Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiyaya aid modullarından birində tüstü həyəcanı siqnalı səslənib.
Ekipaj üzvlərindən bəziləri plastik maddə yanmasına bənzəyən iy hiss etdiklərini deyiblər.
Sentyabrın 9-da baş vermiş hadisə, belə görünür ki, ciddi deyil, amma o, son həftələrdə orbital stansiyanın göyərtəsindəkilərin əsəblərini tarıma çəkən nasazlıqlardan yalnız növbətisidir.
Rusiyanın Roskosmos agentliyi bildirib ki, tüstü siqnalı Zvezda modulunda səslənib və bu, stansiyanın batareyaları doldurularkən baş verib.
NASA telekanalındakı yayımda fransız astronavtın yanmış plastik iyi hiss etdiyini deməsi eşidilib.
Roskosmos vəziyyətin normal olduğunu deyir
Roskosmos bildirir ki, ekipaj hava filtrlərini işə salıb və havanın keyfiyyəti normallaşandan sonra “gecə istirahəti” moduluna keçib.
Agentlik bildirirdi ki, sentaybrın 9-na təyin edilmiş açıq kosmosa çıxış cədvəl üzrə icra olunacaq.
Açıq kosmosa çıxmalı olan kosmonavtlar Oleq Novitski və Pyotr Dubrov Rusiya istehsalı Nauka elmi laboratoriyasının stansiyaya inteqrasiyasını davam etdirməli idilər.
Nauka modulu BKS-ə iyul ayında yan alıb, lakin birləşmədən az sonra modulun mühərriki gözlənilmədən işə düşüb və nəticədə stansiyanın səmti qısa müddətdə dəyişib.
Rusiya kosmos rəsmiləri qəzanın kompüter proqramlarındakı səhvə görə baş verdiyini bildiriblər.
Müəmmalı insident
Bu arada ötən ay TASS dövlət xəbər agentliyi adı çəkilməyən Rusiya kosmos rəsmisinin 2018-ci ildə stansiyada baş vermiş müəmmalı hadisə barədə vahiməli iddialar irəli sürdüyünü bildirmişdi.
Həmin insident vaxtı Rusiyanın başqa bir modulunda insan əməli olduğu güman edilən deşiklər aşkar olunmuşdu.
Həmin rəsmi iddia edirdi ki, hadisə zamanı astronavtlardan birində qan axını ilə bağlı problem yaranmış və o dərin psixoloji sarsıntı yaşamışdı.
İddiaya görə qadın olduğu güman edilən həmin astronavt Yerə missiyası bitməzdən əvvəl qayıda bilmək üçün “yollar” axtarmışdı.
Bu iddialar Vaşinqtonda NASA rəsmiləri tərəfindən qətiyyətlə rədd edilib.