Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:51

Qəbiristanlıqda qarovulçu həmin gün 7-8 körpə meyitinin birlikdə gətirildiyini deyir


Qəbirstanlıq (arxiv fotosu)
Qəbirstanlıq (arxiv fotosu)

2016-cı il aprelin 6-da Respublika Klinik Xəstəxanasında uşaq dünyaya gətirib, bu günə qədər övladının nə dirisini, nə də ölüsünü görməyən Günay Axundova xeyli vaxtdır ki, həm prokurorluq, həm də məhkəmə vasitəsilə xəstəxananın cəzalandırılmasına çalışır.

O, həm bu hadisədə günahı olanların cinayət məsuliyyətinə cəlb olunması tələbilə prokurorluğa, həm də özünə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edib. Ana baş verənlərə görə Respublika Klinik Xəstəxanasının rəhbərliyini, o cümlədən həkim Vüsalə Ağalarovanı günahlandırır və onların cəzalandırılmasını istəyir.

Respublika Klinik Xəstəxanası
Respublika Klinik Xəstəxanası

G.Axundova ona 30 min manatlıq kompensasiya ödənilməsi tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Maddi ziyana hamiləlik dövründə və xəstəxanada çəkilən xərclər də daxil edilib. Məhkəmə iddiası xəstəxana rəhbərliyinə, o cümlədən həkim Vüsalə Ağalarovaya qarşı qaldırılıb. Amma iddia təmin olunmayıb.

Buna da bax: 'Elə həkimlər var, 30 min maaş alırdı, rəsmi sənəddə az göstərilirdi'

Qərardan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsində altı aya yaxın davam edən araşdırmalardan sonra tərəflər arasında razılaşma əldə olunub. Razılaşmaya görə, xəstəxana G.Axundovaya 60 min manat kompensasiya ödəyib. Ana da məhkəmədə iddiadan imtina edib. Ona görə də Nərimanov Rayon Məhkəməsinin çıxardığı qətnamə də ləğv olunub, iş üzrə icraata xitam verilib.

Məlumatı G.Axundovanın vəkili Aqil Layıcov da AzadlıqRadiosu-na təsdiqləyib. Vəkil məbləği açıqlamaq istəməsə də, bildirib ki, anaya ona dəymiş ziyana görə məhkəməyə müraciət edərkən iddia ərizəsində tələb elədiyi məbləğin iki qatı ödənilib.

Buna da bax: Xəstəxanalar publik hüquqi şəxs statusu alacaq

“Bu, anaya indiyədək çəkdirilən əzaba, mənəvi iztiraba görə ödənilib. Uşağın axtarılması və tapılması, günahkarların məsuliyyətə cəlb olunması istiqamətində isə səylərimiz davam edir. Bu müəmmalı məsələyə mütləq aydınlıq gətirilməlidir. Günahkarlar cəzalanmalıdır ki, başqalarına da dərs olsun. Bilsinlər ki, insan taleyinə bu cür yanaşmaq olmaz”, - Aqil Layıcov bildirib.

G.Axundova uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib. Əməliyyatdan sonra ananı xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər, amma hər dəfə uşağı soruşanda “yaxşıdır” deyib, bu müddətdə atadan da uşağa lazımlı dərmanları, bezləri alıblar. Üç gün sonra palataya köçürüləndə ana övladını görmək istərkən ona deyilib ki, uşaq ölüb, meyiti də Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Birliyin Yasamal rayon şöbəsində isə onlara deyilib ki, körpənin meyiti aprelin 7-də onlara daxil olub, soyuducu probleminə görə saxlaya bilməyib, elə həmin gün dəfn olunmaq üçün Hövsandakı yiyəsizlər qəbiristanlığına göndəriblər. Qəbiristanlıqda qarovulçu siyahıya baxıb deyib ki, aprelin 12-də onlara üzərində “Günay Axundova” yazılmış uşaq meyiti gətirib, dəfn ediblər. Həmin vaxt 7-8 körpə meyiti birlikdə gətirilib və hamısı da eyni məzarda dəfn olunub.

Buna da bax: AvroMed şirkətinin “pulyuyan maşından” milyonlarla dollar aldığı güman edilir

G.Axundovanın övladı olduğu iddia olunan uşaq meyitinin qalıqları eksqumasiya edilsə də, meyit çürüdüyünə görə ekspertiza uşağın G.Axundovaya məxsus olub-olmadığını müəyyənləşdirə bilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG