Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:20

Konstitusiya Məhkəməsi borcluların yox, bankların xeyrinə qərar verdi


Azərbaycan Konstitusiya Məhkəməsi
Azərbaycan Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsinin Plenumunu xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə qərar verdiyi bildirilir.

Azərtac xəbər verir ki, Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, Plenum Fərhad Abdullayevin sədrliyi ilə xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirib.

İclasda Mülki Məcəllənin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb. Plenumun iş üzrə hakim K. Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinlədiyi, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etdiyi bildirilir.

Verilən məlumata görə, qərarda Azərbaycan Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına istinad edilir.

Qərarda yazılıb ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflərə gözlənilməz hesab edilmədiyini və borclunun krediti xarici valyutada almaqla maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

Qərarın verilməsini Apellyasiya Məhkəməsi istəmişdi

Bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin şərh edilməsini xahiş etmişdi. Həmin maddə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ilə bağlıdır.

Xarici valyutada krediti olanlar, eləcə də bir çox hüquqşunas ekspertlər manatın devalvasiyasının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməsini gözləyirdilər. Belə olan halda, kredit müqavilələrinə də dəyişiklik etmək mükün olacaqdı.

Bakı Apellyasiya Məhkəməsi müraciətində Konstitusiya Məhkəməsi qarşısında 3 sual qoymuşdu. Suallardan biri milli valyutanın devalvasiyasının kredit üzrə borcluya münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab olunub-olunmaması ilə bağlı idi.

Eyni zamanda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin kredit münasibətlərinə tətbiq edilib-edilməməsi və ləğv edilmiş müqavilələrin nəticələrinin hansı qaydada tənzimlənməli olduğu soruşulurdu.

Konstitusiya Məhkəməsinin əvvəllki qərarı

2015-ci ilin ortalarında Konstitusiya Məhkəməsi qərara alıb ki, həmin il fevralın 21-dək, yəni manatın devalvasiyasına qədər hüquqi və fiziki şəxslərin xarici valyuta ilə götürdükləri kreditlər borcun qaytarıldığı anda mövcud məzənnə üzrə ödənilməlidir. Bununla da məhkəmə kreditin götürüldüyü məzənnə ilə qaytarılması ilə bağlı borcluların ümidlərinin üzərindən xətt çəkib. Həmin ilin dekabrında manat ikinci dəfə devalvasiyaya uğrayıb.

İqtisadçı: “Devalvasiyalardan öncə bütün rəsmilər bəyanatlar verirdilər ki...”

Konstitusiya Məhkəməsinin bu qərarı ilə bağlı REAL Partiyasının təmsilçisi, iqtisadçı Natiq Cəfərli fikirlərini bölüşüb.

Natiq Cəfərli
Natiq Cəfərli

O, manatın 2 dəfədən çox dəyər itirməsininin qərarda "şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi" kimi nəzərə alınmamasına diqqət çəkib:

“Devalvasiyalardan öncə bütün rəsmilər, o cümlədən Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov rəsmi bəyanatlar verirdilər ki, manat dəyərdən düşməyəcək, məhkəmə isə deyir ki, bu gözlənilməz deyildi. Ölkədə problemli kreditlərin həcmi rəsmi rəqəmlərə görə, 16 faizdir, normal hesablansa isə 30 faizi keçib (Beynəlxalq Agentliklər 30 faiz göstərir), amma rəsmilər sanki problemi görməyəndə onlar avtomatik həll olunacaq”.

İqtisadçının qeyd etməsinə görə, dünyada problemli kreditlərin həcmi 3 faizi keçsə bu banklara böyük stres sayılır:

“Dərhal həll yolları axtarılır, bizdə isə hər sahədə olduğu kimi, bu məsələdə də "harda qırıldı-qırıldı" prinsipi ilə yanaşırlar...”

Xatırlatma

1 dollar birinci devalvasiyada 78 qəpikdən 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib. Ancaq, əsasən, son bir ildə manatın məzənnəsi sabit qalmaqdadır. Hazırda 1 ABŞ dolları 1 manat 70 qəpiyə bərabərdir.

Son rəsmi məlumatlara görə, Azərbaycan banklarında problemli kreditlərin həcimi 1,8 milyard manata çatıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG