Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:15

Ağ ev konqresmenləri informasiya istədiklərinə görə ‘topa tutur’


Ağ ev Konqresdəki demokratları tənqid edib, Nümayəndələr Palatası komitəsinin Prezident Donald Trump-a bağlı onlarla adamdan informasiya istəməsini “biabırçı və alçaldıcı” adlandırıb.

Sözçü Sarah Sanders martın 4-də bu haqda bəyanat yayaraq bu cəhdi “balıq ovu ekspedisiyası” adlandırıb.

“Bu gün sədr Nadler artıq köhnəlmiş, saxta, Konqresdəki hər iki palatanın araşdırmış olduğu iddialar üzrə biabırçı və alçaldıcı təhqiqat başladıb. Sədr Nadler və onun demokrat dostları bu balıqçılıq ekspedisiyasına ona görə başlayıblar ki, iki ildir davam edən Rusiyayla əlbirlik nağılının boşa çıxmasından dəhşətə gəliblər”, – Sanders deyib.

***

ABŞ millət vəkilləri Trump-a yaxın adamlara aid sənədləri tələb edirlər

ABŞ millət vəkilləri Ağ Evin Rusiya ilə mümkün bağlarının araşdırılması çərçivəsində prezident Donald Trump-a birbaşa və ya dolayısı ilə bağlı olan onlarca fərdə aid sənədləri, kağızları və yazışmaları tələb ediblər.

Demokratların çoxluğa malik olduqları Nümayəndələr Palatası Ədliyyə Komitəsinin hədəflədiyi vahidlərin arasında Rusiya milyarderi Viktor Vekselberg, Gürcüstan-Amerika biznesmeni Irakly Kaveladze, habelə Kremllə sıx bağlarına görə tanınan Sankt Peterburq iş adamı Yevgeny Prigozhin-ə aid edilən şirkətlər var.

Martın 4-də komitənin bu araşdırmaya rəhbərlik edən sədri konqresmen Jerrold Nadler deyib ki, Ağ Evin “səlahiyyətlərini aşıb-aşmadığını yoxlamaq Konqresin vəzifəsidir.

Konqresin yazdığı tələbnamədə ümumilikdə 81 fərd və vahid hədəflənir. Ağ Ev məktubu aldığını təsdiqləyib. Ağ Evin sözçüsü Sarah Sanders deyib ki, “prezident aparatı və Ağ Evin müvafiq rəsmiləri məktubu nəzərdən keçirəcək və ona münasib vaxtda cavab verəcəklər”.

Konqres komitəsi bildirib ki, hələlik məktub göndərilib, lakin tələb etdiklərini almasa rəsmi çağırışların göndərilməsinə başlayacaq.

Bu təhqiqatla əməkdaşlıq edib-etməyəcəyinə dair suala cavab olaraq Donald Trump deyib ki, “mən hər zaman hamı ilə əməkdaşlıq edirəm”.

Ədliyyə Komitəsinin hədəflədiyi fərdlərin siyahısında Rusiya-Amerika lobbiçisi Rinat Akhmetshin-in, Vekselbergin amerikalı dayısı oğlu Andrew Intrater-in və sovet zəmanəsində doğulmuş daşınmaz əmlak biznesmeni Felix Saterin adları var. Sater keçmişdə Trump-la partnyorluq edib.

Ötən noyabrda Konqresin Nümayəndələr Palatasında çoxluğu ələ alan demokratlar Trump və onun 2016-cı il seçki kampaniyasına aid siyasi və hüquqi məsələlərin araşdırlmasında daha sərt olmağa başlayıblar.

Bu arada xüsusi prokuror Robert Mueller-in iki ilə yaxındır ki, apardığı təhqiqatın nəticələrini baş prokurora təqdim edəcəyi gözlənilir. Bu təhqiqat Rusiyanın 2016-cı il seçkisinə iddia olunan müdaxiləsini, habelə Trump kampaniyası adamlarının Rusiya rəsmiləri ilə mümkün əlaqələrini araşdırır.

Nümayəndələr Palatasındakı demokratlar da Mueller kimi Trump-ın onun və bu barədə başqa təhqiqatların işinə mane olub-olmamasını araşdırır.

Trump özünün seçki kampaniyası ilə Moskva arasında hər hansı sövdələşmənin mövcudluğunu inkar edir.

Kremlsə 2016-cı il ABŞ seçkisinə müdaxilə etmədiyini bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG