Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:07

ABŞ Konqresi Rusiya sanksiyaları haqqında ‘boş qətnamə’ qəbul edib


Oleg Deripaska ABŞ-ın sanksiya siyahısında qalır
Oleg Deripaska ABŞ-ın sanksiya siyahısında qalır

ABŞ Konqresinin Nümayəndələr Palatası rusiyalı oliqarx Oleg Deripaskaya bağlı şirkətlərin üzərindəki sanksiyaların qaldırılmasının dayandırılması haqqında qətnamə qəbul edib.

Yanvarın 17-də keçirilmiş bu səsvermə sırf simvolik xarakter daşıyırdı, çünki bundan bir gün əvvəl eyni məzmunlu qətnamə respublikaçıların çoxluğuna malik Senatdan keçməmişdi.

Beləliklə Oleg Deripaskaya bağlı şirkətlərin üzərindəki ABŞ sanksiyaları artıq yanvarın 18-dən etibarən qaldırıla bilər.

Demokratların çoxluğa malik olduqları Nümayəndələr Palatasında sözü gedən qətnamə 362-53 nisbəti ilə qəbul edilib. Bundan bir ay əvvəl ABŞ Xəzinədarlığı Deripaskaya bağlı əsas şirkətlərin üzərindəki sanksiyaları qaldıracağını elan etmişdi.

Bu şirkətlərin arasında alüminium nəhəngi Rusal, onun daxil olduğu En+ korporasiyası və EuroSibEnergo enerji firması var.

Səsvermədən əvvəl Konqresin Maliyyə Xidmətləri Komitəsinin rəhbəri, xanım Maxine Waters demişdi ki, “burada söhbət düşməndən gedir və biz başa çatmamış təhqiqatdayıq”.

Sözü gedən sanksiyalar ilk dəfə aprel ayında elan edilmişdi, lakin bu, qlobal metal bazarında təlatüm yaratmaqla, ABŞ və Avropa bizneslərinə mənfi təsir göstərmişdi. Rusal dünyanın ən böyük alüminium istehsalçılarından biridir.

Lakin təsir gücü olmadığına görə “boş qətnamə” hesab olunan bu sənədin habelə Trump-ın respublikaçı partiyasından olan millət vəkilləri tərəfindən də dəstəklənməsi bir çox konqresmenlərin Trump-ın Rusiya siyasətinə mənfi münasibətini nümayiş etdirir.

Konqresin Kəşfiyyat Komitəsinin respublikaçı üzvü Chris Stewart Twitter-də yazıb: “Bugün mən Rusiyanın müəyyən şirkətləri üzərinə sanksiyaların bərpasına səs verdim. Mən inanmıram ki, onlar zəruri olan tələblərə cavab verir. Mən prezidentlə razı deyiləm. Sanksiyalar qalmalıdır”.

Bundan əvvəl Kremllə sıx bağları olduğu düşünülən Deripaska sözü gedən şirkətlərdəki nəzarət səhm paketlərini satdığını bildirmişdi. Bu, şirkətlər üzərindən sanksiyaların qaldırılması üçün şərt idi. Deripaskanın özü ABŞ-ın sanksiya siyahısında qalır.

ABŞ maliyyə naziri Steven Mnuchin ötən həftə bu barədə Konqres qarşısında ifadə verərkən demişdi ki, Trump administrasiyası bu şirkətlərin üzərində nəzarəti saxlayacaq.

Kremllə əlaqələrindən başqa Deripaska həm də Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manafortun keçmiş biznes partnyorudur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG