Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Konqres hesabatı: Trump Rusiya ilə sövdələşməyə girməyib


ABŞ Nümayəndələr Palatasının aparıcı qurumlarından Kəşfiyyat Komitəsi Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair iddiaların təhqiqatının nəticələri barədə hesabatı açıqlayıb. Hesabatda Trump seçki kampaniyasının Rusiya ilə sövdələşməyə girmədiyi bəyan edilir.

Beləliklə, aprelin 27-də açıqlanmış 270 səhifəlik hesabat partiya mənsubiyyəti prinsipi ilə kəskin parçalanmış komitənin aylardır apardığı araşdırmaya son qoyub. Bu komitədə respublikaçılar çoxluq təşkil edirlər.

Komitənin demokrat üzvləri həmkarlarını Trump-ı himayə etmək və ABŞ kəşfiyyatnın tapıntılarını gözdən salmaq cəhdində ittiham ediblər. Respublikaçılar isə bildirirlər ki, ABŞ-ın kəşfiyyat orqanları ifrat siyasiləşib.

Hesabatda Trump kampaniyasının Rusiya ilə sövdələşməyə girmədiyi hökm edilsə də, sənəd Rusiyanın Birləşmiş Ştatlarda hakerlik, kiberhücumlar və Facebook kimi sosial şəbəkələr vasitəsilə çaşqınlıq və ixtilaf yaratmaq cəhdində bulunduğu təsdiq edilir.

Sənəddə qeyd olunur ki, Rusiya son on ildə Qərbə qarşı “informasiya müharibəsi” aparır.

Hesabatda habelə Trump kampaniyası Demokrartik Partiyanın serverlərinə və e-mail-lərinə müdaxilə etmiş WikiLeaks-lə əlaqələrinə görə tənqid olunur.

Bu hesabatın ictimaiyyət üçün açıqlanmalı versiyası kəşfiyyat orqanlarının ricası ilə ağır redaktəyə məruz qalıb. Belə bir redaktə respublikaçı millət vəkili Mike Conaway tərəfindən kəskin tənqid olunub. Millət vəkili daha çox təfərrüatların açıqlanmasının tərəfdarıdır.

Komitənin aparıcı demokrat üzvü Adam Schiff respublikaçı həmkarlarını müvafiq təfərrüatları nəzərə almadıqlarına görə tənqid edib.

Schiff deyib ki, respublikaçılar Trump kampaniyasının Rusiya ilə sövdələşdiyini aydın şəkildə göstərən məqamların üstündən sükutla keçiblər.

Konqres komitələrində aparılan üç ayrı-ayrı təhqiqatla yanaşı Rusiyanın seçki müdaxiləsini habelə xüsusi prokuror Robert Mueller araşdırır. Onun təhqiqatı indiyədək 19 nəfərə və üç şirkətə qarşı cinayət işlərinin qaldırılması ilə nəticələnib.

Barələrində cinayət işi qaldırılanların arasında Trump-ın keçmiş kampaniya başçısı və onun ilk milli təhlükəsizlik müşaviri də var. Müttəhimlərdən beşi təqsirlərini etiraf edib.

Sövdələşmə barədə ittihamları dəfələrlə rədd edən Trump Konqres komitəsinin hesabatını onun təqsirsizliyini göstərən sübut kimi alqışlayıb:

“İndicə Nümayəndələrin Kəşfiyyat Komitəsinin hesabatı açıqlanıb. Trump kampaniyasının Rusiya ilə “sövdələşməyə, koordinasiya və qəsdə girdiyinə dair heç bir sübut yoxdur”. Clinton kampaniyası Rusiyadan alınmış müxalif araşdırmaya haqq ödəyib! Tam bir əcinnə ovu – DƏRHAL DAYANDIRILMALIDIR!”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG