Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Kokain məsələsi üzrə rusiyalı şübhəli Almaniyada saxlanıb


Argentina polisi Rusiya səfirliyində tapılmış kokaini müayinə edir
Argentina polisi Rusiya səfirliyində tapılmış kokaini müayinə edir

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) 400 kiloqram kokaini Argentinadan Moskvaya gətirməyə cəhddə şübhəli bildiyi şəxs Almaniyada saxlanıb.

Bu barədə məlumatı polis və Andrey Kovalçukun vəkili Vladimir Jerebenkov veriblər.

Vəkil bildirib ki, onun müdafiə etdiyi şəxs martın 1-də Berlin yaxınlığında Almaniya polisi tərəfindən saxlanıb.

Interfax Rusiyanın Berlindəki səfiri Denis Mikerinə istinadən xəbər verir ki, Moskva Kovalçukun ekstradisiyasını rica edib və bu proses bir neçə həftə çəkə bilər.

Rusiya hakimiyyət orqanları Rusiyanın Argentinadakı səfirliyinin anbar ərazisində aşkar edilmiş kokain dolu 16 çamadanla bağlı qəribə işdə Kovalçuku əsas şübhəli hesab edir. Bu qədər kokainin küçə satışı 60 milyon dollar gəlir gətirə bilərdi.

Argentinanın təhlükəsizlik naziri Patricia Bullrich ötən həftə bildirib ki, çantaların içərisində olan 389 kiloqram kokain 2016-cı ilin dekabrında Rusiya səfirindən və FTX-nin üç zabitindən alınmış informasiya əsasında aşkar edilib.

O deyib ki, bu “Argentinada indiyədək baş vermiş ən mürəkkəb və fövqəladə narkotik əməliyyatlarından” biri olub.

Nazirin sözlərinə görə, kokain unla əvəz edilərək 2017-ci ildə Rusiyaya göndərilib. Bu yükü qəbul etməyə gəlmiş iki nəfər isə həbs ediliblər. Bullrich bildirib ki, onun yalnız K hərfi ilə adlandırdığı şübhəli şəxs, iddia edildiyinə görə kokainin alınıb səfirliyə gətirilməsinə cavabdeh olub.

FTX bunu da bildirib iki ölkənin birgə kerçirdiyi əməliyyatın nəticəsində ümumilikdə Rusiyada üç, Argentinada iki şübhəli həbs olunub.

Amma bu işin təşkilatçısı sayılan şəxs - Argentinadakı Rusiya səfirliyinin keçmiş texniki işçisi Andrey Kovalçuk Almaniyada yaşadığına görə həbs üçün beynəlxalq axtarışa verilmişdi.

Lakin martın 2-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Kovalçuk heç vaxt nə XİN sistemində, nə də Argentinadakı səfirlikdə işləməyib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Kremlin Kovalçukun həbsi barədə heç bir informasiyaya malik olmadığını deyib.

Kovalçukun vəkili Vladimir Jerebenkov fevralın 27-də deyib ki, onun müdafiə etdiyi şəxs çamadanları səfirlikdə 2016-cı ildə qoyub və onların içində kokain yox, kofe, spirtli içkilər və başqa şeylər olub.

Rusiyanın dövlət və müstəqil mediası fevralın 28-də bildiriblər ki, Jerebenkov bu əməliyyatın ABŞ kəşfiyyatı və Argentina polisi tərəfindən Rusiya səfirlyini ləkələmək üçün keçirildiyini iddia edib.

Jerebenkov öz iddiasının təsdiqi üçün heç bir sübut təqdim etməyib. O deyib ki, Kovalçuk Rusiyaya gəlib istintaqla əməkdaşlıq etməyə hazırdır və təqsirsizliyinin isbat edilməsini və həqiqətin üzə çıxmasını istəyir.

Eyni zamanda fevralın 28-də Berlində mənzillənmiş rusdilli RTVD telekanalı həm də “baron Konstantin von Bossner” kimi tanınan Rusiya biznesmeni Konstantin Loskutnikovla müsahibənin bir parçaslını efirə verib. Bu müsahibədə Loskutnikov bildirir ki, Kovalçuku bir neçə il bundan əvvəl ona Rusiya təhlükəsizlik xidmətinin polkovniki kimi təqdim ediblər. Bu şərhin həqiqliyini müəyyənləşdirmək mümkün olmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG