Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:47

Korrupsiya ilə mübarizədə nə var, nə yox...


Korrupsiya
Korrupsiya

Yanvarın 15-də Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev illik (2019) hesabatlarını açıqlayıb. O deyib ki, 2019-cu ildə Baş idarədə 497 şəxs barəsində 310 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib. K.Əliyev əlavə edib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83.2 milyon manat maddi ziyandan ibtidai araşdırma mərhələsində 21.8 milyon manatın ödənilməsi təmin edilib. Həmçinin, qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40.3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulub. İdarə rəisinin bildirməsinə görə, ümumilikdə vurulmuş maddi ziyanın 74.7 faizinin ödənilməsi təmin olunub.

«Regionçuluqda, yerlibazlıqda...»

Keçmiş deputat, işadamı Nazim Bəydəmirli AzadlıqRadiosuna deyib ki, korrupsiyaya görə həbs edilən bir neçə şəxs istisna olmaqla, əslində bu sahədə ciddi mübarizə görünmür.

N.Bəydəmirli
N.Bəydəmirli

«Korrupsiya vəzifə cinayətidir, vəzifədən sui-istifadədir. Dövlət resurslarını öz şəxsi məqsədləri üçün istifadə etməkdir. Bunun da səbəbi ümumilikdə ölkədə olan regionçuluqda, yerlibazlıqda, idarəetmədə olan əcaib yanaşmalardadır»,- keçmiş deputat vurğulayıb.

«Məmurların gəlir və əmlak bəyannamələri...»

İşadamına görə, məmurların gəlir və əmlakları haqqında bəyannamə vermələri gerçəkdə tətbiq olunsaydı, bu, korrupsiya ilə mübarizə baxımından daha səmərəli olardı. N.Bəydəmirli deyib ki, istənilən halda idarəetmədə korrupsiya adi hala çevrilib. Onun qeyd etməsinə görə, bəzən vəzifəyə təyin edilən şəxs öz qohum-əqrəbasını, dost-tanışını, sinif, universitet yoldaşlarını ətrafına yığır:

Hansı işlər rüşvətsiz alınmır?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

«Traybalizm xəstəliyi»

«Belə halda şəffaf idarəçilikdən danışmaq olmaz. Bu yanaşma vətəndaş məmnunluğuna gətirə bilməz. Buna görə də korrupsiyaya ilə mübarizə barədə rəsmi şəxslərin danışıqlarına, hamı kimi, mən də ironiya ilə yanaşıram».

Keçmiş deputatın fikrincə, hələlik, korrupsiya ilə bir elə də mübarizə aparılmır, sadəcə, bunun görüntüsü yaradılır: «Korrupsiyanı yenmək üçün iqtisadiyyatda, idarəetmədə, məhkəmə sistemində tam şəffaflıq olmalı, traybalizm (dövlət hakimiyyətinin tayfa-nəsil əsasında formalaşdırılması) xəstəliyi Azərbaycan idarəçiliyindən silinməlidir».

Z.Oruc
Z.Oruc

«Söhbət milyardlarla manatdan gedir»

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, V çağırış Milli Məclisin üzvü Zahid Oruc isə bu barədə fərqli düşünür. O hesab edir ki, son 5 ildə korrupsiyaya ilə mübarizə mühüm bir mərhələyə daxil olub. Onun deməsinə görə, bunu təsdiq edən çoxlu iqtisadi, sosial, hətta mənəvi parametrlər mövcuddur: «Elə korrupsiyanın həcminin çox olması dövlətin fiskal qurumlarında ciddi kadr dəyişikliklərinə səbəb oldu. Bunu hətta ən neytral mövqedə duran ekspertlər də təsdiq edirlər. Söhbət vergi, gömrük orqanlarından gedir. Artıq büdcə daxilolmalarında bunun köklü dəyişikliyə gətirib çıxardığı aydındır, burada isə söhbət milyardlarla manatdan gedir».

Z.Oruca görə, digər tərəfdən, 2019-cu ildə institusional islahatlar genişləndirilib. Amma o hesab edir ki, korrupsiyaya ilə mübarizə ümumxalq mövqeyi tələb edir: «Burada yalnız dövlətin iradəsinə, qanunvericiliyə, siyasi iradəliliyə arxayın olmaq olmaz, vətəndaşlar özləri də bu mübarizədə fəal yer almalıdırlar».

Mərkəz rəhbəri hesab edir ki, bu proses 2020-ci ildə daha sərt xarakter daşıyacaq. Onun fikrincə, dövlət başçısı yeni komanda, yeni hakimiyyət quruculuğunu həm də antikorrupsiya ideologiyası əsasında həyata keçirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG