Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:59

Komissiya üzvü: 'Dedim, əlimin kəsilməyinə, lap boynumun vurulmasına...'


M.Mirzəyev
M.Mirzəyev

Sosial şəbəkələrdə 79 saylı İmişli seçki dairəsinin 21 saylı məntəqəsinin komissiya üzvü Mübariz Mirzəyev adından Mərkəzi Seçki Komissiyasına (MSK) ünvanlanan məktub yayılıb. Həmin müraciətdə onun saxtakarlığa etiraz olaraq səsvermənin nəticələrinə dair protokolu imzalamaqdan imtina etdiyi bildirilir.

İmişli rayonunun Mürsəlli kəndində yaşayan M.Mirzəyev AzadlıqRadiosuna müsahibəsində bu məktubun həqiqiliyini təsdiqləyib: «Mən səsvermənin nəticələrinə dair protokolu imzalamamışam. Ona görə ki, sənədə namizədlərin topladıqları səsləri düz yazmamışdılar. Seçkidən bir neçə gün sonra eşitdim ki, protokola mənim əvəzimdən imza atılıb. Buna görə MSK-ya və dairə seçki komissiyasına (DSK) rəsmi qaydada müraciət etdim».

«Buna qəti etiraz etdim»

M.Mirzəyev deyib ki, səsvermə günü məntəqədə yaşanan sağlam ab-hava protokol məsələsi ortaya gələndə pozulub: «Səsvermə normal keçmişdi, səslər də dübbədüz sayılmışdı. Qutudan 209 bülleten çıxmışdı. 1-i korlanmışdı, onu hamıya göstərib etibarsız hesab etdik. Qalan 208 bülleten üzrə namizədlərin hər birinin topladığı səslər də elan edildi. Razi Nurullayevin 34 səsi vardı. Amma protokolda ona 183 səs yazıldı. Buna qəti etiraz etdim. Dedim, əlimin kəsilməyinə, lap boynumun vurulmağına razı olaram, amma belə saxta sənədə qol qoymaram. Protokol surəti verilmədiyi üçün müşahidəçilər də narazı qaldı».

Komissiya üzvü habelə bildirib ki, MSK 79 saylı dairə ilə bağlı şikayətləri araşdırdığı bir vaxt ondan bu yazdıqlarından imtina etməsi xahiş olunub:

«Üstümə xeyli minnətçi göndərdi»

«Dairə komissiyası əvvəl buna əhəmiyyət verməmişdi. Amma MSK araşdırma aparanda üstümə xeyli minnətçi göndərdi. Komissiya sədri, ağsaqqallar, seyidlər... Fikrimdən dönməyəcəyimi bildirdim. Şirnikləndirici təklif olunanda qapımdan qovdum».

79 saylı İmişli seçki dairəsindən qeydə alınan namizəd İlqar Hüseynli də M.Mirzəyevin addımını təqdir edir: «Əslində, o məntəqənin qalibi mən olmuşam. Nəticələr saxtalaşdırılıb. Üstəlik, komissiya üzvü adından da saxta imza edilib. Mübarizin bu addımı bir ifşadır...».

20 saylı məntəqə seçki komissiyasının sədri Tahir Soltanov isə vurğulayıb ki, protokolu M.Mirzəyevin özü imzalayıb. Üstəlik, onun qeyd etməsinə görə, nəticələr saxtalaşdırılmayıb:

Sədr: «Protokoldakı imza da onun özünündür»

«Orada səslər sayılandan sonra namizədlərinin nəticəsindən pərt olan müşahidəçilər qarışıqlıq yaratdı. Onlar hətta bir-birləri ilə savaşdılar. Biz onları heç cür sakitləşdirə bilmədik. Bu, o rəyi yaradır ki, guya komissiya saxtalaşdırma edib, protokol tərtib etməyib, surətini də müşahidəçilərə verməyib. Əslində isə, hər şey qanuna müvafiq olub. Mübariz həmkəndlim, həm də qohumumdur. Protokoldakı imza da onun özünündür. Bilmirəm niyə belə yazıb? Həqiqətən qapısına gedib ona təklif etdik ki, bu fikrindən daşınsın. Komissiyanın bütün digər üzvləri, bəzi namizədlər və müşahidəçilər onun bu dediklərini təkzib edən izahatlar veriblər. Amma məntəqə üzrə nəticələrin etibarsız sayılmasında Mübarizin məktubu rol oynadı».

M.Mirzəyevin açıqlamasına 79 saylı İmişli seçki dairəsinin dairə seçki komissiyasının sədrindən isə, hələlik, münasibət almaq mümkün olmayıb.

79 saylı İmişli seçki dairəsindən Razi Nurullayev lider namizəd elan edilib. Qeydə alınmış bir neçə namizədin şikayəti əsasında MSK bu dairənin 5 məntəqəsinin nəticələrini ləğv edib. Onlardan biri də haqqında bəhs edilən 21-ci məntəqədir. Amma bütün bunlar dairə üzrə yekun nəticəyə təsir etməyib. Şikayətçi namizədlər - İlqar Hüseynli və Murad Fərzəliyev digər bir neçə məntəqədə də oxşar pozuntuya yol verildiyini iddia edirlər. Bu iddialara yaxın vaxtlarda Bakı Apellyasiya Məhkəməsində baxılmalıdır.

Hələlik, səslənən bu iddialara R.Nurullayev və MSK-dan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olub. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG