Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 13:37

Respublikaçı konqresmenlər də Soros-a qarşı çıxır


George Soros

Bir qrup respublikaçı konqresmen Şərqi Avropadakı rusiyapərəst siyasətçilərlə vahid düşmənə – milyarder filantropist George Soros-a qarşı birləşir. Bu barədə Politico.com saytı yazır.

ÜMUMİ DÜŞMƏN

Nyu-Cersi ştatından konqresmen Chris Smith və Yuta ştatından senator Mike Lee-nin başçılığıyla bir qrup mühafizəkar qanunverici Soros-u filantropist xərcləmələriylə Avropa siyasətinə liberal baxışlarını yaymaqda suçlayıb. Senatorların martın 14-də Dövlət katibi Rex Tillerson-a göndərdiyi məktubda deyilir ki, Soros-un Açıq Cəmiyyət fondları «proqressiv gündəm yayır və siyasi solçuları həvəsləndirir».

Sayt qeyd edir ki, bu ittihamı ortaya atan Moskvadır.

Macarıstanda nasist işğalından qurtulmuş Soros Kremldən ötrü arzuolunmaz şəxsdir, çünki Moskva onun keçmiş sovet respublikalarında vətəndaş cəmiyyəti qruplarına ayırdığı maliyyəni qərbyönlü hökumət qurmaq planının bir hissəsi sayır.

ABŞ-da respublikaçılara gəlincə, onlar ölkə içində çoxdan Soros-a düşmən kimi baxırlar. Çünki o, rəqib demokratların namizədlərini dəstəkləyir, buna 10 milyonlarla dollar ayırır. Amma beynəlxalq müstəvidə müttəfiq kimi görünürdülər. Axı, Soros-un Şərqi Avropada demokratiyanı irəlilətmək və korrupsiyanın kökünü kəsmək cəhdləri respublikaçıların xarici siyasət hədəfləriylə üst-üstə düşürdü.

TRUMP DƏSTƏYİ

Di gəl, Donald Trump prezident seçiləndən işlər dəyişib. Trump seçki kampaniyasında millətçi mövzulara toxunub. Keçmiş Şərq blokuna daxil ölkələrin millətçi siyasətçiləri də Soros-a hücumlarda axtardıqları beynəlxalq dəstəyi respublikaçılarda tapıblar.

Senatorların məktubunda, əsasən, Soros-un Makedoniya və Albaniyada xərclədiyi pullardan söz açılır. Albaniyayla bağlı vurğulanır ki, Soros-un dəstəklədiyi qurumlar Baş nazir və sol mərkəzçi hökumətin ədliyyəyə tam nəzarətiylə sonuclanacaq islahatları irəlilədirlər. Məktub müəllifləri ABŞ Dövlət Departamenti və Hökumətin Hesabatlılıq İdarəsindən ABŞ-ın Balkanlardakı Soros qruplarına ayırdığı xarici yardım barədə informasiya istəyirlər.

Açıq Cəmiyyət Fondu
Açıq Cəmiyyət Fondu

Açıq Cəmiyyət fondlarının prezidenti Chris Stone «Politico»ya bildirib ki, avtokratik rejimlər Trump-ın yüksəlişini özlərinin islahatlara dirənişinə dəstək kimi görürlər. «Bu gün qeyri-liberallar adlandırılan avtoritarlar uzun müddət George Soros-a və açıq cəmiyyətə qarşı çıxıblar. Amma Trump-ın qələbəsi onları daha da irəli getməyə ürəkləndirib», – o, sözlərinə əlavə edib.

MOSKVANIN DƏYİRMANINA SU TÖKMƏK

Məqalədə qeyd olunur ki, Rusiya Makedoniyadakı böhrandan ABŞ-da inamsızlıq yaratmaq və sağ-qanad partiyasını öz orbitinə çəkmədən ötrü yararlanıb. Respublikaçı konqresmenlərin narahatlığı, Lee-nin məktubunda yazıldığı kimi, «siyasi itaətsizlik, milli suverenliyə və vətəndaş cəmiyyətinə sayqısızlıq yaratmaq» məsələsi Moskvanın dəyirmanına su tökmüş olub.

Elə Rusiyanın nəzarətində olan ingilisdilli vebsaytlar dərhal bu məktubu əllərində bayraq edib, ABŞ-ın başqa ölkənin siyasətinə müdaxiləsinin isbatı sayırlar. «Senatorlar Tillerson-dan xahiş edirlər ki, ABŞ-ın başqa ölkələrdə itaətsizliyi qızışdırmasını araşdırsın», – RT belə yazıb. «Sputnik News» Lee-nin məktubu barədə belə bir başlıq yazıb: «Kartlar açıldı: Obama və Soros xaricdə seçkilərə müdaxilə edib?».

Amma Makedoniya siyasətçiləri və «Stop Operation Soros» adlı təşkilat Rusiyanın onların işinə birbaşa müdaxilə etmədiyini, Moskvanın isə onlara maraq göstərdiyini söyləyir. Qrupun yaradıcılarından olan Cvetin Chilimanov virtual proqramlar və trolların Soros-a qarşı kütləvi etirazlardan yazdığını deyir, halbuki, həmin etirazları heç vaxt baş verməyib.

VMRO-DPMNE partiyasının lideri Nikola Gruevski.
VMRO-DPMNE partiyasının lideri Nikola Gruevski.

15 İLDƏ 3 QRANT

Dövlət Departamentinin məlumatına görə, USAID Makedoniyadakı Açıq Cəmiyyət Fonduna son 15 ildə üçcə qrant ayırıb, onların da əsas hədəfi ölkənin roma əhalisinin təhsiliylə bağlı olub.

Makedoniyayla bağlı qalmaqal bu ölkədəki siyasi böhrandan qaynaqlanır. Bir müddət öncə yayılmış səsyazılarında hökumət rəsmilərinin hakimiyyətdən sui-istifadə etməsi, jurnalistlərin, siyasi opponentlərin qanunsuz izlənilməsi ortaya çıxıb. VMRO-DPMNE partiyasının lideri Nikola Gruevski baş nazirlikdən istefa versə də, partiyası parlamentdə ən böyük fraksiyadır. Gruevski ötən ilin dekabrında Soros-u ölkədəki iğtişaşlara görə ittiham edib və «Sorossuzlaşdırma»ya (desorosizasiya) çağırıb.

VMRO-DPMNE rəsmən qərbyönlü olsa da, Gruevski Rusiyanın dəstəyini alqışlayır və ölkədəki ABŞ səfirliyinin solçu müxalifətin tərəfindən olduğunu bildirir.

«Politico» yazır ki, antisoros hərəkatı Makedoniyanın hüdudlarını aşır. Fevralda televiziya çıxışında Macarıstanın rusiyayönlü ifrat sağçı lideri Viktor Orbán Soros-u ölkəsinin daxili siyasətinə qarışmaqda ittiham edib. Ötən həftəsonu isə ifrat sağçı liderlər özlərinin «Stop Operation Soros» (Soros Əməliyyatlarını Dayandır) qruplarını yaratmaqdan ötrü Budapeştdə yığışıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG