Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Konqres qanunu qəbul etdi, hökumət bağlanmayacaq


Co Bayden Konqresdə, arxiv fotosu
Co Bayden Konqresdə, arxiv fotosu

Layihədə əfqan qaçqınlar üçün 6.3 milyard, təbii fəlakətlərə qarşı yardım üçün 28.6 milyard dollar nəzərdə tutulur

ABŞ Konqresi sentyabrın 30-da dövlət idarələrinin maliyyələşdirilməsinə dair qanuna səs verməklə hökumət bağlanmasının qarşısını alıb.

Qanun qəbul ediləndə federal idarələrin maliyyələşdirilməsinin dayandırılmasına saatlar qalırdı.

Nümayəndələr Palatası qanunu 254 leyhinə, 175 əleyhinə olmaqla qəbul etməzdən əvvəl, sənəd 65-35 səs nisbəti ilə Senatdan keçmişdi.

İndi hökumət maliyyələşdirməsinin kəsilməməsi üçün prezident Co Bayden qanunu Vaşinqton vaxtı ilə gecəyarısınadək imzalamalıdır.

Həm demokratlar, həm də respublikaçılar hökumət qapanmasının və ya şatdaunun qarşısının alınmasına çalışırdılar.

Əgər hökumət basğlansa idi, yüz minlərlə hökumət və dövlət qulluqçusu evlərinə göndəriləcək, federal idarələr bağlanacaqdı.

2018-2019-cu illərdə baş vermiş hökumət qapanması ölkə iqtisadiyyatından 11 milyard dolları silmişdi.

***

Sentyabrın 30-da ABŞ Senatı hökumətin bağlanmasını (şatdaun) önləmək üçün qanun layihəsini səsverməyə çıxaracaq. Federal agentliklərin maliyyəsinin bitməsinə cəmi bir neçə saat qalır.

Senator Çak Şumer sentyabrın 29-da şatdaunun qarşısını almaqdan ötrü razılaşma əldə olunduğunu, səsvermənin sentyabrın 30-da keçiriləcəyini bildirib. Bu gün ABŞ hökumətinin maliyyə ili başa çatır.

Həm demokratlar, həm də respublikaçılar şatdaunun qarşısını almaq istəyirlər. Şatdaun yüzminlərlə hökumət işçisinin evə göndərilməsi, federal ofislərin bağlanması deməkdir. Konqresin Büdcə Ofisi 2018-19-cu illərdəki şatdaunun iqtisadiyyata 11 milyard dollar başa gəldiyini bildirir.

Borc limitini qaldırmaq

Senatdakı demokratlar qanunvericiliyi qəbul edəcəklərini deyiblər. Bu, hökumətin dekabrın 3-dək işləməsi deməkdir. Nümayəndələr Palatası da Senatın ardınca səsvermə keçirəcək.

Layihədə əfqan qaçqınlar üçün 6.3 milyard, təbii fəlakətlərə qarşı yardım üçün 28.6 milyard dollar nəzərdə tutulur. Layihənin geniş dəstək qazanaraq Prezident Co Bayden tərəfindən imzalanacağı gözlənir.

Bu həftənin əvvəlində demokratlar respublikaçıların təkidilə hökumətin maliyyə öhdəliklərini davam etdirməsindən ötrü daha çox borclanmasına imkan verən hissəni layihədən çıxarmalı olub.

Maliyyə naziri Canet Yellen bu həftə Konqresə deyib ki, oktyabrın ortasınadək borc limitini qaldırmaq maliyyə böhranını və iqtisadi durğunluğu önləmək üçün vacibdir. Konqresin hər iki palatasında cüzi üstünlüyə malik demokratlar respublikaçıların səsi olmadan da borc həddini qaldıra biləcəklərini deyiblər.

Xərcləmə layihələri

Şatdaun təhlükəsi aradan qalxandan sonra demokratlar borc limitini qaldırmağa fokuslana, 1.2 trilyon dollarlıq infrastruktur planı və 3.5 trilyon dollarlıq xərc planını qəbul edə biləcəklər.

Bayden və demokrat konqresmenlər iki nəhəng xərcləmə layihəsini keçirməyə və borc limitini müəyyənləşdirməyə respublikaçıların dəstəyi olmadan nail olmağa çalışırlar.

Borc limiti layihəsi hökumətin borc almağı davam etdirməsi, iki xərcləmə layihəsi isə Bayden siyasəti üçün vacibdir. Layihələrdə korporasiyalar və zəngin amerikalılar üçün vergilərin artırılması, bu pulun hökumətin səhiyyə, təhsil və digər proqramları üçün istifadəsi nəzərdə tutulur.

Ağ ev layihələrin yalnız sosial proqramlara deyil, yolların və aeroportların bərpasına, iqlim dəyişikliyi ilə bağlı tədbirlərin dəstəklənməsinə xərclənəcəyini bildirir.

Fikir ayrılığı

Ancaq proqressiv və mərkəzçi demokratlar arasında ziddiyyətlər səbəbindən hər iki layihənin keçməyəcəyi ehtimalı var. Proqressivlər xəbərdarlıq edirlər ki, sosial xərcləmə və iqlim dəyişikliyi üzrə razılaşma əldə olunmayınca infrastruktur layihəsinin əleyhinə səs verəcəklər.

Respublikaçılar isə xərcləmə planını dəstəkləməyəcəklərini deyiblər, çünki demokratların sosial islahatlarında iştirak etmək istəmirlər.

Senatda azlığın lideri Miç Makkonnel demokratları “adamların cibindən pulu çıxararaq sosializmə xərcləmək” cəhdində ittiham edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG