Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:19

Komissiya Dilqəm Əsgərov və Şahbaz Quliyevi ermənistanlı məhbuslarla dəyişməyə hazırdır


Şahbaz Quliyev və Dilqəm Əsgərov
Şahbaz Quliyev və Dilqəm Əsgərov

Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistana girovları dəyişməyi təklif edib.

Bu barədə Komissiyanın sentyabrın 18-də yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, belə təklif hələ 2016-cı ildə də verilib:

"Azərbaycan tərəflərdə saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılmasını aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə 2016-cı ilin aprelində Ermənistana təklif edib".

Lakin qeyd edildiyinə görə, qarşı tərəf Dilqəm Əsgərovla Şahbaz Quliyevin Ermənistan vətəndaşları olan Karen Kazaryan və Araik Kazaryanla qarşılıqlı mübadiləsinə Azərbaycan tərəfinin hazır olmadığı barədə açıqlamalar verib.

Komissiya Azərbaycanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etdiyini diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan bu il sentyabrın 7-də Rusiya Federasiyası və Ukrayna arasında əsirlərin “hamının-hamıya” mübadiləsinə uyğun olaraq Azərbaycanla Ermənistan arasında da əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bəyan edib.

Dilqəm Əsgərov və Şahbaz Quliyevi 2014-cü ildə Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələrinin girov götürdüyü bildirilir.

Onların yanında olan Həsən Həsənovunsa qətlə yetirildiyi açıqlanıb. Tanınmayan və Azərbaycan tərəfinin separatçı saydığı “Dağlıq Qarabağ Respublikası”nın məhkəməsi Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.

2018-ci ilin iyulun 15-də Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın kəşfiyyat-diversiya qrupunun dövlət sərhədini keçməyə cəhd göstərməsi haqda xəbər yayıb.

Xəbərdə qeyd edilirdi ki, həmin qrup dövlət sərhədinin Qazax rayonu istiqamətində qoşunların təmas xəttini keçməyə çalışıb.

Nazirlik təxribat cəhdinin qarşısının alındığını, qarşı tərəfin itkilər verərək geri çəkildiyini, qrupun bir üzvünün əsir götürüldüyünü bildirmişdi. Məlumatda əsirin 1984-cü il təvəllüdlü Karen Kazaryan olduğu vurğulanırdı.

Həmin vaxt AzadlıqRadiosunun erməni xidməti isə bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirmişdi ki, Tavuş rayonunun sakini olan 1984-cü il təvəllüdlü Karen Kazaryan heç vaxt orduda xidmət etməyib.

Bu ilin avqust ayında isə Azərbaycan tərəfi erməni əsgərin Füzuli rayonundakı hərbi mövqe yaxınlığında saxlanması və onun “fərariliyinin qulluq etdiyi hərbi hissədəki qeyri-insani rəftarla bağlı olmasına” dair bəyanat yayıb.

Azərbaycan tərəfi əsgərin saxlandığını bildirib.

Ermənistan tərəfi isə əsgərin xidmət etdiyi hərbi hissədə qeyri-insani rəftarla rastlaşması haqqında deyilənləri təsdiq etməmişdi. Onun azaraq Azərbaycan tərəfə keçdiyi bildirilirdi.

Xatırlatma

Hazırda Azərbaycan və Ermənistan silahlı qüvvələri Qarabağ münaqişəsi ilə bağlı üz-üzə dayanıb.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə yaranıb.

Tərəflər arasında 1994-cü ildə imzalanan atəşkəs sazişinə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitşik 7 rayonu (onlardan biri də Kəlbəcər rayonudur) işğal edilib.

Bu münaqişə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə tənzimlənir.

ABŞ,Rusiya və Fransa qrupda həmsədirdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG