Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:15

Koronavirusa görə verilən yardımı mənimsəməkdə günahlandırılırlar


Masallı
Masallı

Bir neçə rayonda icra nümayəndələri işdən çıxarılıb, barələrində cinayət işi başlanıb.

Bu barədə bugün, mayın 1-də Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda yazılıb ki, karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və aztəminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilən neqativ hallara qarşı prokurorluq tədbirlərini davam etdirir: "Masallı, Quba, Cəlilabad və Zərdab rayon icra hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə yerli icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb. Araşdırmalarla Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə… nümayəndəsi İsrail Tağıyevin aprelin 1-dən 29-dək xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən 74 nəfərə qanunsuz arayışlar verməsinə şübhələr üçün əsaslar müəyyən olunub".

Habelə bildirilib ki, Quba Rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin də vəzifə saxtakarlığı edərək ayrı-ayrı şəxslərə Qusar rayonuna getmələrinə dair qanunsuz arayışlar verməsinə şübhələr yaranıb.

"Ərzaq yardımını imkansız ailələrə deyil, yaxın qohumlarına paylayıb"

Eyni zamanda, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyev də vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli sayılır. Bildirildiyinə görə, onun Heydər Əliyev Fondunun imkansız ailələrə göndərdiyi ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verildiyinə şübhələr yaranıb. İddiaya görə, şübhə yaranıb ki, o, bu zaman ərzaq paylarını özünün və müavini Rəşad Seyfullayevin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylayıb.

Qeyd edilib ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının Məmmədqasımlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mətaf Mikayılov da qanun pozuntusuna yol verib: "M.Mikayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də göndərilmiş ərzaq yardımını imkansız ailələrə deyil, yaxın qohumları və kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyən edilib".

Qeyd olunan şəxslər müvafiq rayon icra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər. Toplanmış materiallar üzrə Masallı, Quba, Cəlilabad və Zərdab rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.

Baş Prokurorluğun bu açıqlamasına, hələlik, sözügedən şəxslər və onların yaxınlarından hər hansı münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Dünən, aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı (artıq keçmiş) Mahir Quliyev barəsində Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında həbs-qətimkan tədbiri seçilib. O da oxşar ittihamla üzləşib. Onun və vəkilinin də, hələlik, ittihama münasibətini öyrənmək mümkün olmayıb.

Koronavirus pandemiyası ilə bağlı martin 24-dən Azərbaycanda karantin rejimidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG