Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 11:01

ABŞ Şimali Koreyanın raket sınağının uğursuz olduğunu xəbər verir


Şimali Koreya aprelin 15-də ölkənin banisi Kim İl Sung-un 105-ci ildönümünü nəhəng paradla qeyd edib

ABŞ hərbiyyəsinin verdiyi xəbərə görə Şimali Koreyanın aprelin 16-da keçirdiyi raket sınağı uğursuzluqla nəticələnib. Xəbər verilir ki, raket “demək olar dərhal partlayıb”.

Cənubi Koreya ərazisində dislokasiya edilmiş ABŞ hərbçiləri bildiriblər ki, onlar uğursuz raket buraxılışını Qrinviç vaxtı ilə saat 21:21-də qeydə alıblar. Bundan bir neçə saat sonra ABŞ vise-prezidenti Mike Pence-in təyyarəsi Seul hava limanına enməli idi.

ABŞ Silahlı Qüvvələrinin Sakit Okean Hövzəsi Komandanlığı bəyan edib ki, “amerika hərbçiləri təhlükəsizliyin qorunması üçün Koreya Respublikası və Yaponiyadakı müttəfiqləri ilə işbirliyinə bağlıdırlar”.

ABŞ-ın müdafiə naziri Jim Mattis deyib ki, “prezident Donald Trump və onun hərbi komandası Şimali Koreyanın uğursuz raket sınağı barədə məlumatlandırılıb və prrezidentin bu barədə heç bir şərhi yoxdur”.

Bundan əvvəl Cənubi Koreya rəsmiləri sözü gedən raket buraxılışının uğursuz olduğu barədə xəbər vermişdilər.

Şimali Koreya Müdafiə Nazirliyinin bəyanatında deyilirdi ki, “Şimali Koreya bu səhər Cənubi Hamkyonq ərazisindəki Sinpodan naməlum tipli raket buraxmağa cəhd edib və cəhdin uğursuz olduğu düşünülür”.

Cənubi Koreyanın Yonhap xəbər agentliyi qeyri-müəyyən mənbədən aldığı məlumata əsasən bildirb ki, raket, buraxıldığı yerdən uzağa getməyib və uçuşun başlanğıcında partlayıb.

Bundan bir gün əvvəl qitələrarası ballistik raketlərini və başqa hərbi texnikasını nəhəng paradda nümayiş etdirən Şimali Koreya bəyan etmişdi ki, “düşmənlərə nüvə hücumu ilə cavab verməyə hazırdır”.

Bundan əvvəl Şimali Koreyanın 6-cı nüvə sınağını və ya əhəmiyyətli raket buraxılışnı həyata keçirəcəyindən ehtiyat olunurdu.

Bu arada həm də vise-prezident Mike Pence özünün Asiya-Sakit Okean hövzəsinə 10 günlük səfəri çərçivəsində Cənubi Koreyaya gəlib. Onun köməkçiləri bildiriblər ki, bu səfərlə ABŞ Şimali Koreya ilə gərginliyin artdığı bir vaxtda Cənubi Koreyanın yanında olduğunu nümayiş etdirib.

Sözü gedən gərginliklə əlaqədar ABŞ, prezident Trump-ın təbirincə deyilsə, Koreya yarımadası sahillərinə gəmilərdən ibraət “armada” göndərib.

Şimali Koreya Kim Yong Un-un hakimiyyəti illərində uzaqmənzilli raketlər buraxıb və 2016-cı ildə iki nüvə sınağı keçirib. Pxenyanın niyyəti Birləşmiş Ştatların ərazisini vura bilən uzaqmənzilli nüvə raketləri yaratmaqdır.

Bu ayın əvvəllərində Sinpodan daha bir raket atəşi uğursuz nəticələnmiş və raket nazərət olunan trayektoriyadan çıxaraq dənizə düşmüşdü.

Təhlilçilər bildirirlər ki, Şimali Koreya raket və nüvə sınaqları ilə üç əsas məqsəd güdür: texnologiyaların inkişaf etdirilməsi, Kimin ölkə daxilindəki reytinqinin yüksəldilməsi və Seulla Vaşinqtonun üzərinə təzyiq göstərilməsi.

1950-1953-cü illər arasında baş vermiş müharibədən sonra rəsmi sülh sazişi imzalanmadığına görə Şimali və Cənubi Koreya texniki olaraq bir biri ilə müharibədədir.

Cənubi Koreyada ABŞ-ın 28500 əsgərlik hərbi kontingenti mənzillənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG