Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Avqust, çərşənbə, Bakı vaxtı 08:54

Deputat kommunal sektorun özəl sektora verilməsini təklif edir


Bu il benzinin, suyun, qazın qiymət artımından sonra ictimaiyyət arasında, müxalif düşərgədə belə təklif səsləndi ki, dövlət şirkətlərindəki korrupsiya və qeyri-səmərəli idarəçiliyi araşdıran Dövlət Komissiyası yaratmaq gərəkdir. Onlar korrupsiya və qeyri-səmərəli idarəçiliyi qiymət artımında başlıca amil sayırlar.

“Belə bir komissiyanın müsbət nəticəsi olacağına inamım yoxdur”

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna xatırladıb ki, ölkədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də yaradılıb, amma buna baxmayaraq vəziyyət ağırlaşmaqda davam edib:

“Komissiya isə səlahiyyət nöqteyi-nəzərindən çox zəif qurumdur, o boyda idarə mübarizə aparır, amma öhdəsindən gələ bilmir, guya, hansısa komissiya yaradılanda qarşısını alacaq. Bəli, nəzəri baxımdan dövlət komissiyası yaratmaq mümkündür və nəzəri baxımdan da nəticələrin verə biləcəyini də düşünmək olar. Amma belə bir komissiyanın müsbət nəticəsi olacağına inamım yoxdur”.

Nemət Əliyev düşünmür ki, dövlət səviyyəsində komissiyanın yaradılması vəziyyəti yaxşılaşdıracaq:

“…Yaxud monopoliya və haqsız rəqabət istiqamətində vəziyyəti düzəldəcək. Onsuz da apellyasiya şuraları yaratdılar da, nəticəsi olmadı. İkincisi, onsuz da bütün dövlət qurumlarının vəzifəsidir ki, hansısa neqativ hallarla qarşılaşanda aradan qaldırsın. Məsələ ondadır ki, ölkədə anormal durum yaranıb, hansısa qurum yaranır və onlara səlahiyyət verilir, ardınca onlar da korrupsiya xəstəliyinə yoluxurlar.”

“Yalnız siyasi iradə ortalıqda olsa, müsbət nəticə alınar”

İqtisadçı hesab edir ki, yalnız siyasi iradə ortalıqda olsa, müsbət nəticə alınar :

“Həm də siyasi iradə bütün məsələlərə baxışında fərqli yanaşma ortalığa qoymalıdır. Məsələ ondadır ki, mövcud siyasi sistem korrupsioner, monopolist yetişdirir, cəmiyyətə neqativ olanları qidalandırır. Ona görə mövcud şərtlər altında hansısa komissiya yaradılsa, nəsə dəyişməyəcək. Əksinə, vəziyyət daha da ağırlaşacaq”.

“Özəl sektor isə həm xərcləri minimumlaşdırır... ”

Milli Məclisin üzvü, iqtisadçı Vüqar Bayramov isə məsələyə tamam fərqli rakursdan yanaşır. O, inkişaf etmiş ölkələrdə, xüsusən də Avropa İttifaqı ölkələrində olduğu kimi kommunal sektorun özəl sektora verilməsini təklif edir.

Onun fikrincə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bir sıra hallarda kommunal xidmətləri dövlət şirkətləri təklif edəndə rentabelliyi və səmərəsi yüksək olmur:

“Özəl sektor isə həm xərcləri minimumlaşdırır, həm də daha keyfiyyətli xidmətlər göstərə bilir. O baxımdan özəl kapitalın prosesə cəlb olunması daha məqsədə uyğundur”.

Deputat konkret olaraq istiliyin özəl sektora verilməsini mümkün sayır:

“Nəticədə büdcədən ayrılan vəsaitləri də minimumlaşdırmaq olar, eyni zamanda, optimal qiymətlər gündəmə gələr, həm də xidmətin keyfiyyətini də artırmaq olar. Ona görə də məqsədə uyğun olardı ki, burda dövlət-özəl tərəfdaşlığı gücləndirilsin. Özəl sektorun və bu sahədə təcrübəsi olan yerli, xarici şirkətlərin prosesə cəlb edilməsi yaxşı olardı”.

Xatırlatma

Bu il iyunun 30-da Tarif (qiymət) Şurası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında təbii qazın qiymətini artırıb. Qərara əsasən əhali abonentlərinin təxminən 51 faizini (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəy

işdirilməmiş və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanılıb: "İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilmişdir".

Qərar iyulun 10-dan qüvvəyə minib.

Bu vaxta qədər əhaliyə 2200 m3-dək qaz 10 qəpiyə, ondan artığı isə 20 qəpiyə satılırdı.Bundan əvvəl də ölkədə benzin təqribən 10, dizel 30, su isə100 faizə yaxın bahalaşıb.

Şərhlər

XS
SM
MD
LG