Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Aprel, bazar, Bakı vaxtı 08:11

Koronavirusa görə maska paylayanların saxlandığı deyilir


Virusa qarşı maska, arxiv foto

“Müsəlman Birliyi” Hərəkatının üzvlərinin martın 20-də Bakıda koronavirusla bağlı aksiya keçirərkən saxlandığı bildirilir. Bu barədə AzadlıqRadiosu-na təşkilatdan məlumat verilib.

Bildirildiyinə görə, aksiya metronun “28 May” stansiyasının qarşısında keçirilib.

“Aksiyanın məqsədi əhalini koronavirusla bağlı maarifləndirmək idi. Aksiya zamanı əhaliyə marrifləndirmə xarakterli bukletlər və virusdan qorunmaqdan ötrü maskalar paylanıb. Bukletlərdə virusdan qorunmanın yolları yazılıb. Buna baxmayaraq, maska və bukletləri paylayanları polislər tutub aparıb”, - hərəkatdan belə deyilib.

Məlumatı “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımlı da təsdiqləyib. O, bildirib ki, saxlanan şəxslər martın 20-də axşam saatlarında sərbəst buraxılıb: “Polisin iradı da budur ki, sosial tədbir şəhər rəhbərliyi ilə razılaşdırılmadan keçirilib. Belə tədbirlər keçirməkdən ötrü əvvəlcədən müraciət edib, razılşadırmaq lazımdır”.

Hərəkatdan verilən məlumata görə, aksiya iştirakçılarından Samir Babayev öncə sərbəst buraxılsa da, gecə saatlarında yenidən polisə çağırılıb. Onun Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə getdiyi və hələ d,ə orada saxlandığı deyilir.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

“Müsəlman Birliyi” Hərəkatı qeydiyyata alınmayıb. Sədri Taleh Bağırov da daxil, təşkilatın onlarla üzvü həbsdədir. Onlar terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa ağır suçlamalarla uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Lakin hərəkat üzvləri bu ittihamları qəbul etmirlər, hakimiyyətin siyasətini açıq tənqid etdiklərinə görə, cəzalandırıldıqlarını bildirirlər. Onlar həmçinin, həbs olunarkən polis orqanlarında, özlliklə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qaldıqlarını iddia ediblər.

Daxili İşlər Nazirliyi isə onların işgəncə iddialarını rədd edib, bu barədə səslənən fikirlərin yalan olduğunu bildirib.

Azərbaycan rəsmiləri də bir qayda olaraq ölkədə heç kimin siyasi baxışlarına görə, təqib olunmadığını vurğulayırlar.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 10 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 44 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

Şərhlər

XS
SM
MD
LG