Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Rusiya şirkəti Misirə qarşı 200 milyon dollarlıq iddia qaldırıb


Sərnişin təyyarəsinin qırıntıları
Sərnişin təyyarəsinin qırıntıları

Rusiyanın “Koqalımavia” hava yolları şirkəti Misiri 200 milyon dollarlıq təzminat iddiası ilə beynəlxalq məhkəməyə verib.

2015-ci ilin 31 oktyabrında bu şirkətin Misirin Şərm əş-Şeyx kurort şəhərindən Sankt Peterburqa uçan Airbus A321 təyyarəsi terror aktı nəticəsində Sinay yarımadası üzərində qəzaya uğrayıb.

Bu iş üzrə ikinci iddiaçı Türkiyənin Price Group turizm şirkətidir. Beləki təyyarədəki sərnişinlərin əksəriyyəti bu şirkətin müştəriləri idi.

İddialar BMT komissiyası yanında beynəlxalq ticarət hüququ üzrə daimi arbitraj məhkəməsinə təqdim olunub.

Məhkəmə Haaqa şəhərində yerləşir.

Airbus А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğramışdı.

25 uşaq da daxil təyyarədəki 224 nəfərin hamısı həlak olub. Sərnişinlər dəniz kurortunda istirahətdən sonra evlərinə qayıdırdılar.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) qəzaya partlayışın səbəb olduğunu bəyan etmiş, az sonra isə bu terror aktının məsuliyyətini öz üzərinə özünü İslam Dövləti adlandıran ekstremist qruplaşma götürmüşdü.

FTX-nin və Britaniya müstəntiqlərinin gəldiyi nəticəyə görə təyyarədəki partladıcı qurğu 1 kiloqram trotil gücünə malik idi.

İslam Dövləti ekstremist təşkilatının yaydığı foto. Fotoda təyyarədə törədilmiş terror aktında istifadə olunmuş partladıcının modeli təsvir edilib
İslam Dövləti ekstremist təşkilatının yaydığı foto. Fotoda təyyarədə törədilmiş terror aktında istifadə olunmuş partladıcının modeli təsvir edilib

Qara qutuların məlumatı

Təyyarənin qara qutularının təhlili zamanı qəzaya bir neçə saniyə qalmış kənar səsin olduğu müəyyənləşdirilmişdi. Bu, bombanın səsi ola bilərdi.

Müstəntiqlərin gəldiyi nəticəyə görə partladıcı qurğu təyyarənin yanacaq bakının yanında və ya yanacaq borusunun mühərrikə daxil olduğu hissədə yerləşdirilmişdi.

Belə görünürdü ki, terrorçular bununla da təyyarənin tamamilə yanacağına və bütün partlayış izlərinin məhv olacağına ümid edirdilər.

Həqiqətən də təyyarə qırıntılarının üzərində partlayış izləri tapılmayıb.

Xarici xüsusi xidmətlər ehtimal edirdilər ki, bu terror aktının icraçısı Şərm əş-Şeyx hava limanının işçilərindən biri və ya onunla bağlı şəxs ola bilərdi.

Təyyarəyə uçuşdan əvvəl partladıcı qurğunu həmin şəxs yerləşdirmişdi.

Sığorta çəkişməsi

Bu terror aktından sonra “Koqalımavia” şirkəti müflis olub.

Buna görə də hər iki iddiaçı – aviaşirkət və turist şirkəti həm terror aktı zamanı dəymiş ziyana, həm də Misir iqtisadiyyatına qoyulmuş investisiyaların itkisinə görə təzminat tələb edirlər.

Bu terror aktından sonra Rusiya Misirə turist qruplarının göndərilməsini dayandırıb.

Sığorta şirkətləri terror aktı zamanı həlak olanların qohumlarına yalnız 32 milyon rubl (473 min dollar) ödəyib.

Qohumlar bu məbləğin azlığına görə Rusiyanın “Ingosstrax”, Alliens Global Corporate and Specialty sığorta şirkətlərinə, Brisco turist firmasına, “Koqalımavia” şirkətini və AirCap firmasına qarşı 93 milyard rublluq (1, 4 milyard dollar) məhkəmə iddiası qaldırıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG