Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:34

'Əks göstəriş sertifikatı'nın verilməsinə başlanılır


Vaksin vurdurmayanlar bu yerlərə buraxılmayacaq
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

Vaksin vurdurmayanlar bu yerlərə buraxılmayacaq

Avqustun 9-dan vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş sertifikatı"nın verilməsinə başlanılır.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd edilir.

Məlumatda vurğulanır ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Rəsmi açıqlamaya görə, avqustun 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş sertifikatı"nın verilməsinə başlanılır: ""Əks göstəriş sertifikatı" almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa "Əks göstəriş sertifikatı" veriləcək".

Rəsmi qurumların vurğulamasına görə, əks göstərişləri olmayan vətəndaşlar nəzərə almalıdırlar ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır: "Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır".

Sentyabrın 1-dən qaydalar sərtləşdirilir

Sentyabrın 1-dən koronavirusa qarşı peyvənd olunmayan şəxslərin kafe və restoranlara, iri ticarət mərkəzlərinə, mehmanxanalara girişi məhdudlaşdırılacaq. Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Vətəndaşlar həmin obyektlərinin girişində COVID-19 pasportu və ya İmmunitet sertifikatı təqdim etməli olacaqlar. Eyni zamanda, həmin tarixdən 18 yaşından yuxarı tələbələrdən də COVID-19 pasportu istəniləcək.

Hazırda, həmin məhdudiyyət idman zallarına, şadlıq saraylarına və dini ibadət yerlərinə şamil olunur. Ona görə də bəzi insanlar sual edirdi. COVID-19 pasportu və İmmunitet sertifikatı olmayan, amma peyvəndə əks göstərişi olan şəxslərin aqibəti necə olacaq?

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə bu vaxta qədər ümumilikdə 344 min 520 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, onlardan 5 min 27-nin vəfat etdiyi bildirilib.

XS
SM
MD
LG