ABŞ-da noyabrda keçiriləcək parlament seçkilərində Konqresə kimin nəzarət edəcəyi məlum olacaq. Prezident Co Baydenin siyasi xətti də xeyli dərəcədə seçkilərin nəticələrindən asılı olacaq.
Respublikaçıların Nümayəndələr Palatasında nəzarəti ələ keçirməsi ehtimalı çox yüksəkdir. Demokratlarınsa Senatda üstünlüyü qoruyub saxlayacağı gözlənilir. Nümayəndələr Palatasının respublikaçıların nəzarətinə keçməsi Bayden və demokrat hökumətin konqresdən keçirməyə çalışacağı layihələrin sıradan çıxarılması üçün kifayət edə bilər. Üstəlik, Konqres hakim administrasiya ilə bağlı yeni araşdırmaya da başlaya bilər.
Tarixən hakim partiya yeni prezidentin ilk dördillik administrasiyası dövründə Nümayəndələr Palatasındakı yerlərini itirib.
Tarixin aralıq seçkiləri
Demokrat prezident Barak Obamanın ilk prezidentlik dövründə onun partiyası 2010-cu il seçkilərində nə az, nə çox, düz 63 yer itirib. Donald Trampın prezident seçilməsindən 2 il keçmiş, 2018-cu ildə Respublikaçılar Partiyası aşağı palatada 41 yerini itirib. Hər iki halda palata üzərində nəzarət dəyişib.
Bu ilsə noyabrın 8-də keçiriləcək seçkilərdə respublikaçıların 435 yerlik aşağı palatada çoxluğu əldə etməsi üçün cəmi 4 yer qazanması kifayətdir.
Onların bu yerləri qazanması ehtimalı cerrimənderinq (gerrymandering) proseduru sayəsində artıb. Bəzən “seçki coğrafiyası” adlandırılan bu praktika partiyalardan birinin öz gücünü artırmaq üçün xəritədə seçki dairələrini manipulyasiya etməsini nəzərdə tutur. Bu proses on ildə bir dəfə baş verir.
Respublikaçılar əllərində olan dövlət qurumları sayəsində onlara üstünlük gətirə biləcək xəritələr tərtib ediblər. Bu xüsusən də Texas və Florida ştatlarına aiddir. Demokratlarsa Nyu York ştatında öz xəritələrini keçirə bilməyiblər: ştat məhkəməsi onların xəritəsini etibarsız sayıb.
31 konqresmen gedir
Hazırda Konqresdə təmsil olunan demokratlar respublikaçıların nəzarəti ələ keçirəcəyindən narahat olaraq yerlərini tərk etməyə başlayıblar. Onlardan 31 nəfəri təqaüdə çıxacağını, yaxud başqa vəzifəyə gedəcəyini elan edib. Bu, 1992-ci ildən bəri partiyanın tarixində ən yüksək rəqəmdir.
Respublikaçıların ABŞ Senatında üstünlük qazanması üçün cəmi bir səs əldə etməsi kifayətdir. Hazırda Senat 50:50 nisbətində bölünüb. Aradakı 1 fərqi yaradansa vitse-prezident Kamala Harrisdir.
Ancaq Arizona, Corciya və Nevada ştatlarından olan güclü və təcrübəli namizədlər partiyanı məğlubiyyətdən qoruya da bilər. Respublikaçılarsa Pensilvaniya və Viskonsin ştatlarında uduza bilərlər. Bu iki ştat 2020-ci il seçkilərində Trampa deyil, Baydenə səs verib.
Cəmi 38 faiz Baydendən razıdır
Aralıq seçkilər çox zaman prezidentlə bağlı referendum rolunu oynayır. Yay ərzində bir sıra siyasi qələbələr və iqtisadi sahədə bəzi yaxşı xəbərlər Baydenin populyarlığını artırıb. Ancaq o hələ də özünü Amerika cəmiyyətinə sübut etməlidir.
29-30 avqust tarixlərində keçirilən Reuters/Ipsos sorğularının nəticələrinə görə ölkə əhalisinin yarıdan azı, cəmi 38%-i onun fəaliyyətindən razıdır. Eyni sorğunun nəticələrinə görə, amerikalıların 69%-i ölkənin yanlış istiqamətdə, cəmi 21%-i doğru istiqamətdə getdiyi qənaətindədir.
Tramp da bu seçkilərdə iştirak etmir. Ancaq o 2024-cü il prezident seçkiləri ərəfəsində partiyanın de fakto lideri kimi qalmaqda maraqlı olduğundan ətrafına özü kimi düşünən namizədlər toplayıb.
ABŞ Ali Məhkəməsinin abortların konstitusion mühafizəsi qanununu ləğv etməsi də demokratların daha çox dəstək qazanmasına səbəb olub. Ali Məhkəmənin bu addımından sonra baş qaldıran etirazlar respublikaçıların seçkilərdə mövqeyini zəiflətmiş kimi görünür.
“Tərəddüd edən” seçicilər
Demokratlar eyni zamanda ümid edirlər ki, Trampın üzləşdiyi hüquqi problemlər tərəddüd edən seçicilərin (“yellənən seçicilər”) respublikaçı namizədlərdən üz çevirməsi ilə nəticələnəcək. Söhbət FTB-nin Trampın Floridadakı evində apardığı axtarışlardan və 2020-ci ildə Konqressə hücumun təşkilindəki rolu ilə bağlı araşdırmanın davam etməsindən gedir.
Demokratlar COVID-19 pandemiyasından sonra iqtisadiyyatın sürətli bərpasının onların aralıq seçkilərdəki şanslarını artıracağını gözləyirdilər. Ancaq hələlik, bu gözlənti reallaşmayıb.
İşsizlik səviyyəsi kəskin azalsa da, güclü inflyasiya ölkə iqtisadiyyatını cənginə alıb, qida və enerji qiymətləri yüksəlib. Benzin qiymətləri aşağı düşsə də, FED bu yaxınlarda hələ də inflyasiyaya nəzarət etmək üçün ciddi tədbirlər görməli olduğunu elan edib. Bu isə iqtisadi artımın sürətini azalda bilər.
Seçiciləri narahat edən məsələlər
Reuters/Ipsos sorğuları iqtisadiyyatın cinayətkarlıq, immiqrasiya, abortlar və ətraf mühit kimi məsələlərin önünə keçərək seçicilərin əsas narahatlıq mənbəyi olduğunu üzə çıxarıb.
Demokratlar deyirlər ki, Konqresin bu yaxınlarda qəbul etdiyi iqlim və səhiyyə paketləri inflyasiya səviyyəsini azaltmağa kömək edəcək. Bu paketlər sayəsində reseptlə alınan dərmanların qiymətləri daha əlçatan olacaq, tibbi xərclərsə azalacaq.
Ağ Ev bu yaxınlarda bəzi tələbə borclarının bağışlanacağını da elan edib. Demokratlar bu ziddiyyətli qərar sayəsində gənc seçicilər arasında populyarlıqlarını artırmağa ümid edirlər.