Keçid linkləri

Təcili xəbərlər
2020, 03 İyun, çərşənbə, Bakı vaxtı 07:10

Koronavirusa təkrar yoluxma mümkündürmü?


Test üçün nümunənin götürülməsi

Pandemiyanın dünya boyunca sürətlə yayıldığı bir vaxtda adamları ən çox düşündürən suallardan biri də, bu virusa ikinci dəfə yoluxmağın mümkün olub-olmamasıdır.

Az əvvəl mediada yayılan xəbərlərdə deyilirdi ki, bir yapon qadın COVID-19 virusuna ikinci dəfə yoluxub.

Britaniyada çıxan qəzetlərdə dərc olunmuş məqalələrdən isə məlum olmuşdu ki, söhbət heç də bir tək bu qadından getmir.

Alimlər bildirirlər ki, təkrar yoluxma halları qeydə alınsa da, bu, çox nadir hallarda baş verir.

Belə demək mümkündürsə, normal halda hər hansı virusa yoluxmuş insanda, bu xəstəlikdən sağaldıqdan sonra həmin virusa qarşı immunitet yaranır.

Hərçənd bu immunitetin hansı müddətdə bizi qoruyacağı da hələ tam məlum deyil.

Britaniya baş nazirinin baş elmi məsləhətçisi lord Patrick Vallance sözü gedən qadın haqqında suala cavab verərkən demişdi:

“İstənilən infeksion xəstəlikdə adamların yenidən yoluxma riski olur. Amma bu, çox nadir hallarda baş verir”.

Alim bildirib ki, burada bütün infeksion xəstəliklər barədə ümumiləşdirici bir rəy söyləmək düzgün olmazdı.

Onun sözlərinə görə, konkret olaraq COVID-19 yeni virusdur və onun davranışları hələlik öyrənilmə prosesindədir.

Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi martın 25-də bəyan edib ki, ilkin araşdırmalar COVID-19-a yoluxmadan sonra insanlarda anticismlərin yarandığını və onların bu xəstəliyə qarşı immunitet qazandığını göstərir.

Test nəticələri yanlış da ola bilər

London Gigiyena və Tropik Təbabət Məktəbinin professoru Jimmy Whitworth deyib ki, adamların yoluxucu xəstəliklərə ikinci dəfə yoluxmasına dair azsaylı faktlar mövcuddur. Yəni kiminsə test nəticəsi əvvəlcə müsbət, sonra mənfi və daha sonra isə yenidən müsbət ola bilər:

“Amma belə görünür ki, əksər hallarda bu, baş vermir. Adamlar bir xəstəliyə bir dəfə yoluxurlar. Mən çox şübhələnirəm ki, burada əsas problem test nəticələrindəki uyğunsuzluqlardır”.

Alimin fikrincə boğazın arxasından götürülən nümunədə virusun aşkar edilməsi nəzəri baxımdan hələ həmin şəxsdə xəstəliyin olması demək deyildir:

“Mən şübhəliyəm ki, bu təkrar infeksiya yox, texniki yanlışlıq məsələsidir. Əsas sual insanın immuniteti hansı müddətə qazanmasındadır”.

Alimlər bunu da qeyd edirlər ki, təkrar yoluxma deyilən hallarda insandan götürülən nümunələrdəki viruslar artıq qeyri-aktiv də ola bilər.

Uhandakı Tongil xəstəxanasının direktoru Wang Wei bildirib ki, RNT testlərinin səhihliyi 30-50 faiz arasındadır.

Sağalanlar elmə xidmət edir

Həkimlər deyirlər ki, infeksiyalar zamanı qanda viruslara qarşı döyüş qabiliyyətli anticismlər yaranır.

Kiminsə qanında belə anticismlərin aşkar edilməsi o deməkdir ki, bu şəxs tamamilə sağalıb.

Onlar belə nəticədən sonra cəmiyyətdə sosial məsafə saxlamaya da bilərlər.

Eyni zamanda belə adamların qanındakı anticismlər öyrənilir ki, gələcəkdə xəstəliyi ağır keçirən insanların müalicəsində bunlardan istifadənin mümkünlüyü müəyyənləşdirilsin. Kritik xəstə olan insanların qanında viruslara müqavimət göstərə biləcək qədər anticism olmur.

Doktor Anthony Fauci
Doktor Anthony Fauci

Doktor Anthony Fauci ABŞ Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun başçısıdır. O həm də prezident Donald Trump-ın koronavirus komandasına daxildir.

Professorun dediyinə görə, COVID-19 üzərində hələ çox araşdırmalar aparılmalıdır, amma sanballı tibb ekspertləri indidən deyirlər ki, bu virusdan sonra insanlarda immunitet yaranır.

Alimlər ona görə belə inamla fikir yürüdürlər ki, bəzi əhəmiyyətli fərqlərinə baxmayaraq COVID-19 da özünü başqa viruslar kimi standart aparır: Yoluxur, xəstələndirir, qandan təmizlənir və orda qalan anticismlər insanın ikinci dəfə yoluxmasının qarşısını alır.

Bu qəliz mutasiya məsələsi

Doktor Fauci-nin fikrincə daha bir mühüm məsələ virusun mutasiya edib-etməməsidir. Əgər virus sabitdirsə və mutasiya etmirsə, ona bir dəfə rast gəlmiş orqanizmin anticismləri onu tanıyır və yoluxmanın qarşısını alır.

Amma burada problem bundan ibarətdir ki, koronavirus DNT yox, RNT əsaslı virusdur. RNT əsaslı viruslar isə, məsələn adi mövsümi qripin virusu kimi tez-tez mutasiya edirlər. Buna görə də qripə qarşı vahid vaksin mövcud deyil və alimlər vaksin tərkiblərini tez-tez dəyişməli olurlar.

Anticismləri laboratoriyada öyrənirlər
Anticismləri laboratoriyada öyrənirlər

İnfeksion xəstəliklər həkimi, Minnesota Universitetinin araşdırma üzrə dekan müavini Tim Schacker NBCNews kanalına deyib:

"Buna görə də hər il qrip üçün yeni vaksin hazırlanır. Qrip həmişəlik bizimlədir. Sən virusun müəyyən hissələri üçün anticismlər hazırlayırsan, amma gələn mövsümdə səni virusun yeni hissələri xəstələndirir”.

Doktor Schacker davam edir:

“Koronavirus yeni virusdur. Bu səbəbdən hamı onun ümumiyyətlə bütün hissələri qarşısında müdafiəsizdir”.

İnsanlar hər dəfə virusla qarşılaşanda

Alim bildirir ki, koronavirusa təkrar yoluxma təhlükəsi insanın yaratdığı anticismlərin nə dərəcədə keyfiyyətli olmasından da asılıdır:

“İnsanlar demək olar ki, hər dəfə virusla qarşılaşanda anticism yaradırlar. Amma hər anticism virusun hüceyrələri yoluxdurmasının qarşısını almaq iqtidarında olmur. Alimlər hələ bu koronavirusdan yaranan anticismlərin nə dərəcədə yüksək keyfiyyətli olub-olmamasını müəyyən etməlidirlər. Anticismlər virusu neytrallaşdıra bilirlərmi? – Sual budur”.

Luiziana Universitetindən viroloq Joel Baines bildirir ki, anticismlərin qabiliyyətli olması da hələ onların yaratdığı immunitetin davamlı olacağına zəmanət vermir. Bu immunitet bir müddət sonra yox olub gedə bilər:

"Bu son dərəcə yeni virus olduğundan nələrin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Koronavirusdan müəyyən immunitet olacaq. Bəlkə səkkiz ay, bəlkə bir il, bəlkə də bir neçə il”.

Professor Schacker isə izah edir ki, bu immunitet müddətinə “immunoloji yaddaş” da deyilir. Bu yaddaş plazma hüceyrələrindən ibarət anticismlərin qan dövranında nə müddətdə qalacağından asılıdır.

Nyu York qubernatoruna ümid verən nəzəriyyə

Amma narahat insanlar üçün şad xəbər budur ki, koronavirusun yaratdığı anticismlərin keyfiyyətli olduğunu göstərən əlamətlər var.

Bəzi məlumatlara görə, koronavirusdan sağalan insanlardan götürülmüş anticismlərin araşdırılması o qədər nikbin nəticələr verib ki, Nyu York qubernatoru Andrew Cuomo öz ştatında eksperimental müalicələrin aparılmasına icazə verib.

Andrew Cuomo
Andrew Cuomo

Bu qərar həm də onunla bağlıdır ki, Nyu York ABŞ-da koronavirus epidemiyasının ən ağır zərbəsinə məruz qalmış ştatdır.

Alimlər bildirirlər ki, bu müalicənin əsasını xəstəyə onun özündən alınmış anticismlərin vurulması təşkil edir.

Bu anticismlər xəstəyə vurulduqda, (yəni ona hazır anticismlər verildikdə) onun immun sistemi bir qədər sərbəstlik əldə edir və o bu sərbəstlikdən fürsətlənərək ağ ciyərdəki iltihab proseslərinə qarşı müqavimət təşkil etməyə macal tapır.

Koronaviruslu xəstələri öldürən də elə bu iltihab prosesi – pnevmoniyadır.

XS
SM
MD
LG