Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Ekspertlər: Rüşvəti hakimiyyəti olanlar alır


Dövlət büdcəsi ən çox hansı sahədə talanır?
Gözlə

No media source currently available

0:00 0:15:12 0:00

Dövlət büdcəsi ən çox hansı sahədə talanır?

Azərbaycanda dövlət malını kimlər daha çox talayır? Korrupsiyaya daha çox bulaşmış məmurlar kimlərdir?

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, bu ilin birinci yarısında istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu mənzil-tikinti sektoru ilə bağlı olub.

Bu sahə üzrə 18 şəxs barəsində cinayət işinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib. Korrupsiyaya görə cəzalandırılmış sahələr arasında ikinci yerdə, bank və bank olmayan kredit təşkilatları durur.

Hüquqşünas Xalid Bağırov isə deyir ki, korrupsiyaya qurşanmış dövlət məmurları qalıb bir tərəfdə, hökumət özəl sektoru günahlandırır.

Onun sözlərinə görə, korrupsiya haqqında qanunda konkret olaraq göstərilib ki, korrupsiya subyektləri dövlət orqanlarında seçilən, təyin olunan vəzifəli şəxslər və bələdiyyələrdir:

“Düzdür, orda vəzifəli şəxs anlayışı da var, amma mən hesab edirəm ki, burda dövlət orqanlarında çalışan vəzifəli şəxslərdən söhbət getməlidir. Korrupsiyaya qarşı mübarizə idarəsi isə daha çox özəl sektora diqqəti yönəldir və bununla da dövlət sektorunda korrupsiyanı arxa plana keçirir”.

Hüquqşünas Xalid Bağırov deyir ki, ən böyük korrupsiya dövlət sifarişi ilə həyata keçirilən tikinti layihələrində, tenderlərdədir. Belə ki, dövlət büdcəsindən vəsait ayrılır ki, bu pulla tikinti aparılsın, bu layihələri rəqabətli tender keçirib, rəqabətli şəkildə özəl şirkətlərə vermirlər, məmurlara yaxın qruplara verirlər, bir çox hallarda tikinti isə layihələrinin dəyəri şişirdilir.

AzadlıqRadiosunun bir neçə jurnalist araşdırmaları dövlət büdcəsi hesabına aparılan tikinti layihələrinin məmurlara, o cümlədən, prezident İlham Əliyevin ailə üzvlərinə bağlı şirkətlərə, məsələn, AZENKO şirkətinə verilməsinə dair sənədlər üzə çıxarıb.

Bir qayda olaraq hakim ailənin təmsilçiləri bu cür ittihamlara reaksiya vermirlər. Amma xarici media orqanlarında buna bənzər korrupsiya iddiaları səslənəndə hakimiyyət təmsilçiləri bunları ölkənin rəhbərliyinə siyasi təzyiq cəhdi adlandırırlar.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu da deyir ki, korrupsiya daha çox tikinti sahəsindədir:

“Ən böyük vəsait bu sahəyə qoyulur. Dövlət büdcəsindən ən böyük vəsait investisiya layihələrinə qoyulur və bu pulun 99 faizi tikinti sektoruna yönəldilir. Bu da infrastruktur tikintisidir, sosial tikintilərdir, smeta dəyərinin şişirdilməsi son nəticədə korrupsiyaya gətirib çıxarır”.

Neft Fondunun açıqlamasına görə, Azərbaycan dövləti Bakı nefti və qazından son 17 ildə təqribən 134 milyard dollar gəlir əldə edib. Qubad İbadoğlu deyir ki, onun hesablamasına görə,bu puldan dövlət büdcəsinə köçürülmüş 90 milyard dollar ciblərə gedib, korrupsiyanın yeminə çevrilib. Hakimiyyət rəsmilərindən bu iddiaya hansısa münasibət öyrənmək mümkün olmayıb.

Qubad İbadoğlu deyir ki, Azərbaycanda hüquq mühafizə orqanları böyük korrupsiya ilə mübarizə aparmırlar. Onlar daha çox xırda, daha ictimai xarakter almış prosesləri təhqiq edirlər.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib ki, dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb:

“2018-ci ilin 1-ci yarısında qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilib və getdikcə bizim sahə prioritet istiqamətə çevilməkdədir. Ötən ilə nisbətən bu il müxtəlif dövlət qurumlarına 40 təqdimat artıq verilib”.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirib ki, 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. Bu şəxslərin adları açıqlanmır.

Amma hüquqşünas Xalid Bağırov deyir ki, son üç ildir, idarənin hesabatlarını yaxından izləyir, cəza alanların cavabdeh korrupsioner olduğunu düşünmür.

Onun sözlərinə görə, korrupsiya ilə mübarizə səmimi olsaydı, hakimiyyət başqa cür davranar, yüksək rütbəli dövlət rəsmiləri həbs olunardı:

“Korrupsiya ilə mübarizə haqqında qanuna əsasən, korrupsiya subyekti sayılan şəxslər dairəsindən də həbslər var. Bunlar dövlət qulluğunda çalışan həkimlər də ola bilər, müəllimlər də və ya “JEK”də işləyənlər də. Amma önəmli səviyyədə bu sahədə vəzifəli şəxsin həbs olunmasını çox təəssüf ki, biz hələ görməmişik”.

AzadlıqRadiosu bu mövzu barədə Bakı sakinlərinin fikirlərini öyrənib:

Hansı qurumlarda korrupsiya daha çoxdur
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Azərbaycan hökumətinin beynəlxaq korrupsiya reytinqi də aşağıdır və o Beynəlxalq Şəffaflıq indeksində 180 ölkə arasında 122 -ci yerdədir. Azərbaycanın bu siyahıdakı qonşuları iki Afrika ölkəsi olan Cibuti və Toqodur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG