaq barədə xəbərdarlıqlara məhəl qoymayan etnik-serb nümayişçiləri dağıdıblar. Yerli serblərlə etnik alban məmurların qarşıdurmasının səbəb olduğu şiddətli toqquşmalarda onlarla əsgər və etirazçı yaralanıb.
NATO qüvvələrinin 25 üzvü yaralanıb
KFOR-dan verilən açıqlamada bildirilib ki, “etirazçılara nəzarət” zamanı qüvvələrinin 25-ə yaxın üzvü yaralanıb.
“NATO əsgərlərinə qarşı əsassız hücumlar qəbuledilməzdir və KFOR öz missiyasını qərəzsiz yerinə yetirməyə davam edəcək”, – KFOR missiyasının komandiri general Anjelo Mişel (Angelo Michele) deyib.
NATO bəyanatında hücumu pisləyib və bütün tərəfləri “gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və dialoqa” çağırıb.
İtaliyanın xarici işlər naziri Antoniya Tajani (Antonio Tajani ) tvitində 3-ü ağır olmaqla 11 italyan əsgərinin yaralandığını bildirib.
Macarıstanın müdafiə naziri 20-dən çox macar əsgərinin yaralandığını deyib.
Nə baş verib
Təxminən 16 min 500 əhalisi olan Zvecan Kosovonıun şimalındakı üç qaynar nöqtədən biridir. Priştina rəsmilərinin şəhərə etnik-alban merləri təyin etmək cəhdi yerli etnik serb icmalarını və qonşu Serbiyanı qəzəbləndirib.
Aprelin 23-də bu dörd bölgədə serblərin boykot etdiyi təkrar seçkilərdə fəallığq 3,5 faizdən aşağı olub. Buna baxmayaraq, bələdiyyə sədrlərinin hamısı and içib.
Yüzlərlə insan Zvecan, Leposaviç və Zubin Potokda bələdiyyə binalarının qarşısına toplaşarkən, həyəcan siqnalı çalınıb. KFOR əsgərləri iki tərəfi bir-birindən ayırmağa çalışır, eyni zamanda izdihamın qonşu Serbiyanın dəstəklədiyi “paralel” hökumətlərin yerləşdiyi binalara yaxınlaşmaması üçün üç bələdiyyəni qoruyur.
Rəsmilərin reaksiyası
Kosovonun baş naziri Albin Kurti mayın 29-da insanları sakitliyə çağırıb. O, Priştina ilə Belqradın, Balkan qonşuları arasında “sabitlik yolunda” irəliləməsi üçün üç ay əvvəl əldə etdiyi şifahi razılaşmadan danışıb. Razılaşmaya hədələrdən və güc tətbiqindən yayınmanın da salındığı bildirilir.
Ölkəsi Kosovonu tanımayan və Serbiya ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə salan Serbiya prezidenti Aleksandar Vuçiç (Aleksandar Vucic) mayın 29 gecə çıxış edərək, mayın 30-da “Quint” qrupunun nümayəndələri ilə görüş keçirəcəyini bildirib.
ABŞ və Aİ nümayəndələri Rusiyanın Ukraynaya qarşı müharibə apardığı bir vaxtda Kosovonun ölkənin şimalında bələdiyyə sədrlərini zorla təyin etmək qərarını pisləyiblər.
ABŞ-ın Kosovodakı səfiri Cefri Hovenyer (Jeffrey Hovenier) mayın 29-da Kosovo prezidenti Vjosa Osmani ilə görüşündə “zorakılıq ehtimalı və gərginliyin azaldılması zərurəti ilə bağlı ümumi narahatlıqlarını” dilə gətirib. Səfir Kurtiyə “əlverişli vaxtda” ilə görüşmək istədiyini bildirib.
Etnik serblər Kosovonun 1,8 milyon əhalisinin təxminən 5 faizini, əsas dörd şimal bölgəsində üstünlük təşkil edirlər.